Leyla Yunus, erməni məsələsi və “Araz kursları”nın bağlanması...

Milli Məclisin növbədənkənar sessiyasında çeşidli problemlər müzakirəyə çıxarılıb




Ötən gün Milli Məclisin növbədənkənar sessiyası baş tutub. Toplantıda ilk öncə erməni deputatlarının NATO-nun Bakıda keçirilən iclasında iştirakı və hüquq müdafiəçisi Leyla Yunusun həmin seminardakı Azərbaycan əleyhinə çıxışları müzakirə olunub. Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı bildirib ki, NATO-nun seminarı bəzi xoşagəlməz məqamlarla yadda qalıb. Millət vəkili vurğulayıb ki, tədbirdə, hələ də Azərbaycanın dövlət maraqlarına zərbə vurmaqda davam edən, ermənilərə xidmət edən Leyla Yunus yenə də öz ampluasında qalıb:

"Hər kəs onun NATO seminarında Azərbaycan əleyhinə açıqlamalarını gördü. Bu günə qədər onun hərəkətləri və davranışları lazımi səviyyədə hüquqi qiymətini tapmayıb. Digər narahatlıq doğuran məqamlardan biri də odur ki, KİV-lərə verilən məlumatlara görə, onun ayrı-ayrı banklarda külli miqdarda pulu var. Maraqlıdır, həmin pulların mənbəyi hardandı? Əldə etdiyi vəsaiti nəyə xərcləyir? Vergi ödəyirmi? Bütün sualların cavabı hələ də açıq qalıb. L.Yunus bu hərəkətləri Almaniyada, Amerikada etsəydi, o zaman başqa addımlar atılardı. Ancaq Azərbaycanda o, qadındır, hüquq müdafiəçisidir deyə, "gözün üstündə qaşın vardır” deyən olmadı. Axı belə şey olmaz? Ona görə də buradan hüquq-mühafizə orqanlarına müraciət edirəm ki, L.Yunusla bağlı addımlarını daha sərtləşdirsinlər”.

Parlament sədri Oqtay Əsədov isə deputata cavab olaraq bildirib ki, NATO-nun Bakıdakı seminarı yüksək səviyyədə baş tutub: "Seminarda baş verən hadisələrə gəlincə, orada çıxış edən insanların sözlərinin Milli Məclisin iclasında müzakirə edilməsinin tərəfdarı deyiləm. Millətin gözü tərəzidi. Hər kəsin hərəkəti göründü və bilindi. Bunu artıq şişirtməyə ehtiyac yoxdu”.

Fazil Mustafa türk məktəblərinin bağlanmasına etiraz etdi, həmkarı cavabını verdi

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa "Çağ Öyrətim” məktəblərinin və "Araz kursları”nın bağlanması məsələsini qaldırıb. Deputat qeyd edib ki, həmin məktəblərin bağlanması strateji və tarixi səhvdir: "Bir neçə ildən sonra bu qərarın nə qədər yanlış olduğunun, Azərbaycan təhsilinə ağır zərbə vurduğunun şahidi olacağıq. Kampaniyaçılıq heç vaxt yaxşı olmayıb. Son buraxılış imtahanlarının nəticəsi onu göstərdi ki, 53 faiz şagird ana

dilindən "3” alıb. Təhsilin keyfiyyəti aşağı düşəcək. Həmçinin minlərlə müəllim işsiz qalacaq. Üç ay ərzində bu qədər müəllimi hara, necə yerləşdirəcəklər? Oturuşmuş bir təhsil şəbəkəsini bu formada dağıtmaq doğru deyildi. Qəbul dayanırsa da, heç olmasa, orada təhsil alan şagirdlər təhsilini davam etdirərdilər. Türkiyə ilə bağlı siyasi proseslər gedir. Orda baş verənləri bura tətbiq etmək düzgün deyil. Bu məktəblərin taleyi ilə bağlı qərarı bu cür vermək olmaz. Turan Yazqanın da məktəbi var. O da sıxışdırılıb. Ölkədə rus məktəbi, türk məktəbi də olsun. Bu qərarın gələcək Azərbaycan təhsilinə bir zərbə vurduğunu görürəm və bunu indidən deməyi özümə mənəvi borc bilirəm”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev isə deputat həmkarı F.Mustafanın fikirləri ilə razı olmadığını söyləyib: "Mən Fazil bəyin türk məktəblərinin bağlanması ilə bağlı narahatlığını bölüşmürəm. Məktəblər dövlətin təsiri altındadır. Hər hansı dinin və ideologiyanın təsiri altında olmamalıdır. Ona görə ARDNŞ-nin qərarını alqışlayıram. Hesab edirəm ki, bu, vaxtında verilmiş düzgün qərardır”.

