“Məişətimizdə azərbaycançılıq daha çox milli mentalitetlə bağlıdır”

Əhməd Qəşəmoğlu: “Azərbaycançılığın müsbət tərəfləri həm də ondadır ki, ölkədə olan müxtəlif etnik xalqların bir araya gəlməsinə kömək edir”



Azərbaycan xalqının özünəməxsus spesifik xüsusiyyətlərə malik olan zəngin məişəti var ki, bir sıra özəlliklərinə görə fərqlənir. Ən başlıcası, sözügedən məişət tərzi dolğun, mükəmməl və bir-birini tamamlaya biləcək səviyyədə özünü göstərir. Məhz bunun nəticəsidir ki, bir sıra Qərb ölkələrində Azərbaycan xalqının məişət tərzində olan yaxşı xüsusiyyətlərə rəğbət hissi var. Həmçinin, bizdən bir çox hallarda örnək götürürlər. Məsələ ondadır ki, Azərbaycan ailələrində valideynlərin uşaqların təlim-tərbiyəsində xüsusi rolu var. Həmin rol ondan ibarətdir ki, valideynlər mümkün olduğu qədər uşaqları zərərli vərdişlərdən uzaq tutmağa çalışır. Məsələn, bütün valideynlər çalışır ki, övladları siqaret çəkməsin, spirtli içki içməsin, qumar oynamasın, oğurluqla məşğul olmasın, yalan danışmasın, böyük-kiçik yeri bilsin, nizam-intizamdan kənara çıxmasın və s. Bir növ, bütün bu deyilənlər Azərbaycan məişətinin başlıca kredosuna çevrilib. Digər tərəfdən, Azərbaycan ailələrində uşaqlar tərbiyə olunarkən valideynə bağlılıq xüsusi önəm kəsb edir. Yəni valideyn yaşa dolub əldən düşəndən sonra övlad onun qulluğunda durmağı özünə mənəvi borc sayır.

