Televiziyalarda reklam dublyajı bərbad gündədir

Hacıəmi Atakişiyev: “Çox vaxt mənasız şüarlar ortaya çıxır”



Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov "Reklam haqqında” yeni qanun layihəsi hazırlayıb. "Reklam haqqında” qanunun 1994-cü ildə qəbul olunduğunu və bu müddət ərzində mədəni, humanitar, ictimai-siyasi həyatda böyük dəyişikliklər baş verdiyini, ölkə iqtisadiyyatında güclü inkişaf olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, indi ölkədə reklam bazarı, faktiki olaraq, pis vəziyyətdədir. Reklamlardan gələn gəlirdən dövlət büdcəsinə vergi ödənilmədiyini deyən V.Əhmədov qeyd edib ki, burda gizli iqtisadiyyatın çaları var; kölgə reklamları olur.

İlk növbədə, dil məsələsinin həll olunmasını vacib sayan deputat bildirib ki, Azərbaycan dili birinci olmalıdır. Ancaq sonra digər əcnəbi dillərdə ola bilər. Yeni qanunda belə nəzərdə tutulur. Millət vəkili internet vasitəsi ilə həyata keçirilən reklamların da yeni qanunda öz əksini tapdığını bildirib. Onun sözlərinə görə, yeni qanunda küçə reklamı, nəqliyyatda reklamlar da tənzimlənəcək. İqtisadçı-deputat onu da vurğulayıb ki, yeni qanunda, həm də televiziya reklamlarına dövlət nəzarəti olacaq və artıq reklam müqavilələrində kommersiya sirri deyə bir anlayış olmayacaq. "Reklam haqqında” ilk qanunun 1997-ci ildə qəbul olunduğunu vurğulayan Azərbaycan Reklamçılar İttifaqının rəhbəri, ekspert Hacıəmi Atakişiyevin sözlərinə görə, bu qədər vaxtdan sonra Vahid Əhmədovun yeni bir layihə təqdim etməsi təqdirəlayiq haldır: "Reklam haqqında” yeni qanun layihəsinə artıq Milli Məclisin İqtisadi siyasət komitəsində də baxılıb və müəyyən əlavələr edilib. Bu qanunun qəbulunun üzərindən 17-18 il vaxt keçib və artıq qanun öz funksiyasını itirib. Həqiqətən də, bu gün Azərbaycanda reklam bazarı iflic vəziyyətdədir. Xüsusən, dillə bağlı çox ciddi problemlər var. Həm də burada qərəz var. Türkiyənin adı ilə bağlı olan reklamları çıxarıb, başqa adlarla əvəz edirlər. Amma Hollivud, Çikaqo kimi adlara dəyib-dolaşan yoxdu. Hansı ki, ulu öndər Heydər Əliyev Türkiyə haqqında "bir millət, iki dövlət” ifadəsini işlətmişdi. Başa düşə bilmirəm ki, türk mallarında "Türk” sözünün çıxarılması nə funksiya daşıyır?”

Televiziya sahəsində reklamla bağlı çatışmazlıqlara toxunan ekspertin sözlərinə görə, reklamların dublyajı bərbad vəziyyətdədir və bu zaman çox mənasız şüarlar ortaya çıxır. Bütün bunların yeni qanun layihəsində öz əksini tapdığını vurğulayan H.Atakişiyevin sözlərinə görə, reklam bazarında problemli sahələrdən biri də sosial reklamlarla bağlıdır.

Onun sözlərinə görə, "Reklam haqqında” yeni qanun layihəsində diqqətçəkən maddələrdən biri də reklamlara dövlət nəzarətinin olması və özünütənzimləmə ilə bağlı qoyulan məsələlərdir: "Azərbaycanın reklam bazarı dövlət idarəetmə strukturuna tabe deyil. Ticarət azad olduğuna görə, reklam bazarı da azaddır. Əgər Azərbaycanda ticarət nazirliyi olsa idi, reklam bazarını da həmin qurum tənzimləyərdi. Bu zaman isə reklamın idarə edilməsi daha çətin olacaqdı. Yeni layihədə isə qeyd olunub ki, reklam bazarına dövlət tərəfindən nəzarət olunacaq, həm də bazar özü-özünü tənzimləyəcək. Hər iki maddə bir-birini tamamlayır”.

Azərbaycanda iqtisadiyyatın geriləməsini reklam bazarının aktiv olmaması ilə əlaqələndirən ekspertin sözlərinə görə, reklam olmayan ölkələrdə iqtisadiyyat çox da inkişaf edə bilmir. "Biz çoxlu reklamlar verməliyik ki, həm iqtisadiyyatımız inkişaf etsin, həm də bu inkişafı göstərək”.

Millət vəkilinin "Reklam haqqında” hazırladığı yeni qanun layihəsinin bir qrup insanlar tərəfindən dövlətin reklam bazarını öz əlinə alması kimi dəyərləndirilməsinə gəldikdə isə H.Atakişiyev bu cür fikirlərin əsassız olduğunu deyib. Onun sözlərinə görə, layihədə dövlətin reklam bazarını əlinə alması kimi bir maddə yoxdur və heç nəzərdə də tutulmayıb: "Sadəcə olaraq, qanunda reklama dövlət nəzarəti nəzərdə tutulub. Paralel olaraq da, reklam sahəsində özünü tənzimləmə. Orada nəzərdə tutulub ki, reklam sahəsində özünü tənzimləmə, reklam bazarı subyektlərinin və digər şəxslərin maraqlarının ifadə olunması, reklam qanunvericiliyinin tələbatının yerinə yetirilməsinin təmin edilməsidir”.

"Reklam haqqında” yeni qanun layihəsinin qəbulundan sonra bazarda müsbətə doğru dəyişikliklərin olacağını vurğulayan H.Atakişiyevin dediyinə görə, qanun ona riayət edib ölkəni sivil qaydada idarə etmək üçündür: "Əgər qanun qəbul olunduqdan sonra ona əməl olunsa, Azərbaycanda reklam bazarı tənzimlənəcək və bütün problemlər öz həllini tapacaq. Qanuna əməl olunmadığı halda isə bu qədər əziyyət, zəhmət heçə gedəcək. Ölkənin reklam bazarında yenə də hərc-mərclik, özbaşınalıq davam edəcək. Ancaq qanunda heç bir çatışmazlıq yoxdur. Elə hazırlanıb ki, həm ölkədaxili, həm də beynəlxalq reklam bazarları üçün xarakterikdir. Bu mənada, qəbul olunacağı təqdirdə müsbət effekt verəcəyinə inanıram”.

Şəymən