Ermənistandan danışan yoxdur

Qərbin Azərbaycanla bağlı siyasətində isə ikili standartlar və ədalətsizlik hələ də hökm sürür



Beynəlxalq aləmin Azərbaycana qarşı riyakar ikili standartlar siyasəti davam edir. 20 ildən artıqdır Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlasa da, böyük dövlətlər və nüfuzlu təşkilatlar beynəlxalq hüququn prinsiplərinin təmin edilməsi ilə bağlı bir dəfə də olsun konkret mövqe bildirmirlər. Hətta belə təəssürat yaranıb ki, bu münaqişənin həlli prosesində həmsədrlərə, Avropa və Qərb nümayəndələrinə beynəlxalq hüququ xatırlatmaq qadağan edilib.

Bu günə qədər ABŞ başda olmaqla Qərb dairələrinin, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe ikili standartların bariz nümunəsi, ədalətsiz və riyakar yanaşmadır. Serbiyaya, Rusiyaya, bir sıra müsəlman ölkələrinə ciddi sanksiyalar tətbiq edən ABŞ, Avropa İttifaqı, BMT və dünyanın digər nüfuzlu təşkilatlarının qərar və qətnamələrini icra etməkdən boyun qaçıran Ermənistana qarşı heç bir tədbir görmürlər. Ona görə də cəzasızlıq mühitində Ermənistan yeni işğalçılıq iddialarını reallaşdırmaqdan, 1994-cü ildə əldə olunmuş atəşkəsi kobud şəkildə pozmaqdan, çoxsaylı insan tələfatına səbəb olan təxribatlardan belə çəkinmir. Qərbin ikili standartları və ədalətsiz iddiaları insan haqları məsələsində ayrı-ayrı ölkələrə selektiv yanaşmada da özünü açıq büruzə verir. Niyə görə Qərb institutları Ermənistanda insan hüquq və azadlıqlarının, söz və məlumat azadlığının sərt şəkildə məhdudlaşdırılmasından danışmırlar? "Qızıl gül” inqilabından sonra Qamsaxurdiya və Şevardnadze dövründən qalma siyasi-mədəni elitanın, siyasi rəqiblərin sıxışdırılması ən yüksək həddə çatıb. Həmin şəxslərin mühüm bir hissəsi ölkəni tərk edərək Rusiya, Yunanıstan və Fransaya mühacirət etməyə məcbur olublar. Gürcüstanın hazırkı hakimiyyəti isə Saakaşvilinin həbsi ilə bağlı qərar çıxarır, onun tərəfdarlarını sıxışdırır, media orqanlarına təzyiq edir. Ukraynanın hazırkı hakimiyyəti də Yanukoviçə yaxın olan siyasətçiləri sıxışdırır, qətllər törədilir, qanuni təsisatların fəaliyyətinə xitam verilir. Hətta parlamentin buraxılması üçün tədbirlər görülür. Keçmiş hakimiyyətə yaxın olan media ən sərt şəkildə susdurulur və s.

ATƏT məkanına daxil olan digər ölkələrdə, hətta Almaniya, Fransa, Böyük Britaniya kimi dövlətlərdə də insan hüquq və azadlıqlarının pozulması, müstəqil bloqqerlərin, hakimiyyətləri tənqid edən medianın sıxışdırılmasına dair çoxsaylı faktlar mövcuddur. Həmçinin, Səudiyyə Ərəbistanı, Ərəb Əmirlikləri, Küveyt, Qətər kimi ölkələrdə demokratiyadan əsər-əlamət olmadığı halda, Qərb təşkilatları onları tənqid etmirlər. Buna səbəb isə həmin ölkələrin ABŞ-la yaxın müttəfiq olmasıdır. Bütün bu biabırçılıqlara Qərb niyə gözünü yumur? Azərbaycanda ən cüzi hadisəyə belə ciddi diqqət ayıran, şişirdilmiş bəyanatlar verən "HRW”, "Freedom House”, "Amnesty İnternational” və digər təşkilatlar niyə susurlar?

Maraqlı da olsa, Leyla Yunusla bağlı bəyanat verən ABŞ Dövlət Departamenti regionumuzun digər ölkələrində, Avropa dövlətlərində baş verən çoxsaylı hüquq pozuntusu halları ilə bağlı heç nə demir. Bütün bu hallar Qərbin Azərbaycanla bağlı siyasətində ikili standartların və ədalətsizliyin hökm sürdüyünü açıq şəkildə göstərir. Bu səbəbdən artıq cana doymuş Azərbaycan ictimaiyyəti, ziyalılar, siyasi partiya, QHT rəhbərləri Qərbin bu mövqeyini hiddətlə pisləyir və ikili münasibətin aradan qaldırılmasını tələb edirlər.

Sabiq dövlət müşaviri, professor Qabil Hüseynli beynəlxalq qurumların və xarici dövlətlərin təmas xəttində baş verən proseslərə görə, Ermənistan və Azərbaycana qarşı eyni münasibəti sərgiləməsini tənqid edib. Q.Hüseynli bildirib ki, Azərbaycan həmişə beynəlxalq qurumların və bir sıra dövlətlərin ikili standartlarından əziyyət çəkib: "Ermənistan həmişə xristian mənşəli dövlətlər tərəfindən müdafiə edilir. Ona görə də yenidən Azərbaycanın digər ərazilərini işğal etmək xəyalına düşüb. Münaqişənin anatomiyasını bilən qüvvələr Minsk Qrupuna konkret tapşırıqlar vermək əvəzinə, tərəfləri "atəşkəs” rejiminə əməl etməyə çağırır. Yəni Azərbaycan işğalçı Ermənistanla bərabərləşdirilir. Üstəgəl, Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları qulaqardına vurulur. Dünya ictimaiyyəti rus separatçılarının Ukraynadakı fəaliyyətini

