Qiymətləri endirib sərnişinlərin sayını artırmaq lazımdır

Belə daha çox gəlir əldə etmək olar
Bunun üçün də alternativ qatar sisteminə keçmək lazımdır


Azərbaycanda xarici ölkələr üzrə qatar səfərlərinin qiyməti bahalaşıb. Bununla bağlı ictimaiyyətdə müxtəlif fikirlər səslənir. "Azərdəmiryol” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov azvision.az-a açıqlamasında bu faktı təsdiqləyib: "Ölkəxarici səfərlər üçün gediş haqlarının qaldırılması barədə yayılan xəbərlər doğrudur. Amma bildirim ki, ölkəxarici biletlərin qiymətlərini biz tənzimləmirik”.

Yalnız ölkədaxili səfərlərin gediş haqlarının "Azərbaycan Dəmir Yolları” tərəfindən tənzimləndiyini söyləyən qurumun mətbuat sözçüsü "AzərDəmirYol”un MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvü olduğunu və bu Şuraya Rusiyanın başçılıq etdiyini vurğulayıb: "Biletlərin qiymətini də "Rusiya Dəmir Yolları” tənzimləyir. Ola bilir ki, bu qiymətlər qalxır, elə də olur ki, düşür. Ölkədaxili qiymətlər isə "Azərbaycan Dəmir Yolları” tərəfindən tənzimlənir”.

"Xarici qatar səfərlərinin qiymət artımı ölkənin daxili qatar sənişin daşınması tariflərinə təsir etməyəcək. Qətiyyən aidiyyəti yoxdur. Hər şey normaldır. Buna heç bir şəkildə ehtiyac yoxdur. Yalnız yeni texnologiyaların tətbiqi zamanı artıq texnoloji xərclər nəzərə alınaraq qiymətlərin artımı istisna edilmir. Müəyyən müddət sonra isə həmin qiymətlər yenidən enir”. Bu fikirləri "Şərq”ə nəqliyyat üzrə iqtisadçı-ekspert Zahid Məmmədov açıqlayıb. Onun sözlərinə görə, qiymətlər xidmətlərin keyfiyyətindən asılıdır: "Hansı qatar xidmətinə və qiymətinə görə münasibdirsə, sərnişinlər ondan istifadə edirlər. Məsələn, Moskva-Leninqrad istiqaməti üzrə 30 qatar gedir. Bu qatarlarda xidmətlərdəki seçim üzrə biletlərin qiymətləri minimum 100-dən başlayaraq (3000 rubl), 433 (15000), 520 dollara (18000 rubl) dəyişir. Bu xidmətlərə istəkdən asılı olaraq biletlərə yemək, super yataq, içki növlərindən isə "vodka və konyak” verilir”.

Z.Məmmədovun fikrincə, yayda daha çox Rusiyada yaşayan azərbaycanlıların istirahət üçün vətənə gəlmələri də qiymətə təsir edən amillərdən biridir: "Biz qiymətləri endirmək və həmin şəxslərin vətənə qayıtması üçün şərait yaratmaq əvəzinə, əfsuslar, qiymətlər qaldırılır. Əksinə, qiymətləri endirib sərnişinlərin sayını artırmaqla daha çox gəlir əldə etmək mümkündür. Bunun üçün də alternativ qatar sisteminə keçmək lazımdır. Xidmət keyfiyyətini artırmağa çalışmaqla bərabər qiymətlərin də endirilməsi düşünülməlidir”. İqtisadçı-ekspert, həmçinin ölkəxarici səfərlərin qiymət məsələsini tənzimləmək üçün adıçəkilən ölkələrlə, xüsusilə, Rusiya Dəmir Yolları ilə danışıqlar aparılmasını təklif edib: "Bunu onlara izah etmək lazımdır”.

Vüqar Şahinoğlu