Telejurnalist haqqında etüdlər






Professor Qulu Məhərrəmli ötən əsrin 90-cı illərində çapdan çıxmış, həmkarlarında və telepublikada geniş maraq doğurmuş, kiçik ekranın sirlərini açan kitablarından birini "Televiziya haqqında etüdlər” adlandırmışdı.
Mən isə 60 illik yubileyi münasibətilə Qulu müəllimi onun özü haqqında etüdlərlə təbrik edirəm.

Şəxsiyyət

Qadın gözəlliyi barəsində mənim təsəvvürüm çinlinin, hindlinin, ingilisin, yaxud zulusun təsəvvürlərindən nə qədər fərqlənirsə, yəqin ki, şəxsiyyət haqqında bizim fikirlərimiz də elə o qədər fərqlənir. Amma əminəm ki, hətta dilimizi bilməyən çinli, hindli, ingilis və ya zulus Qulu Məhərrəmlini bircə dəfə televiziya ekranında proqram aparıcısı rolunda görsə, yaxud telemüsahibələrini izləsə, onu nəinki mənim, elə özünün də təsəvvür etdiyi şəxsiyyət kimi qəbul edəcək.

Burada heç bir mistika yoxdur. Çoxillik həyat təcrübəm belə deməyə əsas verir ki, televiziya ekranı, hətta, məxfi xidmət təşkilatlarında kiminsə yalan danışıb-danışmadığını öyrənmək üçün istifadə edilən "ağıllı” cihazların ən müasir nümunələrini də kölgədə qoyur. Yəni əgər siz illərlə duz-çörək kəsib, dostluq etdiyiniz adamı bir-iki dəfə bu ekranda iri planda görsəniz, sanki onu yenidən kəşf edəcəksiniz. Həmin o iri planlar dostunuzun iç dünyası, biliyi, dünyagörüşü, hadisələrə münasibəti, səmimiliyi və digər keyfiyyətləri barəsində sizə elə müfəssəl məlumat verəcək ki, həmin adam qarşınızda tamamilə yeni rakursda canlanacaq: siz ya onu bugünədək lazımınca qiymətləndirmədiyiniz üçün özünüzü qınayacaq və əsl şəxsiyyətlə dostluğunuzdan şərəf duyacaq, yaxud da onun əslində dayaz, qeyri-səmim bir şəxs olduğunu görəcək və pərişan olacaqsınız. Bu yerdə özünüzə dost bildiyiniz şəxsin heç yüksək "aktyorluq” məharəti də ona kömək etməyəcək.

Qulu müəllimlə çoxillik dostluğum məni heç vaxt hansısa sual qarşısında qoymayıb. Çünki o, hadisələrə, ictimai-siyasi və mənəvi-etik proseslərə daim obyektiv münasibəti ilə seçilmiş mövqeyini heç nəyə qurban verməyən, özünü və sözünü televiziya tamaşaçılarının bu gün də səbirsizliklə gözlədikləri nadir şəxsiyyətlərdəndir.

Telejurnalist

Televiziyada işin cəzbedici və şirnikləndirici cəhətləri çoxdur: ekranda görünmək, beləliklə də, televiziyanın aparıcı simalarından biri kimi tanınmaq, tay-tuş arasında seçilmək, yeni imkanlı dostlar qazanmaq, özü barəsində tərifli sözlər eşitmək ... istəyi heç vaxt "dinc” durmur.

Bu istəklər Azərbaycan televiziyası tarixinin qızıl dövründə - ötən əsrin 70-ci illərində də telejurnalistlər ailəsinə qəbul edilmiş gənc yaradıcı işçilərin əksəriyyəti üçün yad deyildi. Bunlar təbii istəklər və təbii hisslər idi. Çünki televiziya jurnalistisənsə, onda reportyor, aparıcı və şərhçi kimi yetişməli, video və telekamera qarşısında işləməyi bacarmalı, nəhayət, müəllif proqramları ilə çıxış etmək potensialını ortaya qoymalısan.

Lakin həmin o yetmişinci illərin sonlarında Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Jurnalistika fakültəsini bitirib, təyinatla AzTV-yə gəlmiş və telejurnalistikanın daşlı-kəsəkli yollarında "Xəbərlər” baş redaksiyasının müxbiri kimi ilk addımlarını atmağa başlamış Qulu Məhərrəmli kamera qarşısında görünməyə tələsmir, telesüjetlərin diktor mətnlərini hazırlayır və heç bu mətnləri kadr arxasından oxumağa da can atmırdı.

