Aysel Əlizadəni “bombaladılar”

“Öləndən sonra tabutu qücaqlayıb, vay-şüvənlik salmaq Ələviyyə Babayevaya qarşı gənclərin hörməti deyil"





 Gənc yazarlar öz "Facebook” səhifələrində dünən  səhər saatlarında dünyasını dəyişən yazıçı Ələviyyə  Babayevaya qarşı diqqətsizlikdən şikayətlənib. Bu  barədə şəxsi səhifəsində yazan Aysel Əlizadə  yazıçının sıradan biri kimi dəfn edilməsini  bağışlanmaz hesab edib: "Hörmətli media  qurumları, yenə ümid sizədir. Azərbaycanın çox  istedadlı, böyük yazıçılarından biri, çağdaş  nəsrimizin banilərindən olan Ələviyyə Babayeva  dünyadan köçüb.

 Onun sıradan biri kimi heç bir tədbir görülmədən dəfn  olunması günahdır. Özümü bağışlaya bilmirəm. Sağ  olduğunu belə bilmirdim. Biz öyrənmədik o necədir, nə düşünür, necə yaşayır, nə deyərdi və niyə susur uzun illərdir. Özümü heç bağışlamayacam. Çox ayıb hiss edirəm üstümdə. Əziz həmkarlar, hay salın, işıqlandırın, yiyəsiz qoymayın. AYB-dən ümid tamam kəsilib. Yenə yaşasın 4-cü hakimiyyət. Çox pisəm, üzgünəm, utanıram”.

Şıxəli Qurbanovun qızı, sabiq millət vəkili, eyni zamanda yazıçı Ələviyyə Babayevanın yaxın dostu Gülnarə Qurbanova da yazıçının ölümünə biganəlikdən gileylənib. Onun sözlərinə görə, prezident təqaüdçüsü olan yazıçının dəfnində sadəcə qohumları iştirak edib və adi, sıradan biri kimi dəfn edilib: "AYB-dən ancaq Fikrət Qoca dəfn mərasiminə gəlib. Başqa heç kim. Yalqız insanlar kimi dəfn edilib. Onun kitablarından neçə-neçə nəsil yetişib, maariflənib. Bizim yaşlı nəsil qadın yazarlarımızdan sonuncusu idi. Məgər Azərbaycanda 93 yaşında vəfat edən qadın yazarlarımız çoxdur?”.

Yazıçılar Birliyinin katibi Rəşad Məcid isə qeyd edib ki, dünyadan köçmüş yazıçı ilə vida mərasiminin keçirilməsi bir protokol qaydasıdır və ancaq "xalq yazıçısı” adını almış və rəsmi titulları olan şəxslər üçün keçirilir: "Ələviyyə Babayevanın bu kimi titulları olmadığına görə, o, vida mərasimi keçirilmədən, sakit şəkildə dəfn olundu. Ancaq AYB üzvləri onun dəfnində iştirak ediblər. AYB onun vəfatı ilə əlaqədar ailəsinə başsağlığı göndərib və bu, mətbuatda da dərc olunub”.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza da öz növbəsində Yazıçılar Birliyinin dəfn, vida mərasimlərinin təşkili ilə bağlı heç bir öhdəliyi olmadığını vurğulayıb: "Bu barədə dövlət qurumları tərəfindən qərar verilir və AYB də onu həyata keçirir. Bu məsələdə Azərbaycan Yazıçılar Birliyinin adını yanlış olaraq hallandırırlar. AYB xatirə günü, anım mərasimi, yaradıcılıq gecəsi keçirə bilər, ancaq dəfn mərasiminə müdaxilə etmir. Dövlətin özünün siyasəti var ki, kim hansı statusdadır, harada dəfn olunmalıdır, harada vida mərasimi keçirilməlidir. Yazıçılar Birliyi isə bugünə qədər heç zaman bu məsələlərə qarışmayıb. Bunu Mədəniyyət və Turizm Nazirliyindən soruşa bilərsiniz. Yazıçılar Birliyi dəfndə iştirak edib başsağlığı verir, hətta maddi yardıma ehtiyac olarsa, onu da edir. Qaldı ki Ələviyyə Babayevanın dəfninə, AYB-nin əksər üzvləri dəfndə iştirak edib”.

