Çingiz Hüseynovun istefası aranı qarışdırdı-Həmkarlarından reaksiya





Şair Baba Vəziroğlu və yazıçı-dramaturq Mövlud Süleymanlı Yazıçılar Birliyinin (AYB) katibi Fikrət Qocanın tanınmış yazıçı Çingiz Hüseynovun birlikdən istefası ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Baba Vəziroğlu AzNews.az-a açıqlamasında deyib ki, Çingiz Hüseynov bütün yaradıcı təşkilatlarının fövqündə dayanan yazıçıdır: "Hayif ki, nəinki biz, elə özü də bunu cox gec - 85 yaşında dərk etdi. Vaxtında bilsəydi heç o ittifaqa üzv olmazdı”.

Yazıçı-dramaturq Mövlüd Süleymanlı isə Çingiz Hüseynovun gedişinə təəssüfləndiyini qeyd edib: "Mən Çingiz Hüseynovun "Fətəli fəthi” romanının redaktoru olmuşam. O əsərdən xoşum gəlib. Onun yaradıcılığını qiymətləndirirəm və bəyənirəm. Çingiz Hüseynov zəhmetkeş, özünəməxsus, təmiz və əxlaqlı yazıçıdır. Çingiz Hüseynov Yazıçılar Birliyindən getməməli idi. Belə məsləhət bilib yəqin. Amma Fikrət Qoca da düz deyir. Əgər o, istefa verib gedibsə, doğrudan da onun gedişi ilə Azərbaycan Yazıçılar Birliyi və yazıçılar heç nə itirmir”.

Qeyd edək ki, Yazıçılar Birliyinin katibi Fikrət Qoca AzNews.az-a açıqlamasında bildirmişdi ki, Çingiz Hüseynovun gedişi ilə AYB heç nə itirmir.