Ermənilər daha bir dinc azərbaycanlı sakini güllələdilər

Tovuz rayonunda daha iki sakin də atəşə tutuldu


 


Ermənistan Silahlı Qüvvələrinin əkin sahələrini atəşə tutması nəticəsində bir nəfər dinc sakin yaralanıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, düşmən Ağdamın işğal olunmuş Şotlanlı və Tərtərin Seyid Sulan kəndindən Tərtər rayonun Qapanlı kəndini atəşə tutması nəticəsində əkin sahəsində traktorla çalışan 1987-ci il təvəllüdlü Əliyev Namiq Nofəl oğlu yaralanıb.
Tərtər Rayon İcra Hakimiyyətinin Qapanlı kəndi üzrə İcra Nümayəndəliyindən verilən məlumata görə, yaralı Tərtər MRX-ya çatıdırılıb. Həkimlər yaralını əməliyyat ediblər. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Ermənilərin Tovuz rayonunun Əlibəyli kəndində isə iki dinc sakini atəşə tutublar. Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, ötən gecə erməni silahlı qüvvələri kəndi yenidən atəşə tutublar.
Məlumata görə, düşmən postlarına yaxın ərazidə traktorlarla ot biçən Gədəbəy rayon sakinləri Rahim Həsənov və Xəqani Cəfərovun düşmən gülləsinə tuş gəlib. Onlara heç bir xəsarət almasa da texnika zədələnib. Təxminən 2 saat davam edən atışma zamanı biçilən otun yığılmasında çətinliklər yaranıb. V. Rzayevin bildirdiyinə görə, bu gün hələ ki, sakitlikdir.
Qeyd edək ki, iyunun 18-də axşam ermənilərin açdığı atəş nəticəsində biri uşaq olmaqla 3 nəfər kənd sakini yaralanmışdı.