“Müsavat”dan incik düşənlər...

Arif Hacılı: “Yeni Müsavat” partiyanın siyasətini yürütmək öhdəliyini götürən bir qəzet deyil”
Gülağa Aslanlı: “Partiyanın öz üzvlərinə dəstək verməməsi anlayışını qəbul etmirəm”



Elman Fəttah: "İncikliklərini anlayışla qarşılayıram”

Ellada Məmmədli: "O, insanları müdafiədən çox, şərləməklə məşğuldur”

Səxavət Soltanlı: "Dünən axşamdan haqqımızda deyilməyən təhqirlər eşitməkdəyik”

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə üzv olduğu Müsavat Partiyası arasında narazılıq yaşanıb. Müsavat başqanının müavini Osman Kazımovun sosial şəbəkədə "Yeni Müsavat”la AXCP arasında baş verənlərin Müsavat Partiyasına aidiyyəti yoxdur” deməsi baş redaktorun ciddi etirazına səbəb olub. Uzun illər boyu Müsavatı müdafiə edən R.Arifoğlu "facebook”dakı statusunda partiya rəhbərliyindən giley-güzar edib.

Partiyadan çıxa biləcəyilə bağlı qurum rəhbərliyinə xəbərdarlıq edən baş redaktor ona qarşı haqsız addımlar atdığını bildirib: "Bəzi Müsavat üzvləri, hətta rəhbərliyə aid olanlar sosial şəbəkədə bizi kürəyimizdən xəncərləməklə məşğuldur. Artıq neçənci dəfədir ki, bu, baş verir. Böyük Yurdçu Osman Kazımov Əli Kərimliyə diferambalar oxuyur. Bir başqası bizi körpü adlandırır, digəri deyir ona ləkəyik... Deyəsən onlar AXCP ilə müttəfiq olublar, xəbərimiz yoxdur. Tamam qardaşlar, inşallah, gələn həftə qəzetdə çalışan müsavatçılar olaraq bu partiyada qalıb-qalmamaq məsələsini müzakirə edərik. Rahat olun. Əgər Müsavat rəhbərliyi bizi Əli Kərimli ilə öz aralarında hesab edirlərsə, biz çəkilərik. Onsuz da istər ötən il, istərsə də bu il Əli Kərimlinin Müsavatı dağıtmağa yönələn kampaniyasının qarşısında tək durduq. Amma partiya nə özünə, nə də bizə dəstək vermədi”.

Baş redaktorun müavini Azər Ayxan da öz profilində çox ciddi bir qərar verməyin zamanının yetişdiyini yazıb: "Bizi hər addımda, hər fürsətdə kürəyimizdən vuran bir partiya ilə yola davammı, yoxsa tamammı? Partiya rəhbərliyi hələ də elə anlayır ki, "Yeni Müsavat”ın onlara çox ehtiyacı var. Bu qədər etdikləri pisliklərə dözürük, onlar da elə bilirlər buna ehtiyacımız var. Birilərinə dərs verməyin, nəyin necə olduğunu başa salmağın zamanı çatıb. Bu qədər naşükürlüyə, nankorluğa niyə və kimə görə dözək?”.

R.Arifoğlunun ittihamlı statusuna münasibət bildirən Müsavat Partiyasının başqanı Arif Hacılı "Yeni Müsavat” qəzetinin partiyadan heç bir asılılığının olmadığını deyib. Başqanın sözlərinə görə, qəzetin siyasətini onun baş redaktoru və kollektivi müəyyənləşdirir: "Qəzetin əməkdaşlarının əksəriyyəti Müsavat Partiyasının üzvləridir. Bu qəzetdə partiyanın təəssübkeşləri də çoxdur”. A.Hacılının fikrincə, mətbuat orqanı hər zaman hamını qane edə bilməz: "Qəzetin belə bir missiyası da yoxdur. "Yeni Müsavat” partiyanın siyasətini yürütmək öhdəliyini götürən bir qəzet deyil. Yaxşı olardı ki, Müsavatın dostları, opponentləri də qəzetə öz kollektivinin iradəsini həyata keçirən bir orqan kimi yanaşsın”.

Partiyanın sədr müavini Gülağa Aslanlı da açıqlamasında R.Arifoğlunun iradlarını qəbul etmədiyini deyib: "Partiyanın öz üzvlərinə dəstək verməməsi anlayışını qəbul etmirəm. Müsavat hər zaman Rauf Arifoğluna dəstək verib. Partiyamız güc birliyini həyata keçirir və həmişə haqqın yanındadır. Bundan sonra da belə olacaq”.

G.Aslanlı üzvlərin partiyanı tərk edəcəkləri məsələsi haqqında danışmaq istəməyib.

Müsavat başqanının digər müavini Elman Fəttah isə "Yeni Müsavat” qəzeti və kollektivinin incikliyini anlayışla qarşıladığını deyib: "Rauf Arifoğlunun və rəhbərlik etdiyi qəzetin uzun illər Müsavat Partiyasının ideoloji siyasi xəttinin təbliğində əvəzsiz xidmətləri olub. İncikliklərini anlayışla qarşılayıram”.

Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Ellada Məmmədli Rauf Arifoğlunu pisləyən Müsavatçı Osman Kazımovun insanları şərləməklə məşğul olduğunu iddia edib: "Osman Kazımov rəhbərliyə seçiləndən yetənə yetir, yetməyənə daş atır. O, insanları müdafiədən çox, şərləməklə məşğuldur”.

Partiyanın başqan müavini Səxavət Soltanlı isə dostlarının onların söyülməyinə imkan yaratdığını yazıb: "Heç zaman söyülməsinə və təhqir olunmasına razı olmadığımız dostlar, bizim söyülməyimizə imkan yaradırlar. Hər bir müsavatçının, dostlarımızın rəhbərliydən narazılığı ola bilər. Bunu müzakirə etmək imkanımız olduğu halda aylardır təhqir olunuruq. Bu azmış kimi, dünən axşamdan haqqımızda deyilməyən təhqirlər eşitməkdəyik”.

İsmayıl