“Aqşini qızı İzel xilas elədi”

Aysel Əlizadə: “Mən ondan gələn heç bir zərbəyə artıq təəccüblənmirəm”



Yazar Aysel Əlizadə "publika.az” saytına geniş müsahibə verib. O, müsahibəsində keçmiş həyat yoldaşı, hazırda xəstə yatağında olan şair Aqşin Yeniseydən də danışıb. Müsahibəni ixtisarla təqdim edirik.

-İcazənlə, şəxsi sual verim. Əslində, şəxsi sayılmaz. Bax, sən də sərbəst düşüncəli adamsan, keçmiş həyat yoldaşın Aqşin Yenisey də. Azadlıq barədə düşüncələriniz də üst-üstə düşürdü. Niyə sizin izdivac alınmadı? Yoxsa, iki yaradıcı adamın bir yerdə yaşaması mümkün deyil?

- Niyə ki, mümkündür. Qarşılıqlı minnətdarlıq hissi olsa ki, "həyatımda var olduğun üçün, məni sevdiyin üçün sənə minnətdaram”, yəni, belə bir münasibət qurulsa, izdivac uzun sürür. Yox, əgər belə yanaşırsa ki, "məni sevmək və anlamaq hamının borcudur”, o zaman bir gün səni sevən adamların da sevgisi tükənir. Ümumiyyətlə, mən qarşılıqlı sevgiyə inanmıram.

- Yəni tərəflərdən biri daha çox sevir?

- Yox. Sevgi ya var, ya yoxdur. Daha çox-daha az sevgi olmur. Əgər insan hiss edirsə ki, onu az sevirlər, deməli, onu sevmirlər. Deməli, əslində, bu, başqa münasibətdir: ya adamın boynuna düşüb, ya nəyinsə xətrinə münasibəti kəsmir, ya da bioloji faktorlar, qan qohumluğu amili ola bilər. Amma sevgi deyil.

- Yəni, səncə, Aqşin səni sevmirdi?

- Məncə, yox.

- Aysel, Aqşindən söz düşmüşkən, onun xəstəliyi ilə bağlı məsələdə diqqət həm də sənin üzərinə yönəldi. Sənin narahatlığını, şairi xəstəxanaya aparmağını, çətin anda onun yanında olmağını fərqli dəyərləndirənlər oldu. İstəyirəm, bu məsələyə aydınlıq gətirəsən. Niyə Aqşini ölümdən xilas elədin?

- Onu mən xilas eləmədim, Aqşini qızı İzel xilas elədi. "Erkekler” kitabının tanıtımıyla bağlı İstanbula getməliydik, qızımı da aparmaq üçün atasının razılığı tələb olunurdu. Sənədi düzəltdirmək üçün Aqşinə zəng vurdum, hiss elədim ki, səsi yaxşı gəlmir. Tələbəlikdən tanışıq və səsindən başa düşdüm ki, vəziyyəti ağırdır. Düzdür, dedi ki, sənədi düzəldər, indi başqa yerə getməlidir. Etiraz elədim ki, bu halda heç yana getməsin. Sənəd-filan yadımdan çıxdı. Gecə əmisinə yazdım ki, Aqşin yaxşı deyil. Səhər təkrar özünə zəng vurdum, gördüm, öskürür. Dedi, gecə təcili yardım çağırmalı olub. Dedim, gözlə gəlirəm. Anamla getdim ki, ehtiyac olsa, yanımda kömək üçün kimsə olsun. Qapını açanda anam da, mən də şoka düşdük. Bəlkə də, Aqşin anamı tanımadı. Yataqda təmtək uzanıb canıyla əlləşirdi. Hər an nəsə ola bilərdi. Bilmirdim neynim, onu o şəkildə qoyub gedə bilməzdim. Məəttəl qaldım ki, hanı o adamlar, yaxınları onu bu şəkildə niyə qoyub gediblər? Sənə yazdım, İradə xanıma - İradə Tuncaya yazdım. Dedi ki, əsas onu xəstəxanaya aparmaqdı, qalanını həkimlər edəcək. Ən yaxın adamlara zəng etdim, həkim tapdıq, Aqşin razılaşmadı. Evində yeməyə heç nə yox idi, xırda-para bazarlıq edib yemək bişirdim. Axşam saat 10-da qayıtdım evə. Səhər yenə zəng vurdum, bir az əsəbi formada dedi ki, nə istəyirsən, getməyəcəm həkimə. Qorxutdum onu, daha doğrusu, düzünü dedim ki, rəngin qaralıb, gözün sapsarıdır, vəziyyət yaxşı deyil. Razılaşdı. Qalanını özünüz bilirsiniz.

- Motivin nəydi, Aysel? İnsanlıq borcuydumu, dostluqdumu, yoxsa Aqşinin qızının atası olduğunu düşünüb elədin bunu?

- Ümumiyyətlə, biz təmənnasız insani münasibət görəndə təəccüblənirik. Ona görə də altqat axtarırıq. İndi deyirlər, Aysel hələ də Aqşini sevir...

- Və ya divident qazanmaq istəyir.

