“Boş yerə özümüzü aldatmağa dəyməz”

Qulamhüseyn Əlibəyli: “Azərbaycan, ümumiyyətlə ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən rəsmən imtina etməlidir”


Günlərdir müzakirə olunan Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu da münasibət bildirib. Bu barədə jurnalistlərin suallarını cavablandıran nazir Ermənistanla sərhədlərin açılmasında maraqlı olduqlarını gizlətməyib. Çavuşoğlu bəyan edib ki, erməni məsələsində Türkiyə həmişə ilk addımı atır, rəsmi İrəvan isə buna cavab vermir və Türkiyənin uzatdığı əl havada qalır.

Xatırladaq ki, indiyə qədər Türkiyə rəsmiləri Ermənistanla sərhədlərin Dağlıq Qarabağ məsələsi həll olunmadan açılmayacağını bəyan edirdilər. Ancaq Ankarada keçirilən məlum konfransdan sonra ölkə ictimaiyyətində sərhədlərin açılmasını tələb edən bəzi şəxslər meydana çıxıb. Bu insanlar hər vəchlə türk xalqını inandırmağa çalışırlar ki, ermənilərlə sərhədlərin açılması bölgədə yaşayan əhalinin sosial durumuna müsbət təsir göstərəcək. Həm bu məsələ, həm də dünyada və ölkədə baş verən digər mühüm siyasi proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli öz fikirlərini bizimlə bölüşüb...

- Sizcə, Türkiyə-Ermənistan sərhədlərinin açılması reallaşa bilərmi və reallaşarsa, bu, bəzilərinin iddia etdiyi kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərərmi?

- Sərhədlərin açılacağını və ya konkret bağlı qalacağını iddia etmək düzgün olmaz. Amma məsələ burasındadır ki, Ermənistan heç vaxt öz işğalçılıq siyasətindən əl çəkməyəcək. Əgər sərhədlər açılarsa, bu, Azərbaycan üçün əlavə problemlər yaradacaq. O cümlədən Türkiyənin özü üçün də sərhədlərin açılması ciddi başağrısına çevriləcək. Ona görə də yaxşı olar ki, Türkiyə dövləti və cəmiyyəti bu məsələni gündəmə gətirib erməniləri şirnikləndirməsinlər.

- Deyirlər Türkiyə sərhəd məsələsinin üstünə ona görə gedir ki, ermənilərin qondarma soyqırım iddiasını bir az "yumşaltsın”. Əgər iddialar doğrudursa, sərhədlərin açılması erməniləri nə qədər neytrallaşdıra bilər?

- Fikrimcə, bu cür yanaşma doğru deyil. Ermənilərə qapı açmaq onları neytrallaşdırmayacaq. Tam əksinə, Türkiyəyə axın edən ermənilər bir qədər də həyasızlaşacaq və yeni iddialar ortaya atacaqlar. Ermənistan türklərə görə heç zaman qondarma soyqırım şousundan vaz keçməz. Çünki ermənilər bundan bir çox siyasi məsələlərdə sui-istifadə edirlər. Özləri də dəfələrlə bəyan ediblər ki, heç bir şərt onların iddiasını geri çevirə bilməz. Yəni sərhədlər açılsa belə, düşmən ölkə həm Türkiyəyə, həm də Azərbaycana qarşı öz qərəzli və işğalçı siyasətini davam etdirəcək, hətta bir qədər də irəli gedəcək.

- Vladimir Putinin Türkiyə səfəri də əsas müzakirə mövzusuna çevrilib. Sizcə, Rusiya-Türkiyə yaxınlaşması Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərə bilərmi?

