Əzəmətli Ərdoğan

Hacı Osman Əfəndi: “Bütün dünya ona qarşı ikən tək bir adamın dünyanın məkirli təzyiqlərinə qarşı durması məntiqi idrak baxımından qeyri-adi hadisə kimi dəyərləndirilə bilər”




























Son günlər dünya gündəmində müzakirə olunan xeyli aktual məsələlər var. Qərb-Rusiya qarşıdurması, Ukraynadakı hadisələr, Suriya və İraqda qan tökən İŞİD qruplaşması, İsrailin Fələstini bombalaması və s. olaylar dünya ictimaiyyətinin əsas müzakirə mövzusuna çevrilib. Beynəlxalq aləmin diqqət mərkəzində olan mühüm siyasi proseslərdən biri də qardaş Türkiyədə ayın 10-da keçiriləcək prezident seçkisidir.

Bazar günü baş tutacaq seçkiləri digərlərindən fərqləndirən ən mühüm amil isə prezidentliyə namizəd baş nazir Rəcəb Tayyib Ərdoğan faktorudur. Ekspertlər tərəfindən ən şanslı namizəd kimi dəyərləndirilən Ərdoğanın zəngin təfəkkürü, görüşləri, düşüncəsi və ideyası dünyanın siyasi doktorları ilə yanaşı, tanınmış alimlərin, filosofların da diqqətini özünə cəlb edə bilib. Ərdoğan fəlsəfəsinə heyranlıqla yanaşanlardan biri də, məşhur azərbaycanlı filosof, görkəmli alim, fəlsəfə elmləri doktoru, "Milli İdrak” Partiyasının sədri Hacı Osman Əfəndidir. Osman Əfəndinin Ərdoğanla bağlı görüşlərinə keçməzdən qabaq bu dəyərli alim haqqında oxuculara qısaca məlumat verək. Hərtərəfli və zəngin dərrakəsi, nəcib insani keyfiyyətləri ilə seçilən filosof Osman Əfəndi Azərbaycanın elmi ictimaiyyəti tərəfindən yüksək yaradıcı təfəkkürə malik, saf əqidəli, məsləkdaşlarının dili ilə desək, qibtə ediləcək nəcib bir şəxsiyyət kimi tanınan ziyalıdır. Qədim və məşhur Əfəndilər nəslinin bugünkü davamçısı olan Osman Əfəndi elmi özünün həyat kredosuna çevirərək varlığını bütünlüklə ona bağlayan alimdir. Yüksək idrakı qabiliyyəti, nəzəri ümumiləşdirmələr etmək bacarığı, güclü məntiqə söykənmiş geniş düşüncə tərzi görkəmli filosofa öz istedadını nümayiş etdirmək imkanı verib. Alimin elmi-fəlsəfi yaradıcılığının parlaq cəhətlərindən biri də estetik idrak nəzəriyyəsinin əsaslı tətbiqinə müvafiq olmasıdır. Osman Əfəndi nəinki geniş tədqiqatlara imza atan yaradıcı alim, həm də gözəl, sadə və səmimi insandır. Bunu onunla söhbət zamanı asanlıqla sezmək mümkündür. Osman Əfəndi haqqında çox danışmaq olar, amma oxucuları əsas mətləbdən uzaqlaşdırmamaq üçün bu dəyərli alimin Türkiyənin baş naziri Ərdoğan haqqında "Şərq” qəzetinə paylaşdığı fəlsəfi düşüncələrini, fikirlərini sizinlə bölüşürük...

- Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın çağdaş dünyanın siyasi həyatındakı rolunu, mövqeyini necə dəyərləndirirsiniz?

