"Onu qorumaq, inkişaf etdirmək, böyütmək isə övlad olaraq mənəvi borcumdu"
Anamın teatrla bağlı arzuları, istəkləri, iddiaları var idi
Aynur Muxtarova: "Mən teatrda direktor olsam da, olmasam da, Bakı Bələdiyyə Teatrı mənimçün doğma məkandı. Anamın yadigarıdır"
"Onu qorumaq, inkişaf etdirmək, böyütmək isə övlad olaraq mənəvi borcumdu"
"Onu qorumaq, inkişaf etdirmək, böyütmək isə övlad olaraq mənəvi borcumdu"
Teatr ölməz sənətdir. Teatr səhnəsinə aktyorlar gəlir, yaşayır, yaradır, yetişir, karifey olaraq dünyasını dəyişir. Amma teatr həmişə yaşayır. Məhrum sənətkarımız, Xalq artisti Amaliya Pənahova da dünyasını dəyişdikdən sonra onun yaratdığı teatrın sonrakı taleyi teatrsevərlər üçün maraqlı qalıb. Amaliya xanımdan sonra kim teatra rəhbərlik edəcək?
Mətbuatda olan məlumata görə, Bakı Bələdiyyə Teatrının direktoru vəzifəsinə mərhum Xalq artisti Amaliya Pənahovanın qızı gətirilib.
Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru olmuş Amaliya Pənahovanın vəfatından sonra teatrın direktoru onun qızı Aynur Muxtarova təyin edilib. Aynur Muxtarova bu təyinata qədər Bakı Bələdiyyə Teatrının direktor müavini olub.
Xəbəri təsdiqləyən Bakı Bələdiyyə Teatrının trubba müdiri Zemfira Babayeva bildirib ki, teatrda direktor vəzifəsini Aynur Muxtarova əvəz edir.
Bakı Bələdiyyə Teatrına Amaliya xanımın qızının direktor kimi təyinatına münasibət öyrənmək üçün Xalq artisti, Bakı Bələdiyyə Teatrının son tamaşasının quruluşçu rejissoru Mərahim Fərzəlibəyovla əlaqə yaratdıq. Mərahim Fərzəlibəyov Amaliya xanımın qızı Aynur Muxtarovanın təyinatı xəbərinə çox sevindiyini dilə gətirdi: «Bakı Bələdiyyə Teatrı sözünü deyə bilən teatr məkanlarımızdandır. Bilirsiz ki, teatrın son tamaşasını, cümhuriyyətin 100 illik yubileyi ilə bağlı «Şanlı Vətən» tamaşası mənim quruluşumda tamaşaya qoyuldu. Amaliya xanım premyerada iştirak edə bilməsə də, bütün məşqlərdə bizimlə idi. Təəssüf ki, görmədi. Amma mən illərlə Amaliya xanımla çalışmışam. Onun qızı Aynur xanım bizim əlimizdə böyüyüb. Teatra bağlı insandı. İllərdi teatrın direktor müavini kimi çalışıb. Filoloqdu. Bir çox qastrol səfərlərində onunla yol yoldaşı olmuşuq. Həqiqətən idarəçiliyi də, teatrı da dərindən bilən bir xanımdı. Ona görə də əgər o, teatra direktor kimi təyin olunubsa, mən buna bir teatr xadimi kimi çox sevinərdim. Bilirsiz, o, təsadüfən bu vəzifəyə gəlməyib. Birdəki dəfn mərasimində Amaliya xanımın oğlu da qeyd etdi ki, bizim ailə Amaliya xanımın yaratdığı teatrın fəaliyyəti istiqamətində bütün səylərini birləşdirəcək. Bakı Bələdiyyə Teatrının yaşaması üçün ailə dəstəyini əsirgəməyəcək. Amaliya xanımın ruhu rahat olsun deyə, mənə elə gəlir ki, bu teatrın hər bir üzvü çalışar ki, teatr yaşasın. Aynur xanımın peşəkarlığına qətiyyən şühbə olmasın. Bu xanım teatrı tanıyır, teatr dünyasından tam xəbərdardı. Əgər Aynur xanım teatra direktor kimi təyin edilərsə, buna biz çox məmnun olardıq».
Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru Əfqan Soltanov da «Şərq»ə açıqlamasında təyinat məsələsinə münasibət bildirdi.
«Aynur xanım hələ teatra direktor təyin edilməyib. Direktor müavini olduğu üçün Amaliya xanımdan sonra teatrın idarəçiliyi müvəqqəti olaraq onun səlahiyyətinə verilib. Bu da çox normaldı. Amma əgər Aynur xanım teatrın direktoru vəzifəsinə rəsmən təyin edilsə, bizim teatrın hər bir üzvü buna sevinər. Çünki Amaliya xanım bu teatrı yaradıb. Amma illərdi Aynur xanım da teatrın idarəsində ona dəstək olub, övladı olaraq teatrın inkişafı üçün əmək sərf edib. Birdəki teatr kollektiv bir sənətdir. Biz çox istərdik ki, teatra direktor kimi kənardan kimsə təyin edilməsin. Aynur xanıma gözümüz öyrəşib, o, kollektivi tanıyır, idarəçiliyi bacarır. Təbii ki, əgər təyinat rəsmiləşərsə, buna sevinərik».
Amaliya Pənahovanın qızı Aynur xanımla da əlaqə yaratdıq. Hələ acısının isti olduğunu deyən Aynur Muxtarova «Ailəmiz üçün çox çətin günlərdi. Amaliya xanım elə böyük sənətkar idi ki, onun izi teatrda hələ uzun zaman qalacaq. Anam bütün ömrünü teatra həsr edən sənətkar olub. Teatrla bağlı arzuları, istəkləri, iddiaları var idi. Təbii ki, anamdan sonra da onun yaratdığı teatrın inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Qaldı təyinat məsələsinə, bu barədə danışmaq istəməzdim.
Çünki yaramız hələ çox təzədi. Sadəcə mən teatrın direktor müavini olduğum üçün anamdan sonra müvəqqəti idarəçilik məsələsi mənim üzərimə düşüb. Əgər dövlət tərəfindən mən teatra direktor təyin edilərəmsə, təbii ki, Bakı Bələdiyyə Teatrının fəaliyyəti üçün əlimdən gələni əsirgəmərəm. Anamın ruhu şad olsun deyə, biz onun yaratdığına sahib çıxmağa borcluyuq. Mən teatrda direktor olsam da, olmasam da, Bakı Bələdiyyə Teatrı mənimçün doğma məkandı. Anamın yadigarıdır. Onu qorumaq, inkişaf etdirmək, böyütmək isə övlad olaraq mənəvi borcumdu» söylədi.Qeyd edək ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Amaliya Pənahova tərəfindən yaradılıb.
Tahirə