“Minval” rusdilli oxucu məkanına daxil olacaq

Rauf Arifoğlu: “Rusdilli məkana aid qəzet bazarını öyrəndik və qərara gəldik ki, özümüzü yoxlamaq üçün yaxşı imkanlar var”



Rus dilində nəşrə başlayan minval.az saytı həftədə bir dəfə qəzet şəklində yayıma çıxarılacaq. "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu "Şərq”ə açıqlamasında deyib ki, bu addımı ancaq iqtisadi maraqlara görə atırlar: "Minval.az saytı kifayət qədər oxucusu olan ciddi bir yayım orqanıdır.

Sayt Azərbaycandan kənarda da tanınır. Lakin mənim təsisçi, İlkin Qəmbərin baş redaktor olması səbəbindən sayta reklam cəlb edə bilmirik. Əslində müxalifətçi olmayan bir saytı bizə görə müxalifətçi qismində qəbul edib, reklam verməkdən çəkinirlər. Bu səbəbdən də sayt rentabelli deyil. Biz düşündük, rusdilli məkana aid qəzet bazarını öyrəndik və qərara gəldik ki, özümüzü yoxlamaq üçün yaxşı imkanlar var. Minval.az saytının kollektivi qısa zaman ərzində qəzetin yayım konseptini, maketini, səhifələrin təyinatını hazırladı. Bir neçə sınaq sayı da buraxdıq. İndi biz inanırıq ki, rusdilli vətəndaşlar üçün maraqlı qəzet buraxa biləcəyik. Həm də iddiamız var ki, bir neçə min nüsxə qəzet satıb, az da olsa, maddi fayda əldə edəcəyik”. Yeni qəzetində saytın adı ilə "MİNVAL” adlanacağını deyən R.Arifoğlunun sözlərinə görə, qəzeti də eyni adlı saytın kollektivi çıxaracaq. Qəzetin ilk nömrəsinin 4 iyulda satışda olacağı gözlənilir: "Azərbaycanda rusdilli qəzetlər yox kimidir. Buna görə də belə bir qəzeti yaratmağa ehtiyac duyduq. Qəzetin bir neçə nömrəsinin nəşrindən sonra həftəlik nəşrdən gündəliyə keçməyə qərar vermişik”. Qəzet oxucularının sayının bu qədər məhdud olduğu bir zamanda "Minval” qəzetinin nə dərəcədə uğurlu olacağına gəldikdə isə Rauf Arifoğlu deyib ki, bütün bunları zaman göstərəcək: "Əgər istənilən nəticə əldə olunsa, qəzeti daha da böyüdəcəyik. "Minval”ın tirajı isə yayım tələblərinə uyğunlaşdırılacaq. Qəzetin ilk sayı A3 formatında 5 min tirajla çap olunacaq”.

Şəymən