Məhkumun həbsxanada evlənməsi müsbət hadisədir

Bu həmin şəxsin azadlığa çıxandan sonra cəmiyyətə adaptasiyasını da asanlaşdırır



Həbsxanada daha bir cütlük ailə həyatı qurub. Nikah mərasimi 3 saylı İstintaq təcridxanasında baş tutub. Həmin cəzaçəkmə müəssisəsində saxlanılan Filidan Rüstəmovun müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onların nikah mərasiminin keçirilməsinə icazə verərək müvafiq şərait yaradıb.

Rüstəmov Filidan ilə Hüseynova Sevincin nikahı 2 saylı Bakı "Asan Xidmət” mərkəzi tərəfindən qeydə alınıb.

Qeyd edək ki, "ASAN” xidmət tərəfindən ilk dəfədir belə bir nikah rəsmiləşdirilib. Hüquq müdafiəçiləri isə bunu qanunun aliliyi və humanistliyi ilə əlaqələndirirlər.

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov "Şərq”ə qanunlarımızın məhkumun həbsxanada ailə qurmasına icazə verdiyini bildirib: "Yəni cəza çəkərkən rəsmi nikaha qeydiyyata düşə bilər. Bu, mümkündür. Belə addımların atılmasını müsbət qiymətləndirirəm və alqışlayıram”.

O, "ASAN” xidmətin belə bir təşəbbüsünü dəstəkləyib və fəaliyyətindən razılıq edib: "Bu qurumun fəaliyyətindən bir vətəndaş kimi narazı deyiləm. Mən bir neçə dəfə xidmətin Yasamal filialına müraciət etmişəm və qısa bir zamanda və yüksək səviyyədə məsələmi həll etdilər”.

E.Behdudovun digər həmkarı Novella Cəfəroğlu isə buna qədər həbsxanalarda kifayət qədər ailələrin qurulduğunu söyləyib: "Ancaq "ASAN” xidmətin belə bir nikahı asanlıqla qeydə alması təqdirəlayiqdir. Çünki həmin məhkumun artıq ailəli olması onun cəmiyyətə yenidən qaytarılması və islahı baxımından daha xeyirlidir”.

Vüqar Şahinoğlu