O, televiziyadakı yaradıcı mühiti, o dövrün televiziya texnikasının imkanlarını və televiziya yaradıcılığının xüsusiyyətlərini öyrənir, reportyor, aparıcı və şərhçi kimi "mavi” ekrana öz yolu ilə gedib çıxmağa hazırlaşırdı.

Bu proses uzun sürmədi və Qulu Azərbaycan teleməkanına parlaq bir meteor kimi daxil oldu. Teleauditoriya onu elə ilk reportaj və şərhlərindəncə məhrəmliklə qəbul etdi.

Bəli, Qulu telegenik idi, söz "baqajı” zəngin idi, kamera qarşısında sərbəst işləməyi bacarır, verilişlərinin gedişində gözlənilməz hadisə, fikir və replikalara hazır olmağa çalışır, özü də bəzən sərt "döngələr” seçir, impovizələr edir, sonra isə bu "döngələrdən” məharətlə çıxır, impovizasiyalarını elə məqamındaca ümumi məcraya yönəldirdi.

Qulunun yaradıcılıq üslubunun ilk nəzərdə bir çox peşəkarlar üçün də sirrə çevrilən əsas xarakterik xüsusiyyətindən də yan keçə bilmirəm. 1991-ci ildən başlayaraq, ayrı-ayrı dövrlərdə AzTV-də müəllifi, aparıcı və rəhbəri olduğu "1000 saniyə”, "24 saat” xəbər proqramları, "7 gün” analitik-informasiya proqramı, "Təfsilat”, "Gerçəklik” kimi müəllif proqramları, daha sonralar Xəzər TV-də hazırladığı "Dost məclisi” və "Gündəm” proqramları da Azərbaycan telekanallarının saysız-hesabsız digər verilişləri kimi, şübhəsiz ki, ümumi teleauditoriyaya ünvanlanırdı. Lakin Qulu Məhərrəmli üçün "teleauditoriya” mücərrəd və yayğın bir anlayış deyildi. O, verilişlərinin ideyasını, ən müxtəif ictimai-siyasi, sosial-iqtisadi məsələlər barəsində düşüncələrini, replika və qeydlərini, eləcə də opponentlərinin fikirlərini bu auditoriyanı əmələ gətirən konkret insanlara - teletamaşaçıların hər birinə ünvanlayırdı. Əslində bu, teleaparıcının öz tamaşaçılarının hər biri ilə ikilikdə söhbəti idi. Tamaşaçı onunla razılaşa da bilirdi, razılaşmaya da, ürəyində Quluya "hə” də deyə bilirdi, "yox” da, amma aparıcının fikirlərinə, verilişlərin qayəsinə onun biganə qalması mümkün deyildi və telejurnalist də bunu özünün əsas uğuru sayırdı.

Qulu Məhərrəmlinin teleproqramlarının hər biri, ilk növbədə, onun gərgin təşkilatçılıq işinin bəhrəsi idi. Bu gün də o, ekran-efir vaxtının hər dəqiqəsinə ən yüksək meyarlarla yanaşır. Belə

bir yanaşma Qulunun yaradıcılığında xüsusi yer tutan uzunömürlü "Səhər” musiqi - informasiya proqramı ilə bağlıdır. 1995-ci ildən efirə çıxan bu gündəlik proqram mənim yaddaşımda telejurnalist Qulu Məhərrəmlinin şah əsəri kimi qalıb. Bu proqram ab-havası, forması, məzmunu, temporitmi ilə çox orijinal idi, ona görə baxılır və sevilirdi. Qulu Məhərrəmlinin "Səhər”inin son buraxılışından illər keçib, lakin Azərbaycan telekanalları bu populyar proqramın analoqunu demirəm, heç onun təxmini oxşarını da ortaya çıxara bilməyiblər.

Azərbaycan telejurnalistikasının inkişafında müstəsna xidmətləri olan telejurnalist Qulu Məhərrəmli Azərbaycan Televiziyasında baş redaktor və departament rəhbəri vəzifələrinədək yüksəlib, "Əməkdar jurnalist” fəxri adına, bir çox digər mükafatlara layiq görülüb. Lakin onun üçün ən böyük mükafat tamaşaçı hörməti və sevgisidir. Bu gün də küçədə, dükan-bazarda, digər ictimai yerlərdə adamlar Qulu müəllimi görən kimi tanıyır, mehribanlıqla salamlaşırlar.

Alim

Adam var ki, "çay gəlməmiş” çırmanır, görəcəyi və bəlkə də öhdəsindən gələ bilməyəcəyi işlərin "anonslarını” verir, adam da var ki, arxı tullanmazdan qabaq nəinki "hopp” demir, heç səsini də çıxarmır.

