“ABŞ heç vaxt danışıqlara mane olmayacaq”

“Rusiya rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səmimi deyillər”



Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışıb. ABŞ dövlət katibi Con Kerrinin Moskvaya sonuncu səfərini şərh edən XİN rəsmisi deyib ki, rəsmi Vaşinqton problemin həllində təşəbbüsü itirmək niyyətində deyil:

"Amerika münaqişənin həlli ilə bağlı əsas vasitəçiliyi Rusiyaya verərsə, o zaman real irəliləyiş müşahidə olunar. Amma inanmıram ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda liderliyi Rusiyaya versin”. Zaxarovanın yanaşmasına münasibət bildirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında bildirib ki, Amerikanın gündəmində yer alan mövzular çoxdur. Hələlik Suriya və Ukrayna məsələsi, Qərb və Türkiyə ilə münasibətlər rəsmi Vaşinqton üçün daha prioritetdir: "Nəinki Dağlıq Qarabağ münaqişəsinin həlli, heç problemin varlığı belə ABŞ üçün aktual deyil. Hazırda Rusiya münaqişənin həllində bir qədər fəal görünür. Azərbaycan və Ermənistan prezidentləri də Rusiya ərazisində görüşürlər. Ola bilsin, bu fəallıq ABŞ-ın narazılığına səbəb olur. Vaşinqton təşəbbüsün tamamilə Rusiyaya keçməsini istəməyə bilər. Ancaq məsələ ondadır ki, əgər Moskva münaqişəni həqiqətən həll etmək istəsə, ABŞ heç vaxt prosesə mane olmayacaq”. Politoloq deyib ki, Ermənistan Rusiyanın strateji müttəfiqidir. Rəsmi Bakının da Moskva ilə normal münasibətləri var: "Ümumiyyətlə, bölgədə Rusiyanın söz sahibi olması və region ölkələrinə təsir gücü hamıya bəllidir. Hesab edirəm ki, Rusiya rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səmimi deyillər. Moskva problemin həllini sürətləndirmək və Ermənistanın niyyətində olmadığı üçün Amerikanı bəhanə gətirir. Halbuki, ABŞ rəsmiləri və Avropa ölkələri prosesdə Rusiyanın liderliyini demək olar ki, qəbul ediblər”.

İsmayıl