- Ərdoğanın siyasi həyatda rolu olduqca parlaqdır. Həm də bu parlaqlıq təkcə Türkiyə və bölgə üçün deyil, bütün dünya üçündür. Ərdoğan ilk dəfə olaraq real həyatı ideala müvafiqliklə ölçə bilib. O, reallığı reallıq şəklində qavramağı bacarır və bu reallığın siyasi gerçəkləşməsinə istiqamət verir. Müasir dünyada Ərdoğana bənzər ikinci bir lider görmürəm. Bir çox hallarda dövlət liderləri zahiri hadisələrlə daxili qanunauyğunluq arasında ziddiyyətli siyasi mövqe nümayiş etdirirlər. Yəni reallıqdan kənar danışırlar. Məsələn, Ərdoğanla ABŞ prezidenti Barak Obamanı müqayisə edək. Obama özünü və rəhbərlik etdiyi dövləti dünya hüququnun müdafiəçisi, demokratiyanın atası hesab edir. Axı bu necə demokratik ölkədir ki, müsəlman ölkələrində qırılan minlərlə günahsız insanlara əhəmiyyət vermir. Amma xristian və yəhudilərdən bir nəfər öləndə problemi dünya səviyyəsinə qaldırır. İllərdir təcavüzkar İsrail dövləti kiçik bir bölgənin əliyalın, mülki vətəndaşlarını qırır. Ancaq Obama bunu İsrailin "özünümüdafiəsi” adlandırır. Bu, müdafiə deyil. Təcavüz müdafiə sayıla bilməz. Ağır silahlarla dinc əhalini qırmaqla kimi müdafiə edirlər? Digər qərb dövlətlərinin rəhbərləri də bu cürdür. Götürək, Almaniya kansleri Angela Merkeli. Bu adam İsrailə haqq qazandırır. 1800-dən çox fələstinlinin ölümünə səs çıxarmayan Merkel 16 nəfər silahlı əsgərin yad torpaqda təcavüz məqamında ölümünə görə, İsrail baş nazirinə "kədərini” bildirir. Bu liderlərin hamısı Ərdoğanla müqayisədə demokratik qanunları bilməyən və ya bilərək tapdalayan siyasətçi kimi canlanırlar. Çünki onların fəaliyyətində siyasi proseslərlə reallıq arasında ciddi ziddiyyətlər var. Buna görə də, dünyanın hər hansı siyasi liderinə dəyər verərkən Ərdoğanı əvəz edə bilən, onunla çiyin-çiyinə dura bilən ikinci bir şəxsiyyət tapmaq olmur. Ərdoğan dünyanın bütün siyasi pozğunluqlarına qarşı gələn örnək bir siyasi liderdir. O, dünyanın dağıdıcı və məkirli qüvvələrinə qarşı sinəsini sipər edən fədakar şəxsiyyətdir. Bu, həqiqətən heyrətamiz hadisədir. Bütün dünya ona qarşı ikən tək bir adamın dünyanın məkirli təzyiqlərinə qarşı durması məntiqi idrak baxımından qeyri-adi hadisə kimi dəyərləndirilə bilər.

- Türk dünyası üçün Ərdoğanın önəmi nədir?

- Mən mərhum Prezident Turqut Özalla görüşəndə orada ona dedim ki, "siz bütün türk dünyasının prezidentisiniz”. Çünki harda türk yaşayırsa, onlar eyni zamanda özlərini Türkiyə vətəndaşı kimi görürlər. İstər Yakutiya, istər Kərkük, istərsə də Orta Asiya türkləri olsun, fərqi yoxdur. Düzdür, biz SSRİ-dən ayrılandan sonra müstəqil dövlətlər qurmuşuq. Amma vəhdətlik duyğusu bizdə yeni-yeni formalaşır. Bu formalaşma prosesində örnək və lider Türkiyədir. Bu məntiqə əsasən, türk prezidenti səlahiyyəti daşıyan ləyaqətin və şərəfin zirvəsində dayanmalıdır. Bu böyük, güclü və əzəmətli səlahiyyətə yalnız Ərdoğan nail ola bilib. Ərdoğandan qabaq Özalın və Nəcməddin Ərbakanın da yüksək xidmətləri olub. Amma bunun ən parlaq təcəssümü Ərdoğanda canlandı. Ərdoğan bütün nitqlərində, çıxışlarında türkün birliyinə, mahiyyətinə, böyüklüyünə qiymət verir, səciyyələndirir və siyasi şüur baxımından mənalandırır. Bu səbəbdən Ərdoğan türk dünyası üçün özünü əzəmətli bir şəxsiyyət kimi təsdiq edib. Buna bənzər cəsarətli addımı Özal da atmışdı, təəssüflər olsun ki, ömrü buna imkan vermədi. Ancaq Ərdoğan bu bəşəri arzunu praktik həyata çevirməyi bacardı. Artıq Ərdoğanın sağlam siyasi ideyaları dünyanın mütərəqqi qüvvələri tərəfindən sevilir və dəstəklənir.