Qulu Məhərrəmli ikincilərdəndir. Hələ AzTV-də bilavasitə praktiki jurnalistika ilə məşğul olarkən, çox az adam bilirdi ki, Qulu teleradio nəzəriyyəsi ilə dərindən maraqlanır və bu, ötəri bir maraq deyil.

1989-cu ildə "Radiodramaturgiya dili” mövzusunda namizədlik, 2004-cü ildə isə "Televiziya dili: funksiya və struktur” mövzusunda doktorluq dissetrasiyalarını müvəffəqiyyətlə müdafiə edən Qulu Məhərrəmli Azərbaycanda jurnalistika üzrə ilk elmlər doktoru kimi tanındı.

Onun elmi potensialı və işgüzarlığı heyrət doğurur. Qulu Məhərrəmli elmi ictimaiyyət və jurnalistlər tərəfindən yüksək qiymətləndirilən 30-a yaxın kitabın, o cümlədən bir neçə sanballı monoqrafiyanın, 3 dərsliyin, 5 dərs vəsaitinin, 3 izahlı lüğətin və elmi-publisistik əsərlərin müəllifidir. Mərhum alim və şair Famil Mehdinin dili ilə desək, ölkə ictimaiyyətinin "geniş yaradıcılıq diapozonuna, yüksək intellektual səviyyəyə və parlaq mənəvi keyfiyyətlərə malik olan nüfuzlu, peşəkar bir televiziya jurnalisti” kimi tanıdığı Qulu Məhərrəmli bu əsərləri ilə özünü, həm də bu sahənin nəzəriyyəçisi, teleradionun və bütövlükdə medianın aktual elmi-nəzəri problemlərinin ciddi araşdırıcısı kimi təsdiq edib. Özü də bu problemləri o, "bayramdan bayrama” deyil, müntəzəm şəkildə tədqiq edir. Başqa sözlə, professor Qulu Məhərrəmli Azərbaycan mediası sahəsində elmi araşdırmalara sistemlilik keyfiyyəti gətirib. "Televiziya haqqında etüdlər”, "Deystviye u mikrofona”, "Televiziya nitqi və ədəbi tələffüz”, "Ekran və ana dili”, "Azərbaycan efiri: tarix və müasirlik” (Y.Əlizadə ilə birlikdə) kimi monoqrafiyaları, "Televiziya və radio tamaşaları”, "Jurnalistikanın əsasları”, "Radio jurnalistikası: təməl biliklər” kimi dərslikləri və digər əsərləri ilə o, medianın, xüsusilə də televiziya və radionun tədqiqatçılar üçün əsl yaradıcılıq ümmanı olduğunu göstərib.

Jurnalist, teletənqidçi, teleradio nəzəriyyəçisi və eksperti, tarixçi, politoloq və pedaqoq, dil və terminologiya üzrə mütəxəssis Qulu Məhərrəmli bu ümmanda həvəslə qanad çalır, jurnalistikamızın inkişafına dəyərli töhfələr verir.

İndini bilmirəm, amma bir vaxtlar AzTV dəhlizlərində belə bir fikir dolaşırdı ki, "Televiziyaya bir gələn sevinir, bir də gedən”. Bu sözlərdə müəyyən inciklik, peşmanlıq, haqsızlığa etiraz çalarları olsa da, mən televiziyadan gedənlərin sevindiklərini görməmişəm. Televiziyadan cismən ayrıla bilərsən, lakin daxilən sən həmişə televiziya adamı olaraq qalacaqsan. Çünki televiziya - ürək işi, ruh məsələsi, həyat tərzidir.
Qulu müəllimin də tələbəlik illərindən üzübəri həyat tərzini, həyata baxışını televiziya müəyyən edib.
Bu gün isə o, gələcək jurnalistlərin və cəmiyyətin özünün teleradioya baxışını formalaşdırır və başdan-ayağa əsl televiziya adamı olaraq qalır.

***

"Etüdlər”ə sözardı: Hər dəfə Qulu ilə görüşəndə, yaxud onu televiziya ekranında görəndə yadıma "O tay, bu tay Həkəri” misrası ilə başlanan qədim bayatımız düşür. Bir vaxtlar könlümü oxşayan həmin bayatı indi içimi göynədir.
Qulunun da, mənim də uşaqlıq illərimiz indi bizdən çox-çox uzaqlarda qalmış Həkəri çayının çınqıllı sahillərində keçib...


Ələkbər ABBASOV(ŞƏHRİLİ)
Əməkdar jurnalist