Həsən Həsənovun meyiti qaytarıla bilər

“Bütün Qafqazın şeyxi kimi onun bu məsələlərə qarışmağa haqqı var”




Ermənilərin Kəlbəcərdə öldürdükləri və dəfn etdikləri Azərbaycan vətəndaşı Həsən Həsənovun meyitinin qaytarılması ilə bağlı ailəsinin müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən qəbul edilib.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova müraciətin Şeyxə təqdim olunduğunu və orada ailəsi tərəfindən Həsənin meyitinin geri qaytarılmasına yardım olunması üçün xahiş edildiyini bildirib. Qurumun mətbuat sözçüsü hazırda Şeyxin müraciətə baxdığını və hansı formada yardımın edilməsinin müzakirə olunduğunu açıqlayıb.

Millət vəkili Fazil Mustafa "Şərq”ə Şeyxin nüfuzundan istifadə edərək məsələnin həll edilə biləcəyini istisna etməyib: "Şeyxin nüfuzu kifayət qədər yüksəkdir. Erməni katalikosu ilə danışıqlar apararaq məsələnin həllində yardımçı ola bilər. Ancaq bunun birmənalı olaraq nəticə verəcəyini söyləyə bilmərəm. Lakin təşəbbüsün olması yaxşı haldır. Çox güman ki, müsbət nəticəsi olacaq”.

"Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova Şeyxin vasitəçiliyi ilə cəsədin qaytarılacağına inanır: "Bütün Qafqazın şeyxi kimi onun bu məsələlərə qarışmağa haqqı var. Həsənin ailəsi çox düzgün yol seçib. Ancaq çox təəssüflər olsun, gec müraciət ediblər. Yoxsa şeyximiz bu məsələyə müdaxilə edərdi. Çünki o, birbaşa erməni katalikosuna müraciət edə bilər. Əgər girovluqda öldürülmüş şəxs erməni olsaydı, erməni katalikosu bütün erməni kilsələrini ayağa qaldırardı”.

E.Orucova bununla bağlı beynəlxalq qanunların olduğunu da önə çəkib: "1949-cu il Cenevrə konvensiyasına 1979-cu ildə müvafiq protokol əlavə edilib. Həmin o protokola əsasən əgər dövlət və əsir və ya girovluqda ölmüş şəxsin ailəsi, cəsədin verilməsini tələb edirsə, qarşı tərəf təcili cəsədi qaytarmalıdır. Çünki Ermənistan dövləti 1993-cü ildə Cenevrə konvensiyasına qoşulub. Bizim dövlətimiz və Həsənin ailəsi də dəfələrlə Beynəlxalq Qırmızı Xaç Komitəsi və Ermənistan dövlətinə cəsədin qaytarılması ilə bağlı müraciət ünvanlayıb, lakin məsələ həllini tapmayıb. Düşünürəm ki, Şeyxülislam birbaşa erməni katalikosuna müraciət edəcək və bu, öz müsbət həllini tapacaq”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Kəlbəcər rayonunda 3 Azərbaycan vətəndaşını girov götürüb. Həmin şəxslər Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənovdur. Həsən Həsənov ermənilər tərəfindən öldürülüb və Dağlıq Qarabağda BQXK-nin nümayəndəsinin iştirakı ilə dəfn olunub.

Vüqar Şahinoğlu