...Əsər yazıb, gündəmə gəlsinlər, ölümdən şou düzəltməsinlər

Ələviyyə Babayevaya qarşı diqqətsizlikdən gileylənən yazarlara ən sərt reaksiyanı isə Qəşəm Nəcəfzadə verib. AYB-ni biganəlikdə günahlandıran gəncləri Nəcəfzadə, Ələviyyə Babayevanın ölümündən istifadədə ittiham edib:

"Başda Aysel Əlizadə olmaqla, bu gün Ələviyyə Babayevanı müdafiə edənlərin heç biri heç vaxt mərhum yazarı bəyənməyiblər. Bu gün sosial şəbəkələrdə onu müdafiə edənlərin, dəfn mərasiminə diqqətsizlikdən şikayətlənənlərin hamısı onun ölümündən istifadə edirlər. Adam ölümdən sui-istifadə etməz. Adam ölümlə hörmət qazanmaz. "Ələviyyə Babayevanın dəfnində niyə Yazıçılar Birliyinin sədri Anar və ya digər rəhbər şəxslər iştirak etmədi” deməklə gündəmə gəlmək yaxşı iş deyil. Ən pisi də odur ki, yazdıqları onların səmimi fikirləri deyil. Çünki onlar heç vaxt Ələviyyə Babayevanın yaradıcılığına qiymət verməyiblər. Bu günə qədər bircə dəfə belə olsa, ona baş çəkib, ziyarət etməyənlər necə olur ki, birdən-birə kütləvi şəkildə baş qaldırdılar. Aysel Əlizadə və anası mərhum yazıçını sağlığında ziyarət edib? Bəlkə, öz statuslarında AYB-ni ittiham edən gənc yazarların hansısa gedib? İndi onun ölümündən xal yığmağa çalışırlar, belə diqqətli idilərsə, vaxtında onu yoxlayardılar. Bir dəfə onun haqqında yazı yazardılar. İndiyə qədər Aysel Əlizadə niyə gedib, ondan müsahibə götürüb, problemlərini işıqlandırmırdı? Öləndən sonra tabutu qucaqlayıb, vay- şüvənlik salmaq Ələviyyə Babayevaya qarşı gənclərin hörməti deyil. Bütün bu səs-küy birmənalı olaraq, Yazıçılar Birliyinə qarşı təxribatdır”.

Ə.Babayevanın vida mərasiminin təşkilinə gəldikdə isə Q.Nəcəfzadə mərhumun heç bir dövlət titulu olmadığı üçün AYB-nin belə bir öhdəliyi olmadığını vurğulayıb: "O, xalq yazıçısı olmayıb. Nə "Şərəf”, nə "İstiqlal”, nə də "Şöhrət” ordenləri var. Onun dövlət titulları olsa idi, təntənəli dəfn mərasiminin düzənlənməsi və 1-ci, yaxud da 2-ci Fəxri Xiyabanda dəfn olunması ilə bağlı ölkə başçısının sərəncamı və Nazirlər Kabinetinin göstərişi ilə icra olunardı. AYB öz səlahiyyətləri çərçivəsində üzərinə düşəni edib. Yazıçılar Birliyinin rəhbər şəxsləri də, rəsmi üzvləri də onun dəfnində iştirak edib, ailəsinə başsağlığı verib, mətbuatda da dərc olunub. Onun yaradıcılığına və şəxsiyyətinə hər kəsin hörməti var. Amma torpağın altı hər yerdə eynidir. Nə fərqi var, Fəxri Xiyaban oldu, ya adi qəbiristanlıqda? Əslində onlar üçün də bunun heç bir fərqi yoxdu. Sadəcə özlərini reklam eləmək, gündəmə gəlmək üçün Ələviyyə Babayevanın ölümündən yararlanıb, şou yaradırlar. Mənim onlara sözüm odur ki, əsər yazıb, gündəmə gəlsinlər, ölümdən şou düzəltməsinlər”.

Şəymən