ABŞ-ın Azərbaycana təyin olunan yeni səfiri çox peşəkardır

Litzenberger NATO-nun əsas ideoloqlarından hesab edilir



ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Örl Litzenbergerin bu ölkənin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini təsdiq edib. Senatorlar ABŞ Prezidenti Donald Tramp tərəfindən namizədliyi irəli sürülən diplomatın səfir təyin edilməsini dəstəkləyiblər. Senat həmçinin, Ağ Evin Emənistandakı səfiri vəzifəsinə Linn Treysinin namizədliyini təsdiqləyib. Məlumat üçün bildirək ki, Amerikanın Azərbaycandakı səfiri olmuş Robert Sekutanın diplomatik missiyası bu ilin mart ayında başa çatıb.

Yeni səfirin kimliyini və əvvəlki fəaliyyətini "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Litzenberger NATO-nun əsas ideoloqlarından hesab edilir: "Bundan əvvəl o, ABŞ-ın hərbi Alyansdakı missiyasının rəhbərinin müavini olub. Serbiya və Qırğızıstandakı səfirliklərdə işləyib. 

NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsinin müavini vəzifəsini icra edib. Habelə ABŞ-ın Avropa İttifaqındakı missiyasında, Qazaxıstan, Bolqarıstan və Əlcəzairdəki səfirliklərdə, Fransanın Marsel şəhərindəki ABŞ konsulluğunda işləyib. Dövlət katibinin müavininin Dəftərxanasında, Yaxın Şərq işləri və Hərbi-Siyasi işlər Bürosunda müxtəlif vəzifələr tutub. Litzenbergerin Azərbaycana səfir təyin edilməsi Vaşinqtonun ölkəmizə verdiyi önəmin göstəricisidir. 

Lakin səfir təmsil etdiyi ölkənin tapşırıqlarını yerinə yetirir. Bu baxımdan postda kimin olması elə də böyük önəm kəsb etmir. Bakı balans diplomatiyası həyata keçirir və Amerika Birləşmiş Ştatları ilə bir çox layihələrdə birgə iştirak edir. Bu baxımdan, Litzenberger də Bakı və Vaşinqton arasında bir "poçtalyon” rolunu oynamaqda davam edəcək”.

İsmayıl