- Özal və Ərbakan kimi Ərdoğanın da önünü kəsmək istədilər. Bu məqsədlə dəfələrlə baş nazirin həyatına sui-qəsd etdilər, min cür siyasi oyunlara, təxribatlara əl atdılar. Amma Ərdoğan daha da qabağa getdi və yüksəldi. Bunun sirri nədir?

- Mənim bu barədə subyektiv mülahizəm var. Ərdoğanı qoruyan Allahdır! Mən onun qeyri-adi adam olduğuna inanıram. Ərdoğan adi insan deyil.

- Hansı xüsusiyyətlərinə görə, Ərdoğanı qeyri-adi adam kimi görürsünüz?

- Ərdoğanın qeyri-adiliyi onun təfəkkürünün zənginliyində, fəaliyyətinin elastikliyində, nitqində və yeni ictimai-siyasi, fəlsəfi, əxlaqi meyarlar yaratmasındadır. O, sadə hadisələri mücərrəd hadisələr səviyyəsinə, mücərrəd hadisələri də sadə həyat səviyyəsinə qaldırmağı və endirməyi bacarır. Bu da siyasi həyat üçün çox vacibdir. Buna dialektik məna deyirlər. Ərdoğan siyasi prosesə dialektikcəsinə yanaşır, prosesin yaradıcısı və iştirakçısı olur. Yəni həm nəzəriyyəçi, həm də təşkilatçısı olur. Bu baxımdan Ərdoğan qeyri-adi bir şəxsiyyət və əsl filosofdur. O, dərin fəlsəfi idraka malikdir. Buna görə də, həm fəlsəfənin nəzəriyyəsini söyləyir, həm də ictimai praktikaya tətbiqini həyata keçirir. Belə bir insanın prezident olması çox böyük milli səadətdir. Bütün türk dünyası bu səadəti dərk etməli və qiymətləndirməlidir. Amma təəssüflər olsun ki, Ərdoğana müxalif olanlar bu həqiqəti görmək, qəbul etmək, ya da sadəcə olaraq dərk etmək istəmirlər. Türkçülüyü sevməyən fərqli siyasi düşüncə sahibləri Ərdoğanı bilərəkdən yanlış təbliğ edirlər.

- Türkiyə daxilində və xaricində Ərdoğana qarşı olan qüvvələr var. Bunun səbəbi baş nazirin siyasi uğurlarına olan qısqanclıqdır, yoxsa onun islami mövqeyi din düşmənlərində qıcıq yaradır?

- Hər iki cəhətə görə Ərdoğana həsəd və nifrət edirlər. Baş nazirə şəxsi düşmənçilik edən və qısqananlar çoxdur. Çünki o, çox böyük zirvəni fəth edib. Xalqın bu dərəcədə məhəbbətini qazanmaq, siyasi mahiyyəti açmaq, özünün arzu və istəklərini reallaşdırmaq hər siyasi xadimin işi deyil. Ərdoğanın dövlət və azadlıq haqqında özünəməxsus fəlsəfi nəzəriyyəsi var. O, nəzəriyyəni ortaya qoyur və gözəl şəkildə əsaslandırır. Çıxışlarında dünya ölkələrindəki prosesləri müqayisə edir, qarşılaşdırır, təhlil edir. Hamı Ərdoğanı heyranlıqla dinləyir. Onun çıxışları siyasi həyat üçün gözəl bir örnəkdir. Çünki çəkinmədən Avropa və dünya şüurundakı çatışmazlıqları açıb göstərir. Haqlı olaraq sual edir ki, niyə Afrikadakı insanlar acından ölür, amma Amerikadakı adamlar köklükdən "əziyyət” çəkir?! Əslində bu fəlsəfi konsepsiyaları, bəşəri nəzəriyyələri irəli sürən Ərdoğan eyni zamanda türk düşüncəsini də ortaya qoyur və təbliğ edir.

