Qarabağda öldürülən hərbçinin adı Narek Poqosyandır

Erməni mətbuatı cəbhədə baş verənlərdən yazdı




İşğal olunmuş Azərbaycan torpaqlarında öldürülən erməni əsgərin adına aydınlıq gəlib.
Aysor.am-a istinadən verdiyi məlumata görə, həmin şəxs müqavilə əsasında xidmət edən Narek Poqosyandır. Erməni mətbuatı əsgərin Azərbaycan tərəfinin diversiya nəticəsində öldürüldüyünü yazır.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda Silahlı Qüvvələrimizin mövqelərinin ermənilər tərəfindən atəşə tutulduğu bildirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 41 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.