O cümlədən, uşaq yetkinlik yaşına çatıb evlənəndə mütləq valideynlə məsləhətləşib qərar verir. Bu da nəticə etibarilə yanlış nəticələrin baş verməsinin qarşısını alır. Yaxud da uşaq böyüyüb evlənsə belə, bu heç də o demək deyil ki, ataya-anaya diqqət azalmalıdır. Sadalanan bu xüsusiyyətlərin bir çoxu Avropa ölkələrində yoxdur. Onlar üçün valideyni ahıl yaşında qocalar evinə qoymaq adi bir şeydir. Bunun kökü də həmin ölkələrin özünəməxsus məişət tərzinin olması ilə əlaqədardır. İş ondadır ki, Avropa dövlətlərində əksər hallarda uşaqların sərbəst böyüməsinə daha çox üstünlük verilir ki, bu da bir sıra hallarda ciddi sosial fəsadlarla müşayiət olunur. Məsələn, cavanların narkotikə qurşanması, əyyaşlığın vüsət alması məhz aşırı sərbəstlikdən qaynaqlanır. Etiraf etmək lazımdır ki, son yüz ildə dünyada gedən proseslər bizim məişətimizə də təsirsiz ötüşməyib. Xüsusən son 20 ildə Qərb dövlətləri ilə sıx əlaqələrin yaranması müəyyən adətlərin deqradasiyasına gətirib çıxarıb. Bütün bunlara rəğmən, xalqımız sahib olduğu milli məişətin əsas sütunlarını qoruyub saxlaya bilib. Bu da ondan irəli gəlir ki, məişətimizin kökündə azərbaycançılıq məfhumu dayanır. Çünki bütün zamanlarda mədəniyyətimizin, ədəbiyyatımızın, musiqimizin, incəsənətimizin, ictimai fikrimizin içində böyük bir azərbaycançılıq ideologiyası yaşayıb. Necə deyərlər, sözügedən ideologiyanı yaradıb təbliğ edənlər məfkurə adamları olub. Baxmayaraq ki, onlar zaman-zaman bir sıra çətinliklərlə üzləşib. Çar Rusiyası dövründə də, sovet dönəmində də azərbaycançılıq ideyasını yayan ziyalılar, fikir adamları təqib edilib, həbs düşərgələrinə atılıb. Bu müqəddəs hissi bizə yadlaşdırmağa çalışıblar, lakin yaddaşdan-yaddaşa ötürülən azərbaycançılıq ideologiyası bütün qadağaları adlayaraq günümüzə gəlib çıxıb. XIX əsrin ortaları, XX əsrin əvvəllərində yaşayıb fəaliyyət göstərən görkəmli azərbaycanlıların azərbaycançılıq məktəbi geniş şəkildə təbliğ olunmalıdır. Bu ideya müxtəlif yazıçı-şair, ədəbiyyatşünas, ictimai-siyasi xadimlərin əsərlərində geniş şəkildə əks olunub. Özümüzü dünyaya tanıtmağımız vacibdir. Bu işləri təkbaşına görmək çətindir. Ona görə də azərbaycançılıq ideologiyasını tərənnüm eləmək və təbliğatını sənət vasitəsilə həyata keçirmək üçün biz birgə çalışmalıyıq. Bizdən öndə olanlarla birgə layihələr işləməyə çalışmalıyıq. Məişətdə azərbaycançılığın oturuşması bu sahədə mövcud olan bir sıra problemlərin həllinə təkan verə bilər. Azərbaycançılıq ideologiyasının, fikrinin Azərbaycan vətəndaşları və bütün azərbaycanlılar arasında yayılması, oturuşması üçün çox işlər görülməlidir. Şəxsən mənim üçün bu ideologiya mənsub olduğum bu xalqı, doğulduğum bu torpağı sevməkdir, onun milli-mənəvi dəyərlərini yaşatmaq və təbliğ etməkdir. Azərbaycanlı kimdir? Bu suala kənardakıların müsbət şəkildə yanaşması üçün sənin davranışın, sənin əxlaqın, dünyagörüşün, intellektin, başqa xalqlara, dünyaya münasibətin gözəl olmalıdır. O üzdən, azərbaycançılıq ideologiyası bir fəlsəfi yanaşma, dünyagörüşü, tərz kimi ortalıqda bərqərar olmalıdır. Azərbaycan sözünü sevmək onun tarixini, dilini, torpağını sevib təbliğ etməkdir, küll halında azərbaycançı olmaqdır. Bu gün, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayanların hamısı azərbaycanlıdır. Bizdə heç zaman ayrıseçkilik qoyulmayıb. Bu ölkə həm talışın, həm kürdün, həm ləzginin, həm avarın, həm də burada yaşayan digər azsaylı xalqlarındır. Bu ölkənin var olmasını, bu mədəniyyətin yaşamasını istəyiriksə, hamımız birmənalı şəkildə azərbaycançılıq ideyasının, ideologiyasının yanında olmalıyıq. Təbii ki, şüarlarla deyil, işimizlə, əməlimizlə, davranışımızla, millətimizə, dövlətimizə xidmətimizlə. Bu gün bizim müxtəlif xarici ölkələrdə gənclərimiz var ki, dünyanın ən nüfuzlu universitetlərində təhsil alır. Yaxud buradan gedib xaricdə yaşayan insanlar var. Onların heç də hamısı milliyyətcə azərbaycanlı deyil, amma hər birinin içində böyük bir Azərbaycan sevgisi yaşayır. Ona görə də hər birimizin əsas vəzifəsi, işi azərbaycançılıq ideologiyasına xidmət etməkdən ibarət olmalıdır. Azərbaycançı olmaq bir yaşam tərzinə çevrilməlidir. Bu torpaqda doğulan, nəsli burada inkişaf edən, Azərbaycanı sevənlər əməldə, işdə azərbaycançılıq ideologiyasının ətrafında birləşməlidir. Çünki azərbaycançılıq nə türkçülüyü inkar edir, nə də etniklərin varlığını. Bu ideya Azərbaycanda yaşayan hər bir vətəndaşın öz həyatını istədiyi şəkildə yaşaması üçün şərait yaradır. Azərbaycan həmin o müxtəlifliklərilə zəngindir.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, ölkəmiz Şərq və islam dünyası ilə vəhdətdə götürüləndə azərbaycanlıların milli məişəti çox zəngindir. Xüsusən də övlada, uşağa münasibətdə fərqlər yetərincə çoxdur. Danmaq olmaz ki, Azərbaycan ailəsində həqiqətən də yüksək tərbiyə normaları var. Halbuki, bir çox xalqlarda bu deyilənlər yoxdur. Böyüyə hörmət, insanpərvərlik kimi nəcib keyfiyyətlər bizim qədim ənənələrdən gəlir. Bu ənənələrin kökündə də xalqımızın mütərəqqi ailə tərbiyəsi vərdişləri dayanır. Qloballaşan dünyada bu ənənələri qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək asan məsələ deyil. Bizdə humanizm, insanpərvərlik ailədə uşaqlara çox yaxşı aşılanır. Bu da, öz növbəsində, məişətimizdə azərbaycançılığın hakim olmasına kömək edir. Unutmaq olmaz ki, Azərbaycan xalqına məxsus olan nəcib tərbiyəvi dəyərlər bir gündə formalaşmayıb. İllərin keşməkeşlərindən, sınağından keçərək bu günlərə gəlib çıxıb. Ona görə də məişətdə azərbaycançılığın təbliği, gənc nəslə çatdırılması prioritet məsələ olmalıdır. Maraqlıdır, bütün bu sadalananların fonunda məişətdə azərbaycançılığın təbliği ilə bağlı vəziyyət necədir? Sözügedən məsələ ilə bağlı hansı işlərin görülməsinə bu və ya digər dərəcədə ehtiyac var?