- Ərdoğanı bütün islam dünyasının xilaskarına, müsəlmanların "xəlifəsinə” çevirən amillər hansılardır?

- Qərb dövlətlərinin uidist (yəhudilərin dini) və xristian təəssübkeşliyi göz önündədir. Az qala bütün dünya islama düşmən kəsilib. Bu yanaşmanın əleyhinə olan Ərdoğan siyasi proseslərə dünya meyarları ilə yanaşır və indiki beynəlmiləl meyarların çatışmazlıqlarını açıb göstərir. Yəni baş nazir deyir ki, müsəlmanların kütləvi şəkildə qırılması, uşaq, qadın və qocaların öldürülməsi anti-bəşəri hərəkətdir. Ərdoğanın müsəlman dünyasının başına gətirilən bu faciələrə dərhal kəskin reaksiya verməsi və məzlumları müdafiə etməsi onun insani böyüklüyündən irəli gəlir. O, haqsızlığın qarşısında dayanır. Çünki Allah qatında məsuliyyətini dərk edir və ilahi hökmə əsaslanaraq əzilən yanında durur. Eyni zamanda Ərdoğan islam dünyasında yaranmış problemləri aradan qaldırmağa, boşluğu doldurmağa çalışır. Buna görə də, bütün ərəb və müsəlman dünyası onu sevir və uşaqlarına onun adını verirlər. Artıq Ərdoğan bu gün bütün islam dünyasının haqq və cəsarət meyarıdır. Onun islam dünyasına xəlifə olması vacib deyil. Ən mühümü odur ki, Ərdoğan islam birliyinin yaradıcısı olmağı bacardı. Mən onun haqqında üç anlayışı səciyyələndirirəm: - Birincisi, qüdrətli Ərdoğan, ikincisi, əzəmətli Ərdoğan, üçüncüsü, filosof Ərdoğan. Onun özünəməxsus keyfiyyətləri çoxdur. Fiziki hazırlığı, tükənməz enerjisi isə insanı heyran qoyur. Fikrimcə, bu, fizioloji cəhətlə bağlı deyil. Onun enerjisi ilahi vergidir. Eyni zamanda Ərdoğanın siyasi fəaliyyətini səciyyələndirən xüsusiyyətlərdən biri də, Türkiyədə iqtisadi sıçrayış yaratmasıdır.

- Yeri gəlmişkən, Ərdoğanın yüksələn xətt üzrə inkişaf edən iqtisadi siyasətini bir filosof alim kimi necə təhlil edərdiniz?

- Türkiyədə iqtisadi sıçrayışı qiymətləndirmək üçün Ərdoğanın 12 illik hakimiyyəti ilə Türkiyə Cümhuriyyətinin bundan əvvəlki tarixləri ilə müqayisə aparmaq kifayətdir. Bu gün dünya həyatının siyasi məzmunu əsasən, iqtisadi meyarlara tabe tutulur. Yəni hər zaman bir ölkənin dünya mövqeyindəki rolu onun iqtisadi durumu ilə qiymətləndirilir. Bu baxımdan Ərdoğanın siyasi qüdrəti fövqəl səviyyədə dayanır. Heç bir dövləti və ya dövlət başçısını Ərdoğanla müqayisə etmək mümkün deyil. Hətta ABŞ kimi özünü dünyanın dayağı hesab edən dövlətdə belə Türkiyədəki kimi iqtisadi sıçrayış olmayıb. Sözün həqiqi mənasında Ərdoğanın təmsil etdiyi hökumət "iqtisadi sıçrayış” anlayışının parlaq ifadəsini yarada bilib. Yaxın keçmişdə Türkiyə siyasi həyatında dövləti idarə edənlərin zəifliyi ucabatından dəfələrlə iqtisadi tənəzzülün şahidi olmuşuq. Mərhum Özal da Türkiyədə iqtisadi dirçəliş yaratdı. Lakin Türkiyənin daxili və xarici düşmənləri bu inkişafın qarşısını almağa nail oldular. Ərbakan da bu meylə və taleyə yaxın oldu. Lakin Ərdoğanın siyasi əzəməti və fəlsəfi təfəkkürü sayəsində iqtisadi sıçrayış öz real təcəssümünü doğura və yaşada bildi. Bununla da Ərdoğan çağdaş dünyanın siyasi həyatında yeni siyasi meyarların yaradıcısı kimi özünü təsdiqlədi.

