Rusiyanın miqrant “ovu” davam edir

“Avtomatik sistem hansı şəxs haqqında mənfi informasiyalar verirsə, həmin adam Rusiyaya buraxılmır”




Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romadanovskinin verdiyi məlumata görə, bir milyona yaxın əcnəbinin ölkəyə girişinə qadağa qoyulub. MDB ölkələrinin siyahıya liderlik etdiyini deyən komitə rəhbəri bildirib ki, Rusiya qanunvericiliyini pozan əcnəbilərin ölkəyə girişini yasaqlayan avtomatik sistem effektli nəticə verib və Rusiyaya kütləvi giriş azalıb.

Rusiyada qanunsuz fəaliyyət göstərən miqrantların içində xeyli sayda azərbaycanlının olduğunu nəzərə alsaq, avtomatik sistemin vətəndaşlarımız üçün arzuolunmaz amil olduğunu demək olar. Məsələyə münasibət bildirən bir çox ekspertlər də Rusiya sərhəddində tətbiq edilən yeniliyin həmin ölkəyə üz tutan miqrantları narazı saldığını deyirlər. Yeni sistem haqqında məlumat verən miqrasiya problemləri üzrə hüquqşünas Azər Allahverənov bildirib ki, qeyri-qanuni miqrasiya proqramı çərçivəsində tətbiq edilən avtomatik sistem hansı şəxs haqqında mənfi informasiyalar verirsə, həmin adam Rusiyaya buraxılmır: "Bu sistemin mövcud qaydalarına görə, ölkə ərazisinə daxil olarkən Federal Miqrasiya Xidməti öz məlumat bazası ilə araşdırma aparır və müəyyən edir ki, konkret olaraq hansısa miqrant filan vaxt Rusiyada olanda inzibati qaydaları pozub və ya qeydiyyatla bağlı hansısa pozuntulara yol verib. Ona görə də barəsində inzibati cəza tətbiq olunan "şuluq” vətəndaşların Rusiyaya girişinə icazə verilmir”. A.Allahverənov Rusiyadakı azərbaycanlıların böyük əksəriyyətinin orada qanuni əsaslarla yaşadığını deyib: "Qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlıların sayı çox deyil. Ortaya çıxan rəqəmlərdə də konkret olaraq göstərilir ki, Özbəkistan və Tacikistan bir milyonun təqribən 600 minini təşkil edir. Yerdə qalan 400 min miqrant isə Qırğızıstan, Azərbaycan və digər ölkələrin payına düşür. Əslində Azərbaycanla bağlı konkret rəqəm var. Bir müddət əvvəl Rusiya Federal Miqrasiya Xidmətindən verilən informasiyaya görə, 230 mindən çox azərbaycanlı Rusiyaya buraxılmayıb. Təbii ki, bu insanlar Rusiyaya işçi miqrantlar olaraq, yəni həyat səviyyəsini yüksəltmək məqsədi ilə gedənlərdir. Əgər onların ölkə ərazisinə girişi qadağan edilirsə, deməli, həmin insanlar qazanc əldə etmək imkanından məhrum olurlar. Eyni zamanda bir neçə il bundan qabaq Rusiyanın hansısa şəhərində bilərəkdən və ya bilməyərəkdən qanun pozuntusuna yol verən azərbaycanlılar da sistemdən rədd cavabı alırlar”. Ekspert qeyd edib ki, avtomatik sistemin tətbiqindən sonra Rusiyaya gedən azərbaycanlı miqrantların sayı azalıb: "Rəqəmləri nəzərdən keçirdikdə görürük ki, keçən ilin yekunlarına görə, Azərbaycandan Rusiyaya 650 mindən çox vətəndaşımız gedib. Amma bu ilin nəticələrinə görə, təqribən 600 min azərbaycanlı şimal qonşumuza üz tutub. Deməli, 50 min nəfər azərbaycanlı Rusiyada əmək fəaliyyəti ilə məşğul olmaqdan vaz keçib. Böyük ehtimalla onlar müəyyən pozuntulara görə Rusiyaya buraxılmayan şəxslərdir. İlk baxışda bu rəqəm az görünə bilər. Amma nəzərə alsaq ki, hər miqrant bir ailə saxlayır, onda vəziyyətin nə qədər mürəkkəb olduğunu dərk etmək olar”.

İsmayıl