“Böyük sülh sazişi” nədir?

Elxan Mehdiyev: “Sülh təklifi Madrid prinsipləri ətrafındadır”
Qabil Hüseynli: “Razılaşmanın əldə olunması üçün Minsk Qrupu çərçivəsində tərəflərə təzyiq göstərilməsi planlaşdırılır”


ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənnin xarici işlər naziri Didier Burxalter Azərbaycan və Ermənistanı Böyük sülh sazişinə hazırlaşmağa çağırıb. Burxalter Bazeldə keçirilən iclasda çıxışı zamanı Ukrayna böhranının və digər münaqişələrin mövcudluğunun Avro-Atlantik və Avrasiya məkanı üçün ciddi təhlükə olduğunu bildirib.

Dağlıq Qarabağ məsələsi ilə bağlı danışan Burxalter Azərbaycan və Ermənistanı "Böyük sülh sazişi” üzərində işə başlamaq üçün danışıqlara səsləyib: "Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğu vəziyyətin eskalasiyasına gətirib çıxara biləcək əsas faktordur”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, Soçi, Uels və Paris görüşündə müəyyən irəliləyişlərə ümid yarandı və sülh danışıqlarında pozitiv məqamlar ortaya çıxdı. Lakin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərində təxribat xarakterli və irimiqyaslı hərbi təlimlərə başlaması tərəflər arasındakı etimad mühitinə zərbə vurdu: "Ermənistan rəhbərliyi anlamalıdır ki, müharibə vaxtı əldə olunan status-kvoya arxayın olmaq olmaz. Biz dəfələrlə bildirmişik ki, "Böyük sülh sazişi”nin hazırlanmasına başlamağa hazırıq. Lakin qarşı tərəf vəziyyətin konsolidasiyasına hazır olmalıdır”.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev da bəyan edib ki, prezidentlərin Paris görüşündən dərhal sonra Azərbaycan həmsədrlər tərəfindən dəstəklənən "Böyük sülh sazişi” üzərində işləməyə hazır olduğunu bəyan edib: "Ermənistan bu önəmli təşəbbüsü ciddi şəkildə nəzərdən keçirməlidir. Göründüyü kimi, Azərbaycanın mövqeyi bu məsələdə tam şəkildə aydındır. İndi bu çağırışı adekvat şəkildə cavablandırmaq üçün bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.

Bəs "Böyük sülh sazişi” nədir? Tərkibində hansı müddəalar yer alır və Azərbaycanın maraqlarına nə qədər uyğun gəlir?

Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyir ki, tərəflərə təklif olunan "Böyük sülh sazişi”nin mahiyyətində Madrid prinsipləri dayanır: "Sülh təklifi Madrid prinsipləri ətrafındadır. Amma nəticəsində referendum məsələsi var. Referendum məsələsi nə cür olacaq, bəlli deyil. Çünki həmsədrlər açıq-aydın mövqe ortaya qoymur və deyirlər ki, özünüz razılaşın.

Ermənistan da deyir ki, "milli müqəddərat” məsələsi həll olunmayınca torpaqlardan çıxmırıq”. E.Mehdiyev hesab edir ki, faydasız görüşlər işğalın bitməsinə kömək etməyəcək: "Çox güman ki, 2015-ci ildə Qarabağ məsələsinin tənzimlənməsində heç bir yenilik olmayacaq. Artıq ermənilər qondarma soyqırımın 100 illiyi ilə məşğul olmağa başlayıblar. Belə bir dövrdə danışıqlar, "Böyük sülh sazişi” onların ağlına da gəlməyəcək. Əgər mövqe qoyulsa ki, Qarabağ məsələsi Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll olunur, onda ermənilərin də səsi kəsilər. Amma bu mövqe yoxdur. Problem də bundadır”.

Politoloq Qabil Hüseynli isə "Azərbaycan "Böyük sülh sazişi”ndən müsbət nəticə əldə edəcəkmi” sualına belə cavab verib: "Əgər bu məsələni siyasiləşdirəcəklərsə və öz maraqlarını təmin etmək üçün bir vasitəyə çevirəcəklərsə, onda daha çox böyük güclərin maraqlarına xidmət edəcək. Yox, əgər dünyada nizam-intizam yaratmaq istəyəcəklərsə, xüsusilə postsovet məkanındakı münaqişə ocaqlarında vəziyyətin düzəldilməsinə çalışacaqlarsa, onda təşəbbüslər müəyyən səmərə verəcək”.

Q.Hüseynli Uels sammitində öz müqəddəratını təyinetmənin deyil, ərazi bütövlüyü məsələsinin önə çəkildiyini xatırladaraq hazırlanacaq "Böyük sülh sazişi”ndə bu məsələnin prioritet olacağını vurğulayıb: "Beynəlxalq hüquqda öz müqəddəratını təyinetmə məsələsi qalır. Ancaq dövlətlərin ərazi bütövlüyü məsələsi daha ön planda dayanır”. Politoloqun sözlərinə görə, hələlik tərəflərin hər ikisinin mövqeyi bir-birinə tam əksdir: "Azərbaycan ərazi bütövlüyü məsələsini önə çəkir, Ermənistan isə öz müqəddəratını təyinetmə prinsipində israr edir və danışıqlarda bunun daha çox qabardılmasını istəyir. "Böyük sülh sazişi”nin təşəbbüskarları isə deyirlər ki, gəlin sazişi imzalayaq, müharibə ehtimalının qarşısını alaq, sülh sazişinin içərisini indiyə qədər razılaşdırılmış məsələlərlə dolduraq, geriyə iki məsələ qalsın: "Bunlar Azərbaycanın ərazi bütövlüyü və referendum məsələsidir. Bu məsələlərlə bağlı razılaşmanın əldə olunması üçün Minsk Qrupu çərçivəsində tərəflərə təzyiq göstərilməsi planlaşdırılır. Hələki məsələ bir növ nəzəri xarakter daşıyır. Amma bir var Rusiya kimi münaqişəni dondurub daim onu nəzarətdə saxlayasan, bir də var status-kvonu dəyişdirməyə çalışasan və tərəfləri kompromisə vadar edəsən”.

İsmayıl