- Divident ümumiyyətlə söz konusu deyil. Mən niyə Aqşinlə özümə diqqət çəkim ki? On səkkiz yaşımdan bu ölkədə öz işimlə tanınıram. Heç kəsi qaralamamışam, heç kəsin bostanına daş atmamışam. Xüsusi ajiotaj yaratmaq fikrim olmayıb. Bir də ki, o vəziyyətdə bu barədə düşünmək mümkündürmü? Gözünün qarşısında bir insan ölür. Ona qədər məsələni mətbuata çıxarmadım. Adamı qucağımda maşına qoyub xəstəxanaları gəzirdik. Sonuncu məqamda mediaya danışdım, çünki Aqşini xəstəxanaya götürmək istəmirdilər. İkincisi də, məni heç kəsin bu məsələyə münasibəti maraqlandırmır. Heç Aqşinin özünün də. Çünki Aqşinin özünə qalsa, mən gərək heç onun adını da çəkməyəydim. Çünki buna yer qoymamışdı. Digər tərəfdən, övladımın atasıdır və məndən sonra İzelə bioloji olaraq ikinci ən doğma adamdır.

- Növbəti ağrılı sual verəcəm. Bütün bunlardan sonra Aqşinin son müsahibəsində "bir oğlum var” deyib, İzeli unutması nəylə bağlıydı? Təəccübləndin?

-Yox. Mən ondan gələn heç bir zərbəyə artıq təəccüblənmirəm. Dediyi heç nəyə fikir də vermirəm. Sadəcə, sağlamlığı ilə maraqlanırdım. Türkiyəyə getməzdən öncə bəzi ehtiyaclarıyla bağlı ona baş çəkmişdim, yaxşı idi.

- Yəni, sənə münasibətində aqressiya-filan yox idi?

- Qətiyyən. Əksinə, mənim yanımda rahat olurdu. Amma son müsahibəsində gördüm ki, boynuna yeni aparat bağlayıblar. Görünür, vəziyyəti pisləşib. Bundan narahat oldum. Amma o nə danışır, niyə danışır, buna fikir vermirəm. Bununla belə, kənar rəylər məni incidir, bilmirəm niyə, amma incidir...

- İzel atasını soruşur?

- Soruşmur e. Çox həssas uşaqdır. Amma başa düşür ki, vəziyyət necəsə başqa cürdü. Bir ildi ki, münasibət yoxdu deyə evdə onun adını çəkmirəm.

- Münasibət niyə yoxdu ki? Uşaqla görüşməyinə qadağa qoymusan?

- Səncə, mən belə qadağa qoyaram? Niyə yalan danışım, niyə gizlədim ki, onları mən tanış eləmişəm. İndi fikirləşirəm ki, bəlkə də, səhv eləmişəm. Çox çalışdım, onları yaxınlaşdırım, onda atalıq hissini oyadım ki, övladım nakam böyüməsin. Özüm İzeli onun yanın apardım. İzelin artıq dörd yaşı tamam olub, amma Aqşinin anası hələ uşağın üzünü görməyib. Üstəlik, Aqşin onun ilk övladıdır. Qardaşları görüb, çünki mən aparmışam, tanış eləmişəm. Sonra gördüm ki, təkidlə atalıq duyğusu oyatmaq olmaz. Özü uşağa maraq göstərmirdi. Düzdür, elə mərhələ olurdu, iki gündən bir zəng vururdu ki, qızı götür, gəl. Amma mən sırf İzelə olan münasibət axtarırdım, istəyirdim, məni məsələyə qatmasın. Mən görüşməyə etiraz edəndə İzelə də münasibəti dəyişirdi. Halbuki, mən övladıma münasibətimi Aqşinə görə tənzimləmirəm.
ABŞ-ın postmodernist yazarı Deni Delillonun "Ağ küy” əsəri var, orada bir cümlə mənim yaddaşımda ilişib qaldı: "o, sevdiyi adamları həqiqətdən uzaq tutmağa çalışırdı”. Postmodernist yazıçının bu qədər kobudluqdan, ironiyadan uzaq, ciddi və real, eyni zamanda romantik fikir söyləməsi mənə qəribə gəldi. Düşünürəm, mən də belə eləməyəm. Mən onu Aqşindən mümkün qədər qorumalıyam ki, zədə almasın və xoşbəxt yaşasın. Çünki ən böyük zərbə qızıma atasından gəlir. İzel nə vaxtsa o müsahibəni görsə, travma alacaq. Böyüyəndə, yetkinlik yaşına çatanda isə, əlbəttə, qərarını özü verəcək...

- Mövzunu dəyişək. Bir az İzeldən danış. Onun gələcəyini necə görürsən?

- İzeli diplomat görmək istəyirəm. Çünki indidən görürəm ki, çox diplomatik gedişləri olur. Rəssamlığa, fiqurlar düzəltməyə meyillidir, baletlə maraqlanır. Ümumiyyətlə, hər bir halda, istərdim ki, yaradıcılıqla bağlı hobbisi olsun. Bu əsas işə mane olmur ki.

- Özün nəylə məşğulsan?

- Romanımı yazıram. Mövzunu bilmirəm.