4050 yer boş qalıb

Məleykə Abbaszadə ali məktəblərə qəbulun statistikasını açıqlayıb



`
Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə yerləşdirmənin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Konfrans çərçivəsində TQDK sədri ali məktəblərə qəbulun statistikasını açıqlayıb və 4050 boş yer qaldığını elan edib.

Komitə sədrinin sözlərinə görə, ali məktəblərə qəbulun nəticələrinə əsasən, ixtisas seçimində iştirak etmiş 35995 abituriyentdən 33623 nəfəri tələbə adı qazanıb.

M.Abbaszadə bildirib ki, tələbə adı qazanmış şəxslər avqustun 8-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər: "Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək”.

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi də avqustun 8-dən 13-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent” jurnalının 5-ci sayında dərc olunub). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar.

Gələn il jurnalistikaya qəbul qaydalarında dəyişikliklər olacaq

Komitə sədri onu da vurğulayıb ki, gələn ildən xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün orta ixtisas təhsili müəssisələrinə müsabiqə aparılacaq. O bildirib ki, bu sahəyə sənəd verən gənclər üçün orta məktəblərdə buraxılış imtahanları bir qədər çətinləşəcək: "Belə ki, onlar bu zaman 3 fəndən imtahan verəcəklər”. Komissiya sədri həmçinin bildirib ki, bu il ali məktəblərə sənəd verənlər arasında orta məktəblərdə imtahanda "2” alanların sayı hələ tam bəlli deyil. Bu il jurnalistika üzrə keçid balının 351-369 olduğunu deyən Komissiya sədri bildirib ki, bu nəticənin olacağını proqnozlaşdırırdıq: "Bu qaydalar təkmilləşdiriləcək və biz bunu Mətbuat Şurası ilə birgə işləyəcəyik, onların təkliflərini nəzərə alacağıq. Gələn il qaydalarda müvafiq dəyişikliklər etməyə hazırıq”. M.Abbaszadə deyib ki, jurnalistikaya qəbul üzrə keçirilən yazı müsabiqəsinə buraxılan 400-dən çox abituriyentin 150-si yalnız imtahana gəldi. Çünki yüksək bal toplayan uşaqlar öz seçimlərini etdilər və fikirlərini dəyişərək daha yüksək yerlərə qəbul olmağı seçdilər: "Çünki onların qəbul olmaq istədikləri fakültə jurnalistika deyildi. Deməli, onların müsabiqədə yazdıqları yazıları da səmimi deyildi”.

Tədbir çərçivəsində jurnalistikaya qəbuldakı problemdən danışan Abbaszadə bildirib: "Jurnalistikada qrup yaranmayan universitetlərin məsələsi Təhsil Nazirliyində müzakirə olunacaq. Bu artıq texniki məsələdir. Həm də bu zaman tələbələrin fikirləri də nəzərə alınacaq”.

"Aşağı bal toplayan abituriyentlər ali məktəblərdən xaric olunmalıdır”

TQDK sədri aşağı bal toplayan abituriyentlərin ali məktəblərdən xaric olunmasının vacibliyini də bəyan edib. O bildirib ki, 150 bal toplayan abituriyentlər bu gün müəyyən ixtisasa yiyələnir: "Az bal toplayanlar isə xaricə üz tutur. Təbii ki, bu da xoşagəlməz haldır. Zəiflik var”.

M.Abbaszadə deyib ki, elə abituriyentlər var ki, 600 baldan çox nəticə göstərib, lakin heç bir yerə ərizə verməyib: "Yəqin ki, onlar xaricə üz tutacaq”.

Komissiya sədrinin sözlərinə görə, 500 baldan çox bal toplayan yetərincə abituriyentlər var ki, onlar müəllimliyi seçib və onlara təqaüd veriləcək: "Siyahı Təhsil Nazirliyinə göndəriləcək”.

Komitə sədri tədbirin gedişində növbəti ildən TQDK-nın qəbul prosesində yenilik edəcəyini də deyib. Məleykə xanımın sözlərinə görə, üzümüzə gələn ildən bəzi ixtisaslara qəbul yalnız buraxılış imtahanı ilə aparılacaq: "Gələn ildən müəyyən ixtisaslara qəbul yalnız buraxılış imtahanlarının nəticələrinə uyğun aparılacaq. Əlavə qəbul imtahanı olmayacaq. Amma buraxılış imtahanı çətinləşəcək və üçüncü fənn əlavə ediləcək. Bunlar xüsusi istedad tələb edən ixtisaslardır”.

Şəymən