Andlılar Məhkəməsi olmayacaq

Milli Məclisdəki hüquqşünaslar arasında fikir ayrılığı yarandı



Milli Məclis "Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edib. Dünən keçirilən növbədənkənar iclasda layihə haqda məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, layihə Baş Prokurorluq tərəfindən daxil olub: "Qanun vaxtilə hazırlanarkən Andlılar Məhkəməsi ilə bağlı xüsusi fəsil mövcud idi. Andlılar Məhkəməsinin formalaşması hüquq sferasında müzakirə edildi.

Məhkəmə sisteminin demokratikləşməsi istiqamətində aparılan islahatlar fonunda qanunda bu fəsli yazdıq. Amma qeyd olunurdu ki, islahatlar başa çatanda bunun tətbiqinə başlanılacaq. Bizim qanunumuzda uzun müddətdir ki, işləməyən bu fəsil mövcuddur. Qeyd edim ki, hüquq ictimaiyyətinin böyük hissəsi bunun əleyhinədir. Bizim komitə də hesab edir ki, məhkəmə hüquq islahatlarının indiki mərhələsində Andlılar Məhkəməsini özündə daha düzgün ehtiva edir. Andlılar Məhkəməsi ABŞ-da yaranıb. Komitəmizdə bunun əleyhinə və lehinə çıxanlar da olub. Azərbaycanın praktik hüquq ictimaiyyəti bu işləməyən fəslin qanundan çıxarılmasını təklif edirik”.

Layihəyə münasibət bildirən deputat Qüdrət Həsənquliyev bildirib ki, hüquqi dövlət quruculuğu istiqamətində addım atan ölkələr üçün Andlılar Məhkəməsi olduqca əhəmiyyətlidir: "Amma bu, pilot layihə kimi təqdim edilmədən belə qanundan çıxarılır. Avropa dövlətlərinin əksəriyyəti Andlılar İnstitutundan istifadə edirlər. Konstitusiyaya görə, vətəndaşın dövlət idarəçiliyində iştirak etmək hüququ var. İndi bu hüquq onların əlindən alınır. Prokurorluq hesab edir ki, andlı iclasları çətin işlərdən baş çıxara bilməz, hisslərə üstünlük verirlər və s. Bizim cinayət qanunvericiliyindən bu institutu çıxarmaq olmaz”. Millət vəkilinin sözlərinə görə, qanunları qəbul edənlərin çoxu hüquqşünas deyil: "Amma bir nəfər məruzə edir və sonda qanun qəbul olunur. Andlılar iclasında da bu metod tətbiq olunur. Andlı iclasları daha doğru qərar qəbul edə bilirlər. Onlar hakimiyyətdən daha az asılıdırlar, karyera haqda düşünmürlər. Bu institut mütləq saxlanılmalıdır. Burada səbəb kimi Andlıların qanuna tabe olmamaq məsələsini qaldırırlar. Bu doğrudur. Andlılar daha çox sosial məsələlər haqda düşünürlər və onların çıxardığı bəraət hökmləri digər məhkəmələrlə müqayisədə daha çoxdur. Mən düşünürəm ki, biz islahatlar aparılmalı olduğu halda bu institutun qanundan çıxarılması geriyə atılan addım olardı”.

Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, əgər bu fəsil qanunvericilikdədirsə, onu çıxarmağa ehtiyac yoxdur: "Bunun nə zaman lazımsız olduğu sübut olunsa, çıxarmaq olar. Həm də bu məsələni Milli Məclisdən çıxarmazdan əvvəl ictimai müzakirəsini təşkil etmək lazımdır. Ən sərt rejim olan sovet məhkəməsində xalq nümayəndəsi var idi və proseslərdə iştirak edirdi. Andlılar Məhkəməsinin olması həm də vəkillik institutunun inkişafını ortaya çıxarır. Andlılar Məhkəməsinin olması bəzi neqativ halların qarşısını alır. Elə hakimlər var ki, öz şəxsi marağına görə, ədalətsiz hökmlər çıxarır. Məncə, Andlılar Məhkəməsi bunun da qarşısını alır. Düşünürəm ki, bu məsələ qanunvericilikdə qalmalıdır”.

Deputat Rəfael Cəbrayılov isə deyib ki, Andlılar Məhkəməsinin qanunda qalmasını dəstəkləmir: "Bu ölü müddəalardır. Belə qanun Azərbaycanın sürətli inkişafı fonunda görünmür. Ölü qanun pis qanundan daha pisdir. Andlılar məhkəmədə klassik formada təqsirlilik məsələsini həll edirlər. Amma peşəkar hüquqşünaslar var ki, bunu müəyyən edə bilmirlər. Dünya statistikasına baxanda görərik ki, dünyada Andlılar Məhkəməsinin baxdığı işlər ümumilikdə baxılan işlərin 1 faizini təşkil edir. Qüdrət müəllimin arqumentləri ilə razılaşmıram”.

Millət vəkili Fəzail İbrahimli vurğulayıb ki, Andlılar Məhkəməsi ancaq hüquqi məsələ deyil: "Bizim qanunlarımız roman-german prinsipləri üzərində qurulub. Hesab edirəm ki, Azərbaycanın reallığı nəzərə alınmalıdır. Bu institutun Azərbaycanda işləməsi qeyri-realdır”.

Anar Bayramoğlu