Nazir dilemma qarşısında qalıb

Ancaq ekspertlər deyir ki, vəziyyətdən çıxış yolu var




Təhsil naziri Mikayıl Cabbarov saxta diplomlu müəllimlərlə bağlı dilemma qarşısında qaldıqlarını deyib. Rusiyalı blogger Vyaçeslav Sapunova verdiyi müsahibədə təhsil naziri ölkədə 2 mindən artıq müəllimin saxta diplomla işlədiyini bildirib. Nazirin sözlərinə görə, bütün məlumatlar Baş Prokurorluğa təqdim edilib, hazırda istintaq gedir. Saxta diplomlu müəllimləri hətta adbaad tanıyırlar, lakin problem onların işdən azad edilməsindədir. "2 mindən çox müəllimin eyni vaxtda işdən çıxarılması təhsildə ciddi problem yarada bilər, çünki onları əvəzləməyə adam yoxdur. Onların çoxu kənd məktəblərində dərs keçir”.

Bununla da təhsil naziri saxta diplomlularla mübarizə aparmağa əngəl olan səbəbi açıqlayıb; kənd məktəblərində müəllim çatışmazlığı problemi. Təbii ki, saxta diplomluların hamısı kənd müəllimi deyil. Onların arasında paytaxt məktəblərində çalışanlar da var, yəqin ki. Yəni, müəllim çatışmazlığı həqiqətənmi saxta müəllimlərin işdən kənarlaşdırılması yolunda keçilməz əngəldir? Bu vaxta qədər təhsil sahəsi rəsmiləri tamam başqa açıqlamalarla çıxış ediblər. Müəllim ixtisasını seçənlərin bolluğundan, hər il ali məktəblərin yüzlərlə müəllim kadrı "istehsal” etməsindən danışıblar. Hətta bir ara, müəllim ixtisasına qəbulun azaldılmasını təklif edənlər də vardı. Elə məhz müəllim kadrlarının çoxluğu səbəbindən, işlə təminatda problemlərin yaranması baxımından. Bəs nə oldu? İndi də müəllim qıtlığı ortaya çıxdı? Təhsil nazirinin saxta diplomlulara yönəlik "onları əvəzləməyə adam yoxdur” açıqlaması əsaslı səbəbdən çox bəhanəyə də bənzəyir...

Ekspertlərsə saxta diplomlu müəllimlər məsələsində fərqli mövqedən çıxış edir.

Təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında saxta diplomluların əvəzlənməsinin tədricən icra edilməsinin tərəfdarıdır. Onun sözlərinə görə, proses yavaş-yavaş aparılmalıdır:

- Nazir düzgün qərar verir. Elə bir vəziyyətdir ki, bəzi orta məktəblərdə hətta orta məktəbi bitirənləri də müəllim kimi işlədirlər. Bu, çox ciddi problemdir, amma saxta diplomlu müəllimlərin yerinə hər kim gəldi, işə qəbul etmək də olmaz. Bir dəfə buraxılmış səhv yenidən təkrarlanmalıdır. Müəllimlərin işə qəbulu prosesi ciddi şəkildə aparılmalıdır. Bizim qarşımızda başqa yol yoxdur. Vəziyyət elə bir həddədir ki, 2 pis yoldan birini seçməliyik. Ya, bu saxta diplomluları kütləvi işdən azad edib, sinif otaqlarını boş qoymalıyıq, ya da müəyyən müddət dözməliyik ki, tədricən onları həqiqi ali təhsilli müəllimlərlə əvəzləyək. Amma məsələ burasındadır ki, kəndə işləməyə getmək istəyənlər də azdır. Ona görə də nazirlik çətinliklə üzləşib.

