“Hətta mən şahidi olmuşam ki, hakim öz cibindən çıxarıb qadına pul verib”
Boşanmış ailələrin bir problemi də alimentdir. İşsizliyi, imkansızlığı əsas gətirib aliment ödəməkdən imtina edən atalar az deyil. Eləcə də "5-10” manat aliment puluna göz dikən tənha qalmış analar da. Bu məsələ heç cür həllini tapmır. Halbuki dünya praktikasında "tərs ata”ya aliment ödətdirməyin müxtəlif yolları var. Bir sıra ölkələr bu üsullardan çoxdan istifadə edir. Bizdə isə hələ də iş qalıb atanın insafına. İnsafı olsa, aliment verəcək, olmasa... Bəs onda necə?
Kifayət qədər aktual olan bu problemi parlamentin dünənki iclasında qaldıran millət vəkili Qənirə Paşayeva problemin həllində yeganə çıxış yolu kimi Aliment Fondunun yaradılmasını görüb.
Xanım millət vəkili bildirib ki, parlamentin bir müddət əvvəl Cinayət Məcəlləsində ataların aliment verməsi ilə bağlı etdiyi dəyişiklik problemin həllinə ciddi təsir etməyib. Hazırda bölgələrdə ataların aliment ödəməməsi ilə bağlı ciddi problemlərin yaşandığını vurğulayan Paşayevanın qənaətincə, elə ona görə də bəzi anaların vəziyyəti çox çətindir. Bəzən atalar işləmədiklərini əsas gətirərək aliment verməkdən imtina edirlər. Ona görə də Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edirəm. Bu fond yaradılarsa, dövlətin analara dəstəyi artar. Beləliklə də analar məhkəmə qapılarında qalmaqdan qurtulmuş olar.
Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, belə bir fond yaradılarsa, aliment verməyənlərin sayı daha da artacaq: "Fond yaratmaq, dövlətin yükünü artırmaq lazım deyil. Hesab edirəm ki, axtarışlar aparıb başqa çıxış yolu tapmaq lazımdır. Rusiyada bunun yaxşı təcrübəsi var”.
Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov da belə hesab edir ki, alimentin ödənməməsi imkansızlıqdan daha çox məsuliyyətsizliyin nəticəsidir: "Problemin həllində optimal çıxış yolu Aliment Fondunun yaradılmasıdır. Dövlət başlanğıcda ora vəsait qoyur, yayınma halları zamanı müəyyən müddət dövlət vəsaiti hesabına aliment ödənir, sonra isə borclu şəxsə həmin vəsait məcburi şəkildə ödətdirilir. Bu olmayınca, alimentlərin ödənməsində problemlər qalacaq, ailələr də bundan əzab çəkəcək. Aliment məsələsində əzab çəkən nə qədər qadınlar var. Bununla bağlı yüzlərlə məhkəmə şikayəti var. Hətta mən şahidi olmuşam ki, hakim öz cibindən çıxarıb qadına pul verib. Məhkəmələri də qınamaq olmur. Bu məsələlərdə məhkəmənin də imkanları məhduddur. Ata əgər işləmirsə, o, Məşğulluq İdarəsində qeydiyyata dayanmalıdır. Dövlət işsiz şəxsə müavinət ayırır, alimentin məbləği də o müavinətə yönləndirilir. Bununla belə, aliment problemini birdəfəlik həll etmək üçün Aliment Fondunun yaradılması vacibdir”.
Aliment Fondunu yaratmağın lehinə olmadığını vurğulayan Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağayevanın sözlərinə görə, alimentlə bağlı anaların üzləşdiyi problemi fərqli qaydada yoluna qoymaq lazımdı: "Aliment Fondunun yaradılması o baxımdan müsbət olardı ki, alimentdən yayınma halları olanda dövlət işə qarışacaq. Aliment ödənmədikcə, borclar yığılıb qalır. Bu zaman hökumət strukturları fəaliyyətə keçər və valideynin üzərinə məsuliyyət qoyaraq ilkin olaraq alimenti ödəyə bilər. Ancaq sonradan dövlətin əli ilə aliment atadan alınmalı və həmin fonda köçürülməlidir. Yəni dövlət pulu ödədikdən sonra "qaçaq ata”nı axtarıb tapırlar və ondan dövlətə olan borcların ödənməsi tələb edilir. İstənilən halda valideynin məsuliyyəti olmalıdır. Ya aliment ödənilmədiyi halda bundan imtina edən şəxsə qarşı tətbiq edilən cəzalar sərtləşdirilməlidir. Aliment Fondu yaradılıb, qadınlara yardım edərsə, qarşı tərəf məsuliyyətdən yayınacaq. Nəyə görə, sənin uşağını hökumət saxlamalıdır? Atanın alimenti verə bilməməsi kimi bir hal yoxdur. Kişilər alimentdən qaçmaqdan ötrü çox zaman özlərini işsiz kimi təqdim edir, yaxud da iş yerlərini gizlədirlər. Uzaqbaşı, ödəmə müddəti uzadıla bilər. Amma bu da müəyyən vaxtadək mümkündür. Əgər ata təyin olunmuş məbləğdə alimenti ödəmirsə, 2 dəfə xəbərdarlıqdan sonra məsuliyyətə cəlb olunur. Amma mən deyərdim ki, alimentin ödənməsi hər şeydən əvvəl mənəvi bir məsələdir. Ata ilk növbədə övladını düşünüb, onun heç olmasa, minimum yaşayışını təmin etməyə borcludur. Bir ata kimi borcludur. Bir halda ki, atadan hökumət güclə aliment alır, onun özünü ata adlandırmağa mənəvi haqqı çatmır”.
Şəymən