“Sabah”ın təxribatı...

Türkiyə mediası ilə intensiv işləmək lazımdır


Son zamanlar Türkiyənin bəzi tanınmış media quruluşları Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, həqiqətdən kənar məlumatlar tirajlayır. Bir müddət öncə "CNN Türk” kanalının ölkəmizə qarşı başlatdığı ərazi təxribatını "Sabah” qəzeti davam etdirib.

Qəzetin "3 paytaxtı, 11 rəsmi dili, 5 fərqli dildə himninin sözləri olan ölkə var” başlıqlı məqaləsində Azərbaycanın işğaldakı torpaqlarında yaradılmış qondarma Dağlıq Qarabağ Respublikası "müstəqil dövlət” kimi təqdim olunub. Şübhəsiz ki, ölkəmizə arxadan balta saplayan bu mətbuat vasitələrinin məkrli niyyətləri Azərbaycan ictimaiyyətini ayağa qaldırıb. İddialara görə, bu, birmənalı olaraq rəsmi Ankaranın da maraqlarının əleyhinədir. Çünki sözügedən media orqanları belə oyunlarda yer almaqla düşmən dəyirmanına su tökmək və Azərbaycan-Türkiyə münasibətlərinə zərbə endirməyə çalışırlar.

Məsələyə münasibət bildirən tanınmış media eksperti Qulu Məhərrəmli "Şərq”ə açıqlamasında qeyd edib ki, bunu Türkiyənin Azərbaycana sayğısızlığı deyil, ayrı-ayrı media quruluşlarının yanlış məlumatları kimi yozmaq olar: "Bu ölkələr arasındakı münasibətləri mətbuat materialları müəyyənləşdirmir. Ola bilsin ki, onlar həmin məlumatları bilgisizlikdən çap edirlər. Bütün hallarda ölkəmizə qarşı qərəzli kampaniya apardıqlarını düşünmürəm”.

Ekspertin sözlərinə görə, Türkiyə mediası ilə intensiv işləmək lazımdır: "Belə olan halda Türkiyə ictimaiyyətinə verilən yanlış məlumatların qarşısını almaq olar. Görünür, informasiya savaşında dost və düşmən anlayışı yoxdur. Xəbər analayışı var. Mətbuatımız yaxşı işləməlidir. Dünyada informasiya müharibəsi genişlənir. Türkiyənin bizə qarşı müharibə aparmasını zənn etmirəm. Amma özümüz müharibədə ayıq-sayıqlığı qorumalıyıq. Belə olmasaq, arzuolunmaz məlumatlara rast gəlinəcək. İngilis, türk və digər dillərdə yazan saytlarımız, agentliklərimiz bu məsələlərdə diqqətli olmalıdırlar”.

Türkiyədə mətbuatın azad olduğunu deyən Q.Məhərrəmli söyləyib ki, orda dövlətin mətbuatın işinə qarışmağa ixtiyarı yoxdur: "Biz neyləyə bilərik? Həmin qəzetə göstərməliyik ki, məlumat bu şəkildə olmalıdır. Qayda belə olmalıdır. Bir daha vurğulayım ki, Türkiyənin ölkəmizə olan mövqeyi iki media vasitəsinin münasibəti ilə ölçülməli deyil”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc qəzetdə dərc edilən siyahının təəssüf doğurduğunu deyib. Onun sözlərinə görə, bu mətbu orqan nəşr olunduğu dövrdən beynəlxalq məsələlərə, ayrı-ayrı dövlətlərin siyasi həyatına bələdçiliyə müəyyən imkanlar qazanıb: "Orada çalışan hər bir jurnalistin prosesləri araşdırmağa imkanı var. Bu baxımdan hər hansı bir materialı dərc etməzdən öncə jurnalist müəyyən məsələləri araşdırmalı, daha sonra işıqlandırmalı idi. Dağlıq Qarabağ necə müstəqil dövlətdir ki, bunu dünyanın siyasi xəritəsində tapmaq mümkün deyil? Bu, onların ermənilərə simpatiyalarının göstəricisi sayıla bilər”.

Millət vəkili vurğulayıb ki, adıçəkilən qəzet rəhbərliyi təkzib xarakterli yazı verməli və Azərbaycandan üzr istəməlidir: "Dağlıq Qarabağ ermənilər tərəfindən işğala məruz qalmış ərazidir. Nəzərə alsınlar ki, Dağlıq Qarabağın saxta dövlətçiliyini Ermənistan parlamenti gündəmə gətirsə də, reallaşdırmaq mümkün olmayıb. Bunlar hansı sənədə əsasən Dağlıq Qarabağı müstəqil dövlət kimi siyahıya salıb onunla bağlı açıqlama versin”.

Məsələyə sərt reaksiya verən Azərbaycan-Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı bildirib ki, bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribat cəhdidir: "Öncə "CNN Türk” kanalı, daha sonra isə "Sabah” qəzetində bu "səhv”in təkrarı məqsədyönlüdür”.

T.Rüstəmxanlı hesab edir ki, bu kimi yazılar Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə zərbə vurmaq istəyənlərə xidmət edir: "20 ildən artıqdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Minlərlə azərbaycanlını girov götürüb, on minlərlə insanı qətlə yetirib. Ermənilər qoca, uşaq, qadın demədən azərbaycanlılara bəşəriyyətin görmədiyi işgəncələri veriblər”.

T.Rüstəmxanlının qənaətincə, bu, Azərbaycana qarşı çox pis bir kampaniyanın başlanğıcıdır: "Hökumətə yaxın bir qəzetdə belə bir yazının getməsini qardaş ölkəmizdə bizə qarşı törədilən ən böyük sayğısızlıq sayırıq. Ərazi bütövlüyümüzə qarşı təcavüzdür. Dünyanın heç yerində tanınmayan, terrorçu bir qrupun müstəqil dövlət kimi təqdim olunması Azərbaycanın ərazi bütövlüyünə təhdiddir”.

Birlik sədrinin fikrincə, bu, Qarabağ uğrunda şəhid olan on minlərlə Azərbaycan türkünün ruhuna həqarətdir: "Təkzib verilməsini və üzr istənilməsini tələb edirik. Türkiyə hökuməti məsələyə münasibət bildirməli və belə halların bir daha yaşanmaması üçün müvafiq addımlar atmalıdır”.

Ayyət Əhməd