“Dövlət sirri haqqında” qanuna dəyişiklik olub

Aqil Abbas: “Mətbuatda bəzi hərbi məsələlərin yayılmasının qarşısı alınmalıdır”
Fəzail Ağamalı: “Müdafiə Nazirliyi məlumatı yayan KİV-in üstünə niyə getmədi?”


Dünən Milli Məclisdə Prezident İlham Əliyevin imzası ilə "Dövlət sirri haqqında” qanunda dəyişikliklərin edilməsi barədə” qanun layihəsi müzakirə edilib. Qanuna əlavə edilən 21.5-1-ci maddəyə görə, vəzifəli şəxsin və vətəndaşın xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri prokurorluq orqanlarında Azərbaycanın Baş Prokurorluğu, digər dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilir.

Yoxlama tədbirlərinin həcmi və keçirilməsi qaydası yoxlama tədbirlərini keçirən orqanlar tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təsdiq edilir.

Bundan başqa, 21.6-cı maddəyə edilən köklü dəyişikliyə görə, vəzifəli şəxsin və vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir.

Qanun layihəsi səsvermədən sonra qəbul edilib.

Ötən gün həmçinin "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi də müzakirəyə çıxarılıb.

Qanunlara edilən dəyişikliklərin əsas məqsədi kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətlərini "Dövlət sirri haqqında” qanuna uyğunlaşdırmaqdır. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunun 7-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin "Dövlət sirri haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq keçirilməsi nəzərdə tutulur. Mövcud qanunda olan həmin maddədə isə öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslərin öyrənilməsi qeyd olunub.

"Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin "Dövlət sirri haqqında” qanuna uyğun olaraq keçirilməsi nəzərdə tutulur. Mövcud qanunda isə öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslərin öyrənilməsi qeyd edilib.

Qanunun müzakirəsinə qatılan millət vəkili Aqil Abbas deyib ki, bunun qəbul edilməsi vacibdir: "Hesab edirəm ki, mətbuatda bəzi hərbi məsələlərin yayılmasının qarşısı alınmalıdır. Amma senzura tətbiq olunmamalıdır. İŞİD-lə bağlı məlumatların Türkiyə mətbuatında yayılması ilə bağlı qanun qəbul edildi. Hərbi məhsullarımız barəsində dövlət nə deyirsə, biz onu mətbuata çıxarmalıyıq. Yoxsa Aqil Abbas yeni bir tapança aldı. Onu mətbuatda yazmaq lazım deyil”.

Millət vəkili dövlət sirrini yayanlar barədə də danışıb: "Dövlət sirrini öyrənmək istəyən şəxsin məqsədi öyrənilməlidir. Daha sonra o, arxivdən dövlət sirrini öyrənə bilər. MTN-ə gedib "mən dövlət sirini öyrənmək istəyirəm” demək düzgün deyil”.

Deputat Fəzail Ağamalı isə müdafiə naziri Zakir Həsənovla bağlı mətbuatda yayılan xəbərlərlə bağlı danışıb: "Zakir Həsənovla bağlı mətbuatda dezinformasiya yayıldı. Müdafiə Nazirliyi həmin məlumatı yayan KİV-in üstünə niyə getmədi? Niyə həmin KİV-i məhkəməyə vermədi?”-deyə, deputat əlavə edib”.

Anar