"Cəbhəyə hasar çəkilsin!”

Xanım millət vəkili Qənirə Paşayeva təklif edib ki, cəbhə bölgəsində təhlükəsizlik hasarları çəkilsin: "Erməni tərəf cəbhədə atəşkəsi pozmaqla vətəndaşları, onların evlərini hədəfə alıb. Düzdür, bizim ordumuz düşmənə layiqli cavab verir. Amma erməni snayperlərinin vətəndaşları hədəfə alması məsələsi ciddi qaldırılmalıdır. Biz beynəlxalq təşkilatlara müraciət edirik. Onlar hər məsələyə çevik reaksiya verdikləri halda vətəndaşların, qadınların və yaşlı insanların hədəfə alınmasına reaksiya vermirlər. Tovuz rayonunda Ətayə Əliyeva adlı şəxs düz evinin qarşısında, digər bir xanım nəvəsini ərazidən çıxaranda vurulub. Buna diqqət edilməlidir. Hesab edirəm ki, təhlükəsizlik divarlarının çəkilməsini sürətləndirmək lazımdır. Görünən budur ki, Ermənistan bu cür əməllərindən əl çəkməyəcək”.

Spiker Zahid Oruca - "sən danışmasan, gecə yata bilməzsən” - dedi

Spiker O.Əsədov cari məsələlərin müzakirəsindən gündəliyə keçmək istəyərkən millət vəkili Zahid Oruc danışmaq istədiyini bildirib. Bu zaman spiker deputata "sən danışmasan, gecə yata bilməzsən” deyərək Z.Orucun mikrofonunu açıb.

Deputat isə "Çağ Öyrətim” məktəblərinin bağlanması məsələsinə toxunub: "Yəqin bilirsiniz ki, o məktəblərdə oxuyan uşaqlar heç də imkansız ailələrin uşaqları deyil, sizin, mənim kimi vəzifəlilərin övladlarıdır. Orda yaxşı təhsil verilirdi. Kifayət qədər uğurları var idi. Azərbaycanı təmsil edirdi. Orda təhsil alanlar kifayət qədər təhsilli uşaqlardır. Buna görə də gələcəkdə vəzifə karyerlarında bu məktəblərdə oxuduqlarına görə maneələrlə üzləşməməlidirlər. Azərbaycan dövləti təhsil müəssisələrinin bağlanmasında deyil, inkişafında maraqlıdır. Bu qərar Azərbaycana lazım deyildi. Əgər belə bir qərar qəbul edilibsə, yəqin geniş izahı veriləcək”.

"Bu məsələyə dəstək göstərməliyik”

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Siyavuş Novruzov isə Türkiyə diplomatlarının İŞİD təşkilatı tərəfindən girov götürülməsinə münasibət bildirib.

Deputat parlamentdən bu məsələyə dəstək olunmasını istəyib: "Türkiyə Azərbaycan üçün qardaş ölkədir. Əgər indi türk diplomatlarına qarşı bu cür addımlar atılırsa, deməli, analoji hərəkət bizə qarşı da edilir. Bu baxımdan, NATO Parlament Assambleyasının 86-cı "Rose-Routh” seminarının yekun bəyənnaməsində Assambleyanın prezidenti də NATO ölkələrindən xahiş etdi ki, bu məsələyə dəstək göstərsinlər. Hesab edirəm ki, biz də hansısa formada bu məsələyə dəstək göstərməliyik”.

"Bəzi müxalifət təşkilatları ermənilərə işləyir”

