Məktəb direktoru borcdan özünü öldürdü

“Düşünürəm ki, psixoloqlar həmin məktəbə səfərbər olmalıdır”



Goranboy rayon Dəlməmmədli şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbinin müəllimi özünü güllələyərək intihar edib. 1945-ci il təvəllüdlü Məmişov Yolçu Məmiş oğlu borcu olduğu üçün özünə qəsd edib. Mərhumun hansı səbəbdən intihar etdiyi məlum olmasa da, külli miqdarda borcu olduğu deyilir.

Bir məktəb direktorunun intiharının cəmiyyətdə təəssüf doğurduğunu vurğulayan Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov deyib ki, məktəb direktorunun intiharı ilk öncə orada təhsil alan şagirdlərin və müəllim kollektivinin psixologiyasına mənfi təsir edəcək: "Düşünürəm ki, psixoloqlar həmin məktəbə səfərbər olmalıdır. Yəni hər kəs çalışmalıdır ki, məktəbə yaxın ərazidə yaşayan sakinlər, şagirdlər və müəllim heyətini düşdüyü durumdan az da olsa, uzaqlaşdıra bilsin. İntihar faktları müxtəlif səbəblərdən olur. Ailədaxili münaqişə, rahatsızlıq və ailə problemləri də səbəb ola bilər. Bəzən biz şantaj halları ilə də rastlaşırıq. Bu cür hallar şəxsi münasibətlərdən yaranır”. İntiharın ani verilən qərar olduğunu bildirən psixoloqun sözlərinə görə, insan elə bir durumda olur ki, nə edəcəyini bilmir. Ağlına gəlir, elə o andaca düşündüyü süjet üzrə intihar edir: "Yaxşı olar ki, bu araşdırılsın və cəmiyyətə doğru bilgi verilsin. Bu cür hallarla qarşılaşanda insanlar nə etməlidirlər, deyə məlumatlı olmalıdırlar. İntiharların böyük qisminin kökündə psixoloji faktorlar və rahatsızlıq durur. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, yaranmış ən böyük problemlərdən biri insanların bir-birinə qarşı biganəliyi, münasibətlərin maraq üstündə formalaşmasıdır. Bütün bunlar intiharı yaradan faktordur. Dünya səhiyyə təşkilatı iddia edir ki, daha çox depressiyada olan insanlar intihara cəhd göstərir. Depressiya ümidsizlikdən yaranır. O insan elə düşünür ki, onun hər şeyi var, amma həyatdan ləzzət almır. Ona görə də özünə qapılır”.

Şəymən