Gözlənilən idi...

Ekspertlər hesab edir ki, Aİ-95 markalı benzinin bahalaşması vətəndaşlara ciddi təsir etməyəcək



Azərbaycanda "Avro-4” standartın tətbiqindən sonra davamlı olaraq, benzinin qiymətinin artacağı ilə bağlı səsləndirilən proqnozlar özünü doğrultdu. Cari il ərzində qiymətində bir neçə dəfə artım müşahidə olunan Aİ-95 markalı benzin yenidən bahalaşdırılıb. Əvvəl 93 qəpikdən satılan "Premium” (Aİ-95) markalı benzin avqustun 6-dan etibarən ölkənin bir sıra yanacaqdoldurma məntəqələrində qəfil 97 qəpiyə qədər bahalaşdırılıb.

Benzinin bahalaşmasından danışan millət vəkili Vahid Əhmədov hesab edir ki, benzinin bahalaşması nəğd pulun aktivləşməsi ilə bağlıdır. Onun sözlərinə görə, benzinin qiymətində o qədər də artım hiss olunmur: "Bu proses sakit keçirildi. Bu, gözlənilən hal idi. Dünyada gedən siyasi proseslər, müharibələr dünya bazarında neftin qiymətinə öz təsirini göstərdi. Bu sahədə də ciddi problemlər yarandı”. V.Əhmədovun zənnincə, bu addım əvvəlcədən proqnozlaşdırılıb. O, həmçinin qiyməti qalxan "Premium” markalı benzinin xaricdən idxal olunduğunu da vurğulayıb. Azərbaycan bazarlarında Aİ-95 markalı benzinə tələbat çox olmadığından Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban məlum qiymət artımının əhalinin cibinə o qədər də təsir etməyəcəyi qənaətindədir. Eyni zamanda, ekspert hesab edir ki, qiymət artımının obyektiv səbəbləri var və qiymət artımı gözlənilən idi: "Azərbaycanda iki neftayırma zavodu

olsa da, yalnız birində - Heydər Əliyev adına zavodda benzin istehsal olunur. Bu zavoddakı texnoloji xətlər yüksək oktanlı avtomobil benzini istehsal etməyə imkan vermir. Orda istehsal olunan Aİ-95 əslində Aİ-92 markalı benzinə aşqarlar qatılmaqla əldə olunurdu. Bu, oktan dərəcəsi müəyyən müddət üçün artırılmış benzin idi. Yəni, bu, Avropada gördüyümüz Aİ-95 deyildi. Neft Şirkəti daxili bazarın tələbatını ödəmək üçün bütün imkanlarını Aİ-92-nin istehsalına yönəldib. Bu baxımdan hələ martın 31-də Nazirlər Kabineti qərar qəbul elədi ki, Aİ-95 və Aİ-98 benzinlərinin qiymətini dövlət tənzimləməsin. Beləliklə də, həmin markalı benzinlərin qiymətləri sərbəstləşdirilib. İndi Aİ-95-in qiyməti 95 qəpiyə də düşə bilər, 97 qəpik də ola bilər. Hazırda 97 qəpiyə satılan benzin Rumıniyadan gətirilir. Rusiyadan da, Türkmənistandan da, daha başqa yerlərdən də gətirilə bilər. Bu baxımdan qiymətlər daim dəyişəcək. Xaricdən yanacağı gətirənlər Azərbaycan bazarına nə təklif edəcəksə, qiymət də elə olacaq”. Aİ-95 markalı benzinə Azərbaycanda tələbatın nə qədər olmasına gəldikdə isə Mərkəz rəhbəri deyib ki, bu markanın Azərbaycan bazarında xüsusi çəkisi çox azdır: "Heydər Əliyev adına zavod sözügedən markadan cəmisi 60-65 ton istehsal edirdi ki, bu da ümumi bazarda təxminən 5 faiz yer tuturdu. Yəni Aİ-95-ə tələbat 5 faizdən artıq deyil. Aİ-98-ə tələbat isə hədsiz aşağıdır, demək olar ki, yoxdur. Bu səbəbdən də Aİ-95 markalı benzinin bahalaşması bazarlarda heç bir neqativ təsir göstərməyəcək. Sözügedən benzini ancaq böyük motorlu və bahalı avtomobillər istehlak edir ki, bu cür avtomobil sahibləri əgər keyfiyyətli benzin əldə etmək istəyirlərsə, avtomobillərinin çəkisinə uyğun xərc çəkməlidirlər”. Aİ-95 markalı benzinin "Premium” markası kimi satılmasının sürücülər arasında narazılıq doğurmasına gəldikdə isə İ.Şaban deyib ki, onlar arasında kifayət qədər keyfiyyət fərqi var: "Əslində Aİ-95-i Avropada "Premium” markası adlandırırlar. Amma bizimki ilə onun arasında yerlə göy arasında keyfiyyət dəyişikliyi var. Əvvəllər SOCAR-ın istehsal etdiyi Aİ-95 "Avro-2” standartlarına uyğun gəlirdi. Yeni marka isə "Avro-5” standartındadır. Əvvəlki benzinin okdan dərəcəsi kimyəvi maddələr artırmaq hesabına təmin edilirdi. Hazırda gətirilən isə texnoloji yolla alınmış yüksək keyfiyyətli və təbiidir”.

Şəymən