"Mixaylo" Bakıdadır- Jirinovski gəldi





Diplomatik mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvünün uçduğu təyyarə saat 15:00 radələrində Bakı aeroportuna enib.
Bu məlumatı Azərbaycanın Rusiyadakı səfirliyindəki mənbələr veriblər. Amma öz qalmaqallı çıxışları ilə tanınan rusiyalı siyasətçinin Bakı səfərinin proqramı indiyədək də bəlli deyil.
Qeyd edək ki, Jirinovskinin Bakı səfəri ətrafında neçə vaxt idi müxtəlif fikirlər dolaşırdı. Bəzi KİV-lər gah öz diplomatik mənbələrinə, gah da LDPR liderinin yaxın ətrafına istinadən belə xəbərlər yaymışdılar ki, Jirinovski Bakı səfərini təxirə salıb, ümumiyyətlə, Azərbaycana gəlməyə hazırlaşmır.
Amma Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rusiyalı siyasətçinin gözlənilən Bakı səfəri ətrafındakı şübhə haləsini dağıtmışdı. Səfir virtualaz.org saytına açıqlamasında demişdi ki, Jirinovski Azərbaycana Milli Məclisin xətti ilə dəvət olunub və o, Bakıya mütləq gələcək.