Elnur heyranlarından yardım istədi

Sığınacaqda 60-a yaxın sahibsiz heyvan var, onların bəslənməsinə vəsait tələb olunur






"O səs Türkiyə”dəki çıxışı ilə özünü Azərbaycan tamaşaçısına xatırladan ilk "Evrovizion” təmsilçimiz Elnur Hüseynov son günlər gündəmdə olmasından istifadə edərək heyranlarına ismarıc göndərib. Elnur sosial şəbəkə vasitəsilə fanatlarını və "O səs Türkiyə”dəki çıxışından sonra birdən-birə sayı artmağa başlayan heyranlarını bu gün Bakı "Caz Mərkəzi”ndə keçiriləcək konsertə bilet almağa çağırıb.

Müğənninin belə bir çağırış etməsi səbəbsiz deyil. Məsələ burasındadır ki, sözügedən konsert sahibsiz heyvanların müdafiəsi məqsədilə təşkil edilir. Konsertdən yığılan vəsait də sahibsiz heyvanların saxlanması üçün B.A.R.S. sahibsiz heyvanlara qayğı yardım fonduna bağışlanacaq. Elnur da öz çağırışında bunu qabardıb:

"Dəstək üçün hər kəsə təşəkkür edirəm! Məni təbrik edən və dəstəkləyən hər kəsdən xahiş edirəm ki, konsertimə bilet alın və evsiz heyvanlara yardım edin. Mən sizə güvənirəm, mərhəmətli insanlar”.

Onu da bildirək ki, "Caz Mərkəzi”ndə keçiriləcək konsertdə Elnur Hüseynovun çıxışı da nəzərdə tutulurdu. Lakin hazırda o, Bakıda olmadığından konsertdə iştirak edə bilməyəcək. Buna görə də müğənni heyranlarına belə məzmunlu mesaj göndərib.

Elnurun çağırışından sonra sosial şəbəkələrdə ona dəstək olanlar da çoxalıb. Bəziləri bu konsertə hətta Elnura sevginin sınağı kimi yanaşırlar. Məsələn, gənc müğənni Məhin şəxsi profilində "Elnura heyranlığını bildirənlər, görək, konsertə gələcəkmi? Mən orada olacam. Sizləri də gözləyirəm” cümlələrini yazıb.

Məsələ ilə bağlı rəyini soruşduğumuz B.A.R.S İctimai Birliyinin sədri Leyla Axundova "Şərq”ə açıqlamasında indiyədək bir neçə belə layihələr həyata keçirdiklərini söylədi:

- Bizim bundan əvvəl də müxtəlif formatlarda layihələrimiz olub. Elnur heyvanları çox sevir, özü də pişik saxlayır. Elnur həqiqətən ürəyiyumşaq, ürəyiaçıq oğlandır. Bir müddət əvvəl biz "Park-bulvar”da da xeyriyyə aksiyası keçirmişdik. Elnur orda da iştirak etdi, mahnılar ifa etdi. "Caz Mərkəzi”ndə keçirilən tədbirdə də iştirak edəcəkdi. Amma bilirsiniz ki, hazırda o, Bakıda deyil. Ona görə də dostlarından, onu sevənlərdən konsertə gəlmələrini xahiş edib. Belə xeyriyyə tədbirləri, konsertlərin bizə çox köməyi dəyir. Bu aksiyalardan əldə etdiyimiz vəsaitlər hesabına biz sahibsiz heyvanlar üçün sığınacaq tikmişik. Hazırda sığınacaqda 60-a yaxın sahibsiz heyvan saxlanır. Sahibsiz heyvanların bəslənməsinə az vəsait tələb olunmur. Gəlir sahəmiz olmadığından çalışırıq xeyriyyə aksiyaları ilə vəsait əldə olunsun ki, sahibsiz heyvanlara qulluq edə bilək. Son illərdə tanınmış şəxslər xeyriyyə aksiyalarında iştirak etməyə başlayıblar. Bu, da bizi sevindirir. Bilirsiz ki, xarici ölkələrdə sahibsiz, evsiz heyvanların saxlanmasına məşhur simalar kömək edirlər. Avropada bu təcrübə çoxdan var. Bizdə belə hallar əvvəllər olmayıb. İndi-indi bizdə də bu istiqamətdə xeyriyyəçilik yayılmağa başlayıb.

L.Axundova bildirdi ki, "Caz Mərkəzi”ndə bu gün keçiriləcək konsertdə tanınmış pianoçu Sarabski, Azərbaycanın "Avroviziya” təmsilçisi Dilarə Kazımova, "Midnayt” qrupunun solisti Mikayıl Rəfiyev də iştirak edəcəklər.

Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə də "Şərq”ə açıqlamasında xeyriyyə tədbirlərinin gərəkli olduğunu dedi:

- 2-3 ildir Bakıda belə tədbirlər keçirilməyə başlanıb. Sahibsiz heyvanların saxlanması üçün belə tədbirlərin çox böyük köməyi olur. Çox yaxşı haldır ki, Elnur Hüseynov sevənlərini bu konsertə dəvət edib. Azərbaycan müğənniləri bu tip tədbirlərdə o qədər də çox iştirak etməsələr də, son vaxtlar iştirakçıların sayı artmağa başlayır. Nadir Qafarzadə, Almaz Ələsgərova belə xeyriyyə tədbirlərində iştirak ediblər. Yadınızdadırsa, Elza Seyidcahan da sahibsiz heyvanlara vəsait toplanması məqsədilə konsert keçirəcəyini bildirmişdi. Amma sonra istiqaməti bir az dəyişdi. Xarici ölkələrdə tanınmış insanlar, məşhurlar üçün bu, adi bir işdir. Onlar buna çox rahat yanaşırlar və iştirak etməyə də ərinmirlər. Bizdə hələ ki, bu tip aksiyalarda iştirak geniş yayılmayıb. Elnur kimi tanınan müğənnilərin ictimaiyyətə çağırış etmələri, məncə müsbətdir. İnsanlar belə şəxslərin maraq göstərdiyi məsələlərə diqqət artırırlar.

Məlahət Rzayeva