Onsuz da Azərbaycanda yolların kənarlarında kafe, yeməkxana var

Avtomagistralda 50 kilometrdən bir istirahət məkanının yaradılmasına ehtiyac yoxdu




Azərbaycanda "Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklər edilə bilər. Qanunun 1-ci maddəsinə təklif olunan bəndə görə, "avtomagistralın hərəkət hissəsində nəqliyyat vasitəsinin dayanması və durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir”.

Bundan başqa, maddəyə təklif edilən digər bəndlərdə ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrinin təsnifatı verilir.

Qanun Layihəsinin Milli Məclisin plenar iclasına çıxarılaraq müzakirə edilməsi nəzərdə tutulub.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov "Şərq”ə təklif edilən əlavə və dəyişikliklərə ironiya şəklində münasibət bildirib. Onun sözlərinə görə, respublikada magistral yollar yox səviyyəsindədir: "Avtomagistral anlayışını dəqiqləşdirən bu yeniliyə əsasən, avtomagistralda hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları olmalıdır. Gülməlisi odur ki, bizim ölkədə avtomagistral kimi işarə olunan cəmi 2 yol var onlardan biri Bakı dairəvi yolu və Zığ dairəsindən areporta gedən beton yoludur. Cəmi bu iki yola avtomagistral nişanı qoyulub. Bu yolların da hər birinin uzunluğu 15 kilometrdən azdır. Hətta həmin iki yolun heç biri avtomagistral standartına uyğun deyil. Yəni onlar da avtomagistral deyil”.

Ə.Hüseynovun fikrincə, belə əlavə və dəyişikliyin dünya standartlarına uyğunlaşdırılmasına hesablanmış addımdır: "Çünki başqa ölkələrdə avtomagistrallarda durma və dayanma qadağan edilir. Buna görə də 50 kilometrdən bir istirahət mərkəzlərinin yaradılması tövsiyə olunur. Onsuz da Azərbaycanda yolların kənarlarında kafe, yeməkxana var. Prinsipcə, eyni şeydir, qeyri-adi heç nə yoxdur”.

Vüqar Şahinoğlu