ABŞ və Rusiya razılığa gəlib

İŞİD və digər terrorçu qruplar Suriya və İraqdan təmizlənəcək



Dünən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ABŞ-lı həmkarı Con Kerri ilə Cenevrədə görüşü baş tutub.

Məlumata görə, görüş zamanı Suriyadakı terrorçu qruplarla birgə mübarizə aparmaq üçün Rusiya ilə ABŞ arasında hərbi əməkdaşlığın təmin edilməsi məsələsi ətrafında müzakirələr aparılıb. Görüşün nəticəsində müqavilənin imzalanıb-imzalanmayacağı hələ qeyri-müəyyəndir. Digər tərəfdən də, nazirlərin danışıqları ərəfəsində hər iki ölkənin hərbiçi və diplomatları arasında bir sıra görüşlər də keçiriləcək.

Görüşü şərh edən politoloq Natiq Miri qeyd edib ki, ABŞ və Rusiya İŞİD terroruna qarşı mübarizə adı altında özlərinin geosiyasi maraqlarını yürüdürlər: "Bu da, açığı münaqişənin uzunmüddətli olmasına səbəb olur. Türkiyə ordusunun Suriyaya hərbi müdaxiləsi də göstərdi ki, niyyət terrora qarşı mübarizə olsaydı, İŞİD və digər terrorları çox asanlıqla bitirmək olardı. Çünki bir gün ərzində Suriyanın 6 kəndi və şəhər mərkəzi İŞİD terrorundan azad olundu. Adıçəkilən silahlı dəstəyə qarşı illərlə Rusiya və ABŞ kimi böyük güc mərkəzləri guya mübarizə aparır. Ancaq hələ də İraq və Suriyada sözügedən terror qruplaşması meydan sulamağa davam edir. Bu da bir daha göstərir ki, həmin məsələdə nə Rusiya, nə də ABŞ səmimidir. Əksinə, onlar terror güclərindən biri-birinə qarşı istifadə edirlər. Görüşdə də bu məsələyə son qoymaq hədəflənir. Artıq biri-birlərinə qarşı mübarizədən imtina olunsun. Birgə mübarizə metodu ilə İŞİD terroru və digər terrorçu qruplar Suriya və İraqdan təmizlənsin. Bununla da regionda savaşı bitirmək, İraq və Suriyada sabitliyi təmin etmək olar. Düşünürəm ki, Cenevrədəki görüş də bu yöndə olacaq. Artıq bu proseslərdə Türkiyə də regional siyasi amil kimi mütləq mənada iştirak edəcək. Son hadisələr də göstərdi ki, Türkiyəsiz heç bir prosesi həll etmək mümkün olmayacaq. Tərəflərin bu görüşdə nə dərəcədə səmimi olub-olmadıqlarını gələcək göstərəcək”.

Ayyət Əhməd