Lavrov İrəvana çağırış etdi

Rusiya azərbaycanlı girovların azadlığa buraxılmasını istədi



Rusiya XİN başçısı Sergey Lavrov Dağlıq Qarabağda Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevi tezliklə azad etməyə çağırıb. Bazeldə keçirdiyi mətbuat konfransında Lavrov bildirib ki, Moskva girovların qaytarılmasını və ya dəyişdirilməsini istəyir.

"Azərbaycan və Ermənistan prezidentləri 2010-cu ildə Həştərxan görüşündə imzaladıqları sənədlə əsirlərin mübadiləsində mexanizm yaratmaq barədə öhdəlik götürüblər. Biz prezidentləri bu öhdəlikləri yerinə yetirməyə çağırırıq”.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda hərbi təlim zamanı mövqelərimizi pozan Ermənistana məxsus Mi-24 tipli helikopterinin məhv edilməsindən sonra girovların qaytarılmasına dair ümidlər azalıb. Mənfur ermənilərin bunu əllərində əsas tutaraq girovlara olmazın işgəncələr verəcəyi və onları Azərbaycana qaytarmayacağına dair söyləntilər yayıldığı bir vaxtda Lavrovun belə bir çağırış etməsi nədən xəbər verir? Təbii ki, hələ ki, Rusiya XİN başçısının Dilqəm Əsgərov və Şahbaz Quliyevin tezliklə azad edilməsinə dair çağırışına Ermənistanın hansı cavabı verəcəyi bəlli deyil.

Əslində, millət vəkili Elman Məmmədov Lavrovun çağırışının bir o qədər də inandırıcı olmadığı qənaətindədir. Onun sözlərinə görə, Rusiya və digər beynəlxalq təşkilatlar zaman-zaman Dağlıq Qarabağla bağlı qulağa xoş gələn bəyanatlar yayır, təkliflər verirlər: "Amma sözü deməklə iş bitmir. Əsas məsələ səmimi olmaqdır. Təəssüflər olsun ki, biz indiyə qədər bu səmimiliyin şahidi olmamışıq. Bəyanatı ancaq mətbuat üçün özləri haqqında xoş rəy yaratmaq üçün deyillər. Əməldə isə heç nə görmürük. Heç vaxt Rusiyanın əməli ilə sözü bir-birinə uyğun gəlmir. Sizi əmin edirəm ki, əgər böyük şimal qonşumuz Rusiya Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılmasında maraqlı olsa, onların vətənə qayıtmağı heç bir 1 saat da çəkməz. Hörmətli Putin müəllim bir kəlmə Ermənistandakı cinayətkara "azad et” əmri versə, dərhal girovlarımızın Azərbaycana qaytarılması ilə bağlı proses başlayar”.

Lavrovun çağırışında səmimi olmadığını vurğulayan millət vəkilinin sözlərinə görə, əksi olsaydı, Lavrovun açıqlamasından dərhal sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi girovların qaytarılması istiqamətində hərəkətə keçərdi. E.Məmmədov onu da deyib ki, indiki situasiyada azərbaycanlı girovların azad olunması istiqamətində real addımlar atmaq Rusiyanın özünə də sərf edir. Rusiya bu çağırışında səmimi olsa, Azərbaycan da, İnsan Hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlar da Rusiyanın bu jestini müsbət qiymətləndirər. Rusiya tərəfinin təkidi ilə Ermənistanda haqsız, ədalətsiz olaraq girov götürülmüş iki Azərbaycan vətəndaşının azad olunaraq, öz ölkəsinə qaytarılması Rusiya haqqında haqq-ədalət tərəfdarı imici yaradar. Hansı ki, indiki situasiyada Rusiyanın buna hər zamankından daha çox ehtiyacı var”.

Lavrovun çağırışına münasibət bildirən millət vəkili Aydın Mirzəzadə deyib ki, Ermənistan tərəfi girovlarla bağlı o qədər böyük ədalətsizliyə yol verir ki, hətta yaxın müttəfiqləri belə onları bu ədalətsizliyə son qoymağa çağırırlar: "Azərbaycan vətəndaşları Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüb və onların üzərinə saxta məhkəmələr qurulub. Bu günə qədər dəfələrlə olub ki, Ermənistan tərəfdən Azərbaycan tərəfə silahlı və ya mülki şəxslər daxil olub. Amma qısa zaman ərzində beynəlxalq hüquq normalarına uyğun olaraq onları geri qaytarıb, həm də qeyd-şərtsiz. Eyni addımı isə Ermənistandan görməmişik. Ermənistan nə hüquqi, nədəki qonşuluq münasibətlərinə məhəl qoyur”.

Rusiya XİN başçısının Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin tezliklə azad edilməsi çağırışının göydə qalmayacağını ümid edən millət vəkili qısa zaman ərzində hər iki Azərbaycan vətəndaşının azad ediləcəyini düşünür: "Hesab edirəm ki, Rusiyanın bu çağırışına Ermənistanın reaksiyasız qalması onların problemlərini daha da ağırlaşdıra bilər. Çünki girovların Azərbaycana qaytarılması ilə bağlı Rusiyanın müraciəti ortadadır”.

Şəymən