Qarabağ danışıqları: Siyasilər prezidentlərin görüşündən ciddi nəticələr gözləmirlər





"Görüşün gedişatı zamanı həm gərginlik aradan qalxa bilər, həm də danışıqlar prosesinə qapı açıla bilər”. Bu barədə "Şərq”ə politoloq Rasim Ağayev Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşünü şərh edərkən bildirib. Ekspertin sözlərinə görə, Qarabağın istər sülh, istərsə də müharibə yolu ilə həll olunması üçün ilk növbədə prezidentlərin danışıqlar aparması vacibdir.

Bu proses olmasa, məsələnin həlli mümkün deyil: "Gərək prezidentlər görüşüb bir-birlərinə münasibətlərini desinlər. Hər üç dövlət lideri öz ölkələrinin ən səlahiyyətli şəxsləridir. Hansısa qərarı qəbul etməkdə onların səlahiyyəti var. Həqiqi mənada tərəflər hazır olarsa, o zaman diplomatik addımlar atıla bilər. Əgər tərəflər sülhməramlı istiqamətdə Soçiyə gələrsə, təbii ki, bu, münaqişənin həllinə heç nə verə bilməz. Ermənistan hakimiyyəti müxtəlif istiqamətlərdən təzyiqə məruz qalıb. Məhz buna görə, onlar istər-istəməz kompromis addımlar ata bilərlər”.

Politoloq Rasim Musabəyov bildirib ki, görüşdə gərgin vəziyyətdə olan Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlar gözlənilir. Amma görüşdə münaqişənin həllinə doğru hansısa böyük irəliləyişin olacağı inandırıcı deyil: "Prezidentlərin görüşü bəlkə yaxın zaman üçün gərginliyin artmamasına təsir edəcək. Rusiya ciddi şəkildə Ermənistana qarşı təsir göstərmədiyi müddətcə bu münaqişənin həllindən nəticə gözləməyə dəyməz. Hələ ki Rusiyanın belə bir addım atacağı hiss olunmur”.

R.Musabəyov düşünür ki, Ermənistanın öz iddialarından əl çəkməsi mümkün görünmür: "Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarını geri qaytarmaq istəyi hələlik duyulmur”.

Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bu görüşdən yenilik gözləmədiyini söyləyib. Deputatın qənaətincə, görüş münaqişənin həllinə deyil, atəşkəs rejiminə əməl olunması istiqamətinə yönələcək. "Ermənistan iradəsiz addım atır, Azərbaycan da öz prinsipial mövqeyini davam etdirir. Amma Rusiya regionda prosesləri bilərəkdən qızışdırdı. İndi isə bu görüşü təşkil edir. Guya atəşkəs rejiminə əməl olunmasının həllini yenə də Rusiya təmin elədi. Amma yenə də problem çözülməmiş qalacaq. Ona görə də yenilik gözlənilmir”.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də bu görüşün Azərbaycan üçün perspektivinin olmayacağını düşünür: "Hesab edirəm ki, regionda baş verən hadisələr bu gün status-kvonun dəyişdirilməsi üçün yetərli deyil. Bu danışıqlar olsa-olsa, atəşkəsin daha sabit şəkildə davam etməsinə yönəlik bir xətt ortaya qoyacaq. Yalnız bu olacaq, bundan başqa hansısa bir irəliləyiş gözləmirəm”.

Ayyət Əhməd