Deputat həmçinin NATO-nun Bakıda keçirilən seminarında müzakirə olunan məsələlərə toxunub. O, Ermənistandan gələn deputatların əsas informasiya mənbəyinin Azərbaycanda olan bir sıra müxalifət partiyaları olduğunu söyləyib: "Erməni deputatlar bir sıra QHT-lərin materiallarını misal gətirərək Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən fikirlər səsləndirirdilər. Bu da onu göstərir ki, müxalifət heç vaxt Azərbaycan xalqı haqqında düşünmür. Onlar həmişə erməni və digər düşmənlərlə əlbir olmağa hazırdırlar ki, Azərbaycan haqqında hər hansı bir mənfi informasiya yayılsın. Həmin seminarda da bunun şahidi olduq. Müxalifət partiyaları parlamentdə QHT-lərlə bağlı qanun layihəsinə edilən dəyişikliklərin tamam başqa bir formada müxtəlif beynəlxalq təşkilatlara çatdırırlar ki, guya, QHT-lər hüquq-mühafizə orqanlarının nəzarəti altına düşür. Hər dəqiqə onlara hesabat verirlər. Qeyd etməliyəm ki, həmin qanunda konkret olaraq şəffaflıq məsələsi ortaya qoyulub ki, QHT-lər xaricdən aldığı qrantı hansı formada xərcləməyi barədə ictimaiyyətə məlumat verilsin. Maraqlıdır ki, qanunda hansı qəbahətli iş var? Beynəlxalq təşkilatlardan şəffaflıq tələb edildiyi halda, onlar istəyir ki, verdiyi vəsaitləri qeyri-şəffaf şəkildə xərcləsinlər. Hesab edirəm ki, qanun layihəsi aydın şəkildə bir daha ictimaiyyətə şərh olunmalıdır”.

Spiker isə millət vəkilinin səsləndirdiyi fikirlərə münasibət bildirib: "Bir daha təkrar edirəm ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Azərbaycanın milli maraqları hər şeydən öndə gedən məsələdir. Əgər milli maraqlarda Azərbaycanın mövqeyini dəstəkləməyən və buna zidd fikirlər söyləyən varsa, həmin şəxsləri bütün media nümayəndələri görür. Bir-iki qəzetdən başqa heç bir yerdə bu haqda məlumat görmədim. Lakin kimsə bir-birini söyərsə, bütün mətbuatda bu barədə yazılar dərc olunur. Ona görə bu məsələləri parlamentlə yanaşı, mediada da qabartmaq lazımdır”.

"Problemləri idarəedici dövlətlərin çubuğuyla həll edirlər”

Vitse-spiker Ziyafət Əsgərov NATO Parlament Assambleyasının 86-cı "Rose-Routh” seminarından çıxardığı nəticəni parlamentdə açıqlayıb.

Z.Əsgərov vurğulayıb ki, seminarda azərbaycanlı deputatların əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin tam çılpaqlığı ilə xarici nümayəndələrə çatdırmaq olub: "Seminara 20-yə yaxın ölkədən 60-dan çox nümayəndə qatılmışdı. Odur ki, tədbirdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün həqiqətləri səsləndirdik. Fikrimcə, məqsədimizə müəyyən qədər nail ola bildik. İkinci məqsəd Azərbaycanın Avropa Avroatlantik məkanda əhəmiyyətini vurğulamaqdan ibarət idi. Bu gün Avropa Azərbaycan üçün nə edir və ya Azərbaycan Avropa üçün nə edir? Bu məsələ də geniş şəkildə müzakirə olundu. Üçüncüsü, dünyada izlənilən münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli müzakirə predmeti idi”.

Vitse-spiker söyləyib ki, seminarda bir daha beynəlxalq hüququn çox dərin böhran vəziyyətində olduğu göründü: "Əslində, bu gün onun qapısını döyən də yoxdur. Axı beynəlxalq hüquq kimin problemini həll edir? BMT onu idarə edən dövlətlərin çubuğu ilə kimlərinsə problemini həll edir. Əslində, obyektivlik istəyən kimsə ora müraciət etmir. Ona görə də hesab edirəm ki, beynəlxalq hüquq o vəziyyətə gəlib çatıb ki, o, bir sıra dövlətlərin əlində məşğuliyyət, əyləncə, kiçik dövlətlər üçün isə sadəcə məhdudiyyətdir. Yəni, böyük dövlətlər yığışırlar, şərab içirlər, öz işləri ilə məşğul olurlar, bizə isə deyirlər ki, beynəlxalq hüquq sizin üçün yaradılıb”. Z.Əsgərov qeyd edib ki, Metyu Brayza onunla söhbətində ikili standartlar olduğunu təsdiqləyib: "Deməli, biz bu reallıqları nəzərə alıb, işləməliyik. Hər kəs özü öz qayğısına qalmalıdır. Bəli, bu məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Amma özümüzü də gücləndirməliyik. Odur ki, hamımız Prezident və dövlətçilik ətrafında birləşib problemlərimizin həllinə çalışmalıyıq”.

Anar Bayramoğlu