- Türkiyə ilə Rusiya arasında müəyyən isti münasibətlərin olmasını müsbət addım kimi qiymətləndirirəm. Çünki üzləşdiyi çətinliklərə baxmayaraq, Rusiya böyük dövlətdir. Türkiyə də xüsusən son zamanlar bölgədə strateji rol oynamağa çalışan böyük ölkələrdəndir. Qonşu olan iki böyük dövlətin bir sıra mühüm məsələlərdə eyni mövqeyə gəlməsi, ortaq müzakirələr aparması önəmlidir. Amma hesab edirəm ki, bu yaxınlaşma da Dağlıq Qarabağ münaqişəsinin müsbət həllinə töhfə verə biləcək mahiyyət kəsb etmir. Çünki Rusiyanın Ermənistanla strateji müttəfiqliyi var. Çox güman ki, Rusiya Ermənistanla olan münasibətlərini kənara qoyaraq, Türkiyə ilə rəsmi İrəvanın əleyhinə olan fəaliyyətin içərisinə girməyəcək.

- ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağın qondarma parlament sədrini rəsmi şəxs kimi qəbul etməsini və münaqişə ilə bağlı müzakirə aparmasını necə dəyərləndirirsiz?

- Bu hadisə bir daha göstərir ki, Minsk Qrupunda təmsil olunan üç dövlət həmsədrlik hüququna layiq deyillər. Çünki onlar birtərəfli mövqe nümayiş etdirir və açıq-aşkar erməniləri müdafiə edirlər. Axı bu cür dövlətləri hansı əsaslarla münaqişənin həllinin baş vasitəçiliyinə təyin ediblər? Rusiya, ABŞ və Fransadan ibarət olan indiki format özünü doğrultmayıb və heç zaman da doğrultmayacaq.

- Belə çıxır ki, Minsk Qrupunun həmsədrləri digər dövlətlərlə əvəzlənməlidir...

- Azərbaycan ümumiyyətlə ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən rəsmən imtina etməlidir. Boş yerə özümüzü aldatmağa dəyməz.

- Bəs Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə kim vasitəçilik etməlidir?

- Başqa formatda yeni bir qrup formalaşdırmaq lazımdır.

- Siyasi partiya rəhbəri kimi qarşıdan gələn bələdiyyə seçkilərinə də münasibətinizi öyrənmək istərdik. Az bir müddət qalmasına baxmayaraq, seçki ab-havası hələ də hiss olunmur. Sizcə, partiyaların passivliyinin əsas səbəbləri nədir?

- Passivlik bir neçə amillə bağlıdır. Birincisi və ən əsası odur ki, cəmiyyətin siyasi sistemində bələdiyyələrin rolu və statusu çox aşağıdır. Bu səbəbdən bələdiyyələrə maraq böyük deyil. O cümlədən bizim partiyanın marağı yoxdur. Düzdür, Aydınlar Partiyası bələdiyyə seçkilərini boykot etmir. Rayon təşkilatlarımıza tapşırmışıq ki, kimlər istəyirsə, fərdi şəkildə seçkilərdə iştirak edə bilər. Amma partiya olaraq seçkiyə qatılmırıq. Bilirsiz, ilkin dövrlərdə siyasi təşkilatların bələdiyyə seçkilərinə maraqları var idi. Çünki o zaman bələdiyyələr bir çox məsələni özləri həll edirdilər və xeyli işləri vardı. Artıq bələdiyyələrin nəzarətində olan torpaqların hamısı satılıb qurtarıb. Görüləsi iş qalmayıb. Ona görə də heç kim boş və mənasız stula oturmaq istəmir. Digər tərəfdən cəmiyyətdə siyasi partiyaların rolunun aşağı olması da seçki passivliyinin əsas elementləri hesab olunur.

- Müxalif düşərgənin təmsilçisi kimi Müsavat Partiyasında gedən daxili çəkişmələri necə dəyərləndirirsiz?

- Başqa bir partiyanın daxilində gedən proseslərə qiymət verməkdən çəkinirəm. Çünki məqbul saydığım bir sıra prinsiplər var. Kənar qurumla bağlı fikir bildirmək həmin prinsiplərə ziddir.

İsmayıl