Məsələyə münasibət bildirən tanınmış sosioloq Əhməd Qəşəmoğlu bunu bir neçə prizmadan dəyərləndirib: "Hər bir xalqın həyatında onun mənsub olduğu adət-ənənə, mədəniyyət çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycançılıq ideyası deyəndə, bu xalqa xas olan adət-ənənələr, min illərin sınağından çıxan dəyərlər nəzərdə tutulur. Eyni zamanda, bu, formalaşmış bir mədəniyyəti özündə ehtiva edir. Bu baxımdan, əsrlərdən bəri xalqımız hər zaman öz mədəniyyətinə sahib çıxıb, onu inkişaf etdirib. Vətənə, torpağa bir bağlılıq olub. O da məlumdur ki, son vaxtlar azərbaycançılıq ortada olan ən populyar ideyalardan biridir. Bununla bağlı çoxsaylı fikirlər, mülahizələr səslənir. Ancaq burada bir məqamı nəzərə almaq lazımdır ki, azərbaycançılıq özü məqsəd ola bilməz. Sözügedən ideya bir vasitədir. Məqsəd ölkənin, xalqın tərəqqisidir. Yəni biz fikirləşsək ki, bizim ən böyük məqsədimiz azərbaycançılıq ideyasını həyata keçirməkdir, bu, dolaşıq və bir qədər mücərrəd görünər. Çünki orada aydın məqamlar olmalıdır. Ona görə də məsələyə kompleks yanaşmaq lazımdır. Məişətimizdə azərbaycançılığın özünü göstərməsi daha çox xalqın milli mentalitetilə bağlı məsələdir. Azərbaycançılığın müsbət tərəfləri həm də ondadır ki, ölkədə olan müxtəlif etnik xalqların bir araya gəlməsinə kömək edir. Onları bir arada birləşdirməyə qadirdir”.

Ə.Qəşəmoğlu hesab edir ki, azərbaycançılıq məsələsində elə məqamlar var, onları bir-biri ilə qarışdırmaq olmaz: "Məsələ ondadır ki, bizim dilimiz türk dilidir. O baxımdan, azərbaycançılıq deyəndə pis mənada bunları bir-birinə qarışdırmamalıyıq. Bir var Azərbaycan mədəniyyəti, bir də var dili. Azərbaycan mədəniyyəti bu ölkədə yaşayan müxtəlif etnik qrupların qarşılıqlı əlaqəsi nəticəsində formalaşır. Ancaq bundan fərqli olaraq, Azərbaycan dili yalnız türk dili ənənələri əsasında formalaşıb. Yəni Azərbaycanda yaşayan etnik qrupların dili əsasında formalaşmayıb. Ona görə də Azərbaycan mədəniyyəti, dili məsələsinə bir qədər həssas yanaşmaq lazımdır. Bütün bu deyilənlərin fonunda, dövlətçilik baxımından bizim ümumi mədəniyyətimiz üçün azərbaycançılıq ideyası daha əlverişlidir. Bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycan mədəniyyəti aparıcı türk mədəniyyəti ətrafında formalaşan, stabilləşən bir mədəniyyətdir. Bunlar da fərqli-fərqli şeylərdir. İndiki vaxtda bu istiqamətdə müəyyən aydınlaşmalar getməkdədir. Çünki hər bir ideya ortaya atılanda, o ideya heç də hamı tərəfindən dərhal dərk olunmur. Get-gedə bu ideya cilalanıb formalaşır. Hesab edirəm ki, zaman keçdikcə, azərbaycançılığın ölkə məişətində daha dolğun şəkildə özünü göstərməsinin şahidi olacağıq”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb