“Amerika köməyə gəlir!”






Cümə axşamı ictimaiyyətə müraciətlə çıxış edən ABŞ Prezidenti Barak Obama İraqdakı ABŞ rəsmilərini qorumaq və İraq qüvvələrinə kömək etmək məqsədilə "hədəfli hava zərbələrinə” göstəriş verdiyini bəyan edib.

Prezident Obama ABŞ hərbi təyyarələri səmadan İraqın Siniar dağında ilişib qalmış minlərlə adama ərzaq paketləri atdıqdan bir neçə saat sonra çıxış edib.

Biz ehtiyatlı və məsuliyyətli şəkildə potensial genosidin qarşısını almaq üçün hərəkətə keçə bilərik.
Barak Obama
"Bu gün Amerika köməyə gəlir!" deyə Prezident Obama bəyan edib.

ABŞ rəsmiləri üçün başlıca narahatlıq mənbəyi habelə Ərbil şəhərində çalışan ABŞ siyasi və hərbi məsləhətçilərinin taleyidir. Ərbil İraqın kürd regionunun ən iri şəhəri sayılır.

"Biz öz adamlarımızı qorumaq üçün nə lazımdırsa onu da edəcəyik,” deyə Prezident Obama bildirib. "Biz darda olan müttəfiqlərimizi müdafiə edirik.”

Prezident Obama bildirib ki, İŞİD kimi tanınan İraqda və Şamda İslam Dövləti qüvvələri Ərbilə tərəf hərəkət etməkdə davam etsələr o, hərbi qüvvələrə hədəfli şəkildə islamçı militantları havadan vurmağa göstəriş verib.
İraqda sürətlə cərəyan edən hadisələr dini azlıqları sünni müsəlman ekstermistləri tərəfindən qətliam təhlükəsi qarşısında qoyub.
İrəliləyən İŞİD qüvvələrindən qaçan yezidi azlığının minlərlə üzvü dağlarda ac-susuz ilişib qalıb. İŞİD-in xristianların məskunlaşdığı Qaraquş şəhərini zəbt etməsindən və yerli sakinləri ölümlə hədələməsindən sonra minlərlə xristian da evlərindən didərgin düşüb.
Son günlərdə İraqın şimalında irəliləyən islamçı ekstremistlər qadın və uşaq daxil olmaqla çox sayda mülki vətəndaşı qətlə yetirib.
Prezident Obama əlavə edib ki, onun İraqa ABŞ əsgərləri göndərmək niyyəti yoxdur.