Heç nə gürcülərin yadından çıxmayıb

“Hazırkı hökumət Saakaşvilinin qazandığı siyasi kapitalları artırmaq əvəzinə, zəiflədib”



Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və keçmiş baş nazir Vano Merabişvilini həbs təhlükəsi gözləyir. Ölkənin baş prokurorluğu keçmiş hökumət nərdivanında təmsil olunan fiqurlara qarşı yeni ittiham irəli sürüb. Adıçəkilən siyasilər 2005-ci ildə həmin vaxt Gürcüstan parlamentinin deputatı olan Valeri Qelaşvilini döyməkdə təqsirləndirilir. Tiflis şəhər məhkəməsi 2 avqustda Saakaşvili barəsində ehtiyat tədbiri kimi qiyabi həbs hökmü çıxarıb.

Saakaşvili və onun yaxın ətrafı iddiaların saxta və sifarişli olduğunu bildirir. "Məhkəmə bizim tərəfimizdən təqdim edilən arqumentləri nəzərə almadı. İttiham haqqında qətnamə heç bir sübut olmadan çıxarılıb. Prokurorluq əvvəlcə ittihamı təqdim edib. Daha sonra isə Burjanadzeni (parlamentin keçmiş sədri) sorğu-sual etməyə və sübutları yaratmağa başlayıb. Konkret hədəf Saakaşvili və onun yaxın ətrafıdır. Qalanlar onları maraqlandırmır. Bu isə onu göstərir ki, sözügedən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi siyasi sifarişdir”.

Məlumat üçün bildirək ki, Gürcüstan Baş Prokurorluğu Saakaşvili barəsində cinayət işinin başlandığını elan edib. İyulun 29-da isə sabiq dövlət başçısına 2007-ci il oktyabrın 7-də müxalifət aksiyasının dağıdılması, "İmedi” telekanalını viran etmə və bu telekanalın təsisçisi Badri Patarkatsişvilinin mülkiyyətinin əlindən alınması ilə bağlı iş üzrə vəzifə səlahiyyətlərini aşmaqda qiyabi olaraq iddia irəli sürülüb.

Saakaşvili hökuməti devrildikdən sonra Gürcüstanda rüşvət və korrupsiyanın gücləndiyini söyləyən politoloq Natiq Miri "Şərq”ə açıqlamasında qeyd edib ki, indiki lider müsbət heç bir iş görməyib: "Əksinə, hazırda Gürcüstanda bürokratik süründürməçilik çiçəklənməyə başlayıb. Məhkəmə sistemində ədalətsizliklər yaşanır. Gürcüstan vətəndaşları Saakaşvilinin hakimiyyəti illərinə qayıtmaq istəyirlər. İndiki siyasi elitanı narahat edən də məhz budur”.

Ekspertin qənaətincə, hazırkı hökumət Saakaşvilinin qazandığı siyasi kapitalları artırmaq əvəzinə, zəiflədib: "Müəyyən qondarma cinayət işlərini ortaya atmaqla onun imicinə zərbə vurmaq istəyirlər. Saakaşvilinin yenidən hakimiyyətə gəlməsindən ehtiyatlanırlar. Xalq sabiq prezidenti tələb edir. Saakaşvili ölkədə demokratiyanın təməl prinsipini qoyan lider olub. Ona görə də indiki dövlət rəhbəri Georgi Marqvelaşvili administrasiyasının belə çirkin əməlləri işə yaramayacaq. Eks dövlət başçısının qurub, yaratdıqları ölkə ictimaiyyətinin yadından çıxmayıb”.

Ayyət Əhməd