ADP-nin qurultayı operativ keçiriləcək

Sülhəddin Əkbər tədbirə kənardan qonaq çağırmayıb



İyulun 6-da Azad Demokratlar Partiyasının təsis qurultayı keçiriləcək. Bu barədə "Şərq”ə açıqlama verən ADP sədri Sülhəddin Əkbər bütün təşkilati işlərin yekunlaşdığını deyib: "Təşkilat Komitəsinin yığıncağı keçirilib və texniki işlər başa çatıb. Bazar günü saat 11-də Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında ilk qurultayımızı keçirəcəyik. Qurultay nümayəndələrinin qeydiyyatı isə saat 10-dan sonra başlayacaq. Medianı da tədbirə dəvət edirik. Kənardan demək olar ki, heç bir qonaq dəvət olunmayacaq. Ancaq qurultay nümayəndələri və mətbuat işçiləri dəvətlidir”. S.Əkbər bildirib ki, Ramazan ayını və havanın istiliyini nəzərə alaraq qurultayı operativ qaydada keçirməyi planlaşdırıblar:

"İndi yay vaxtıdır, insanlar dincəlməyə, istirahətə gedirlər. Düzdür, əksər qurultay nümayəndəsi hazırda Bakıdadır. Amma ola bilsin, həmin vaxt bir-iki nümayəndə qurultayda iştirak etməsin. Yenə də fərq etməz, çünki rəhbərlik yerindədir. Təşkilat Komitəsi üzvlərinin böyük əksəriyyəti paytaxtdadır. Problem olacağını düşünmürəm. Çünki qurultayın 200-220-dən artıq nümayəndəsi olmayacaq. Tədbiri işçi formada keçirəcəyik”. Sədrin sözlərinə görə, partiyanın qurucuları qurultayda ortaya çıxacaq: "Qurucular sırasında keçmiş ACP-çilərlə yanaşı, yeni simalar da var. Qurultayda həmin şəxsləri görəcəksiz”. S.Əkbər qurultayda partiyanın fəaliyyət istiqamətinin müəyyən ediləcəyini də vurğulayıb.

İsmayıl