Bakıda şok əməliyyat: 20-yə yaxın vəhhabi tutuldu

Əməliyyat zamanı məsciddən böyük məbləğdə pul vəsaiti çıxıb



Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Bakının Səbail rayonu Badamdar qəsəbəsində əməliyyat keçirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saat 14.00 radələrində Səbail rayonu Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi ərazisində evlərin birində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

İlkin xəbərə əsasən əməliyyat zamanı radikal vəhhabi təriqətinə mənsub 20-yə yaxın şəxs saxlanılıb. Şübhəli vəhhabilərin toplaşdığı tikilidə axtarış tədbirləri davam etdirilir. Vəhhabilərin toplaşdığı məkandan çoxlu sayda qadağan olunmuş əşya və nəşrlərin götürüldüyü də xəbərlər sırasındadır. Ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətə alınıb. Əməliyyatla bağlı maraqlı təfərrüatlar məlum olub. Əməliyyatda iştirak etmiş rəsmi şəxslərdən birinin "Qafqazinfo”ya verdiyi məlumata görə, məsciddən böyük məbləğdə pul vəsaiti çıxıb. Həmçinin, əməliyyat zamanı həmin pulları verən şəxslərin adlarının yazıldığı dəftərçə də aşkarlanıb. Bundan başqa, pul və dəftərçə kimi çoxlu sayda qadağan olunmuş ədəbiyyat da müsadirə edilib. Əməliyyatda iştirak etmiş şəxs onu da deyib ki, mətbuatın yazdığı kimi 20 yox, 19 nəfər vəhhabi saxlanılıb.