- Siyasətçinin ən mühüm silahı onun natiqlik bacarığıdır. Ərdoğanın təsirli nitqini necə dəyərləndirirsiniz?

- Boş-boşuna bəlağətli sözləri, mənasız, reallığa uyğun olmayan fikirləri söyləməklə natiqlik səviyyəsinə ucalmaq olmaz. Natiqlikdə məntiqi təfəkkür olmalıdır. O insan əzəmətli natiq sayılır ki, onun fəlsəfi təfəkkürü, düşüncə tərzi olsun. Bu baxımdan Ərdoğan qaynar bulağa bənzəyir. Onun gözəl natiqliyi yaradıcı təfəkkürünün və yaradıcı təxəyyülünün zənginliyindən irəli gəlir.

- Ərdoğanı "islamçı”, "ərəbçi” kimi dəyərləndirənlərə cavabınız nədir?

- Ərdoğanı "ərəbçi” kimi dəyərləndirənlər sadəcə olaraq ona paxıllıq edən kor təfəkkürlü insanlardır. Türklər min illər boyu islam şüuru ilə yoğrulub, bütövləşib. Türklə islamı bir-birindən ayırmaq olmaz. Ərdoğan da müsəlmandır. Xristianların və ya yəhudilərin xoşu gəlmir deyə öz dinini inkar etməli deyil ki? O, digər dinlərin mənsublarına da hörmətlə yanaşır. Ərdoğan Türkiyədə millətçiliyin sağlam əsasını qoydu. Türk millətçiliyi məhz belə olmalıdır. Bəzən görürsən ki, türkləri millətçi adı ilə islamdan təcrid edirlər. Bu, yanlış yanaşmadır. Ərdoğan isə bu yanlışlıqdan çox kənardadır. Ona görə ki, o, həqiqətin mahiyyətini dərk edir. Ərdoğanın ən böyük yeniliyi, üstünlüyü ondadır ki, o öz xalqının şərəfli tarixinin üstündən xətt çəkmir və çəkənlərə də haqlı olaraq dözümsüzlük göstərir. Şanlı Osmanlı tarixini silmək və islam şüurunu ləkələmək istəyənlər heç vaxt haqlı sayıla bilməz.

- Ərdoğan fəlsəfəsi və düşüncəsi türk toplumunun qalıcı dəyərinə çevriləcəkmi?

- Azərbaycanın ictimai fikrində belə bir söz var: - "bir kərə yüksələn bayraq, bir daha enməz”. Əgər bir düşüncə tərzi haqqa söykənirsə, o mütləq qalib gələcək və ölməzliyə çevriləcək. Ərdoğan ideyalarının ölməzlik qazanacağına əminəm. Türk gəncliyinin Ərdoğana olan sevgi dolu münasibəti fikrimizin təsdiqidir. Əzəmətli Ərdoğan obrazı gələcək nəsillər üçün örnəkdir.

- Ayın 10-da keçiriləcək prezident seçkisində namizəd Ərdoğana arzunuz, diləyiniz nədir?

- Ərdoğana siyasi fəaliyyətində və şəxsi həyatında uğurlar diləyirəm. Əlbəttə, bizim istəyimiz odur ki, Ərdoğan Türkiyənin prezidenti seçilsin. Çünki onun prezidentliyi bütün türk və müsəlman dünyasının, ümumiyyətlə, tərəqqipərvər bəşəriyyətin xeyrinə olacaq.

İsmayıl