Davudoğlunun erməni müşaviri terrorçunu təriflədi

Türkiyədə dövlət maraqlarına zidd olan və ölkənin gələcəyinə təhlükə vəd edən meyillər artıb



Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni baş müşaviri Etyen Mahçupyan PKK-nın həbsdə olan lideri Abdulla Öcalana tərif yağdırıb. Müşavir bildirib ki, kürd probleminin həll edilməsində PKK lideri əhəmiyyətli rola malikdir.

Onun sözlərinə görə, A.Öcalanın çox geniş prestij sahəsi var: "O, dünya miqyasında böyük bir problemin daşıyıcısı, lideridir. Bu problemi həll edə biləcəksə, Öcalan tarixə düşəcək”.

Erməni müşavirin açıqlamasını şərh edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı "Şərq”ə açıqlamasında qeyd edib ki, E.Mahçupyan bir daşla iki quş vurmaq istəyir: "Bir tərəfdən Öcalanı tərifləməklə özünü kürd separatçılarına yaxşı göstərir. Digər tərəfdən erməni bölücülərinə müəyyən nümunələr göstərmək istəyir. Təəssüf ki, son illər Türkiyədə dövlət maraqlarına zidd olan və ölkənin gələcəyinə təhlükə vəd edən meyillər artıb. Bu, tendensiya getdikcə dərinləşməkdədir. Ölkə müxalifəti və milli qüvvələrinin ciddi-cəhdlə anlatmağına baxmayaraq qardaş dövlətin hazırkı iqtidarı yolunu davam etdirir”.

Deputatın qənaətincə, E.Mahçupyanın ermənipərəst siyasət aparacağı, həmin vəzifəyə təyin olunandan məlum idi: "Türkiyə zəif olarsa və separatçılara qarşı tədbir görməzsə, ermənilərin oradakı meydanı genişlənəcək”.

Ayyət Əhməd