Saxta diplomların hansı ali təhsil müəssisələri və kimlər tərəfindən verildiyinə gəlincə, N.Qulamoğlu bu məsələlərin sabiq təhsil nazirindən xəbərsiz aparıldığını güman edir:

- Bu məsələdə, bəlkə də ən az marağı olan tərəf sabiq təhsil naziridir. Məndə olan bilgiyə əsasən həmin saxta diplomlar əsasən Müəllimlər İnstitutu və onun filialları tərəfindən verilib. Bu işdə daha çox adı hallanan Aqiyə Naxçıvanlıdır. Müəllimlər İnstitutu da, onun filialları da heç vaxt Təhsil Nazirliyinə tabe olmayıblar.

"XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə saxta diplomluları məktəblərdən kənarlaşdırmağın optimal yolunu təklif etdi:

- "2005-2009-cu illərdə Azərbaycan Respublikası ümumtəhsil şəbəkəsinə daxil olan məktəblərdə pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı” qəbul olunub. Bu proqrama uyğun olaraq kənd yerlərindəki məktəblərə pedaqoji kadrların cəlb olunmasında həvəsləndirici tədbirlər haqqında Nazirlər Kabinetinin 2004-cü il tarixli sərəncamı var. 5 il ərzində bu proqram icra olunmalıydı. İxtisaslı kadrların hazırlanması, kənd məktəblərində işləyəcək müəllimlərə torpaq sahələrinin verilməsi və s. bir sıra əlavə tədbirlər nəzərdə tutulurdu. Xeyli sayda müəllim həvəsləndirici tədbirlərə görə kəndlərə getdi. Amma 1 il sonra hamısı geri qayıtdı. Niyə? Çünki proqram tam icra olunmadı. Yarımçıq qaldı. Burada Təhsil Nazirliyi ilə yanaşı, yerli icra hakimiyyətləri də məsuliyyət daşıyırdı. Elə məsələlər vardı ki, nazirlik yerinə yetirmədi, elə məsələlər vardı, icra hakimiyyətləri. Məsələn, müxtəlif məlumatlar çatırdı ki, icra hakimiyyətləri kənd müəllimlərinə torpaq sahəsi ayırmır, deyirlər, boş torpaq sahəsi yoxdur, yaxud evlə təmin etmirlər. Təbii ki, bu halda müəllimlərin də geri qayıdacağını gözləmək olardı. Belə də oldu. İndi isə kənd məktəblərində müəllim çatışmazlığından gileylənirlər. Əlbəttə, müəllim çatışmayacaq. Proqramın icra olunmaması səbəbləri araşdırılmalı və təkrar o proqramın icrasına qayıdılmalıdır. Birinci yol budur. İkincisi, məlumdur ki, müəllimlər işə imtahanla qəbul olunurlar. İmtahanlarda iştirak edənlərin diplomları ciddi yoxlanmalıydı. Komissiya gərək bu işə diqqətli yanaşaydı. Tutalım, belə olmayıb. Səhlənkarlıq üzündən saxta diplomlular işə qəbul edilib. Yenə də çıxış yolu var. İşə qəbul imtahanında aşağı bal toplayanları saxta diplomluların əvəzinə işə qəbul etsinlər. Qeyri-ixtisaslı müəllimlərin dərs deməsindənsə, imtahan göstəriciləri nisbətən aşağı olan, amma müəllimlik ixtisası almış şəxslərin məktəblərə yönləndirilməsi daha düzgündür. Bu şəxslər mərhələli şəkildə təkmilləşdirmə, ixtisasartırma kurslarına cəlb oluna bilər. Yəni, bunu əsas gətirmək ki, 2 mindən çox saxta diplomlunu işdən kənarlaşdırsaq, yerləri boş qalacaq, bu, ciddi arqument deyil. Çıxış yolları var və bunlar icra oluna bilər. Elə məktəblər var ki, şagird sayı çox azdır. Bu məktəbləri birləşdirmək yolu ilə də saxta diplomluları kənarlaşdırmaq, ixtisaslı və əsl müəllimlərin işləməsini təmin etmək mümkündür.