pislədiyi halda, Ermənistanın Azərbaycana qarşı aqressiv separatizminə münasibət bildirmir. Ukraynadakı təkcə separatizm hadisəsidir, amma bu məsələdə həm separatçılıq, həm də işğalçılıq var. Belə vəziyyətdə Ermənistanla Azərbaycanı tərəzinin eyni gözünə qoymaq həyasızlıqdır. Münaqişədə hansı tərəfin məsuliyyət daşıdığını hamı bilir. Ermənistanı konstruktivliyə və işğal etdiyi ərazilərdən çıxmağa çağırmaq əvəzinə, hər iki ölkəyə eyni çəkili çağırışlar etmək, beynəlxalq hüquq normalarına tüpürmək deməkdir. Bu cür bəyanatlar münaqişəni daha da qızışdırmaq niyyətindən irəli gəlir. Məsələn, postsovet məkanında baş verən iki müxtəlif hadisəyə beynəlxalq ictimaiyyət fərqli münasibət sərgiləyir. Bu ədalətsizlikdir və işğala haqq qazandırmaqdır”.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı deyir ki, münaqişənin həll edilməsi üçün fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun və BMT-nin atəşkəsi pozan Ermənistana qarşı sərt bəyanatlar vermək, siyasi, iqtisadi sanksiyalar tətbiq etmək əvəzinə, sadəcə, narahat olduğunu bildirməsi bizi ələ salmaqdan başqa bir şey deyil: "Minsk Qrupunun fəaliyyətinin məntiqinə tərs olaraq, bugünkü status-kvo onları qane edir. Əgər etməsəydi, son 20 ildə münaqişənin həlli istiqamətində ciddi addımlar atardılar. Necə olur ki, həmsədr dövlətlər, NATO, BMT və s. təşkilatlar dünyanın ən ucqar yerində öz mənafeləri zədələndiyi zaman silahlı müdaxiləyə razılıq verirlər, amma torpaqları işğal edilən Azərbaycanın hərbi əməliyyatlara başlamasına qarşı çıxırlar. Hesab edirəm ki, bu, birbaşa Ermənistanı dəstəkləməkdir, ikili standartdır, beynəlxalq hüququn prinsip və normalarını kobudcasına pozmaqdır. Həmsədrlər 20 ildən çoxdur işğala məruz qalan və işğal edənin kim olduğu haqqında bir dəfə də qəti fikir bildirməyiblər. Bu məsələyə aydınlıq gətirmədən vasitəçi rolunu oynayan həmsədr dövlətlərdən müsbət nə gözləmək olar? Əslində bu münaqişənin həllinin uzanması həmsədr dövlətlərin siyasi və iqtisadi maraqlarına uyğundur. Bununla onlar bölgədə qalmağa çalışır və tərəflərə təzyiq göstərməyə çalışırlar”.

Millət vəkili Sahib Alıyev BMT-nin baş katibi Pan Gi Munun Ermənistan-Azərbaycan təmas xəttində baş verən hadisələrlə bağlı səsləndirdiyi formal bəyanata münasibət bildirib. Deputat qeyd edib ki, əgər bölgədəki vəziyyətdən BMT baş katibi doğrudan da narahatdırsa və başında durduğu qurumun imici haqda fikirləşirsə, onda mənasız çağırışlar etmək əvəzinə, BMT-dən Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməsini tələb etsin: "Amma çox təəssüf ki, nə o, nə də üzərlərinə vasitəçilik missiyası götürən digər dövlətlərin təmsilçiləri belə bir tələb irəli sürmür və torpağı qəsb edilənlə qəsbkar arasında fərq qoymayaraq "tərəflər” terminini işlədirlər. Bununla da "Dağlıq Qarabağ problemi ancaq sülh yolu ilə həll edilə bilər” deyənlər əslində hər ötən gün savaşı bir az da yaxınlaşdırırlar”.

Milli Məclisin deputatı Vahid Əhmədov dünya birliyinin ikili standartlardan çıxış etməsinə münasibət bildirərkən deyib ki, Ermənistanın etnik təmizləmə siyasətinə, 1 milyondan artıq qaçqın və məcburi köçkünün vəziyyətinə göz yuman beynəlxalq aləmdən ədalətli qərar gözləmək yersizdir: "Ermənistana qarşı hər hansı sanksiya tətbiq etməkdən boyun qaçıran beynəlxalq aləm Azərbaycanın qazandığı möhtəşəm uğurlara qısqanclıqla yanaşır. Ermənistan isə faktiki olaraq tənəzzülə uğramış bir dövlətdir və ancaq himayədarlarının hesabına yaşayır. Cəbhədəki son təxribatlar da siyasi oyunların nəticəsidir. Görünür, bu təxribatları törətməklə Azərbaycana hansısa təzyiqlər göstərməyə çalışırlar ki, müəyyən şərtləri qəbul edək. Ancaq bu, mümkün deyil, Azərbaycan müstəqil siyasət yeridən güclü dövlət kimi özünü artıq dünyada təsdiqləyib. Dövlət başçımızın apardığı xarici siyasət tamamilə düzgün siyasətdir. Ermənistan isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir və status-kvonun qorunub saxlanmasına çalışır. Buna görə də, hər dəfə danışıqlar prosesini pozur. Ancaq Ermənistan səhv mövqedədir. Çünki bütün dünya bilir ki, bu torpaqlar Azərbaycanın əraziləridir və Azərbaycan gec-tez sülh yolu ilə olmasa da, müharibə yolu ilə öz torpaqlarını geri qaytaracaq”.

İsmayıl