“Dişsiz” bəyanatlarla münaqişə həll olunmayacaq

Elman Nəsirli: “Bəyanatın heç bir yerində Ermənistan tənqid olunmayıb, işğalçı sözü yazılmayıb”




ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Bazel şəhərində keçirilən iclasda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyə tam sadiq olduqları bildirilib. Tərəflər zorakılıqdan çəkinməyə və münaqişənin qəti həlli üzərində fəal çalışmağa çağırılıb.

Eyni zamanda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində zorakılıq hallarının artmasından narahatlıq ifadə olunub və bildirilib ki, son zamanlar artan gərginlik qarşılıqlı etimadsızlığı dərinləşdirib. Həmsədr ölkələrin birgə bəyanatını şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür: "İndiyə qədər verilmiş bəyanatlarda daim vurğulanıb ki, mövcud status-kvo qəbuledilməzdir. Çünki mövcud status-kvo Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranmış vəziyyətdir. Bu vəziyyət yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, işğal və təcavüz faktının aradan qaldırılması ilə dəyişdirilə bilər”. Hərbi helikopterin vurulmasının qaçıla bilən fəlakət olması barədə bəyanatda yer alan məqama münasibət bildirən H.Hacıyev deyib ki, prezidentlərin Soçi, Uels və Paris görüşlərindən sonra müşahidə olunan müsbət irəliləyiş fonunda işğal edilmiş Azərbaycan ərazilərində lüzumsuz genişmiqyaslı hərbi təlimlər keçirilməsəydi, helikopter insidenti də baş verməzdi.
Siyasi elmlər doktoru, professor Elman Nəsirli də bildirib ki, belə "dişsiz” bəyanatlarla münaqişənin həllinə nail olmaq çox mürəkkəb məsələdir: "Ermənistanın helikopter avantürasına münasibətdə yenə də tərəflər arasında bərabərlik işarəsi qoyulur. Belə halların baş verməməsi üçün təmasların davam etdirilməsinin vacibliyi qeyd olunur. Bəyanatda qeyd olunur ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh prosesinə öz dəstəklərini bundan sonra da davam etdirəcəklər. Ancaq əsas məsuliyyət Azərbaycan və Ermənistan liderlərinin üzərinə düşür. Yəni, münaqişənin həlli ilə bağlı əsas addımların atılması tərəflərin üzərinə qoyulur. Hesab edirəm ki, bu bəyanat da indiyə qədər verilən bəyanatların mətnindən heç nə ilə fərqlənmir”.

E.Nəsirli bəyanatda Ermənistan tərəfinin atəşkəs rejimini kobud şəkildə pozmasına qarşı heç bir tələb qoyulmamasına da etiraz edib: "Bu cür bəyanatlarla münaqişə öz həllini tapa bilməz. Hər bir şey öz adı ilə çağırılmalıdır. İşğalçıya işğalçı deyilməli və o, öz üzərində məsuliyyət hiss etməlidir. Beynəlxalq hüquqda işğalçı ilə davranış tərzi var. Ona qarşı sanksiyalar, embarqolar, lazım gələrsə də, güc tətbiq edilə bilər. Bunların heç biri olmadığı təqdirdə dişsiz bəyanatlarla Ermənistanın mövqeyini necə dəyişmək olar? Onu necə konstruktiv mövqeyə dəvət etmək olar? Ermənistan da görür ki, işğal faktını, status-kvonu qoruyub saxlaya bilir, ona görə də danışıqlarda güzəştə getmir. Bəyanatın heç bir yerində Ermənistan tənqid olunmayıb, işğalçı sözü yazılmayıb. ABŞ-da Vudro Vilson Tədqiqat Mərkəzində aparılan dinləmələrdə belə qənaətə gəlinib ki, Dağlıq Qarabağ münaqişəsi daha çox İsrail-Fələstin probleminə oxşamağa başlayır. Hesab edirəm ki, bu halda Prezidentin də dediyi kimi vəziyyətdən yeganə çıxış yolu güclənməkdən keçir. Son dərəcədə güclənməklə bu problemi xalq və hakimiyyətin birliyi ilə həll edə bilərik”.

İsmayıl