Ankaranın Suriyaya qarşı mövqeyi dəyişib

Qaçqın axını heç bir ciddi fəsada yol açmayacaq



Türkiyə-Suriya sərhədində silahlı toqquşmalar baş verib. Türkiyə polisi və hərbçiləri Suriyadan qaçaraq qardaş ölkəyə keçməyə çalışan 200 minədək kürdün qarşısını almağa çalışır. Onların qaçmasına səbəb kimi isə İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının Suriyanın şimalında yerləşən Əyn əl-Ərəb şəhərinə, habelə bölgələrə, əsasən kürdlərin yaşadığı məkanlara hücum edərək 34 kəndi ələ keçirməsi göstərilir.

Ötən günlərdə Türkiyənin hakim dairələri qaçqın axınının qarşısını almaq üçün Suriya ilə sərhədi bağlamaq qərarına gəlib. Bundan hiddətlənən kürdlər polis və hərbçilərə hücum ediblər. Onları Türkiyənin Suriya ilə sərhədindəki kənd və qəsəbələrində yaşayan kürdlər də dəstəkləyiblər. Polis kürdlərin aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Məsələni şərh edən politoloq Fikrət Sadıqov "Şərq”ə açıqlamasında qeyd edib ki, qardaş ölkədəki prezident seçkilərindən sonra rəsmi Ankaranın Suriyaya qarşı mövqeyi dəyişib. Onun sözlərinə görə, qaçqın axını heç bir ciddi fəsada yol açmayacaq: "Türkiyə-Suriya sərhədi daim pozulur. Minlərlə suriyalı sərhədi keçərək Türkiyəyə gəlir. Düzdür ki, Türkiyə hökuməti Suriyadan qaçqın gələn əhaliyə yardım göstərəcəklərinə söz verib. Ancaq bu hal daimi davam edə bilməz. Necə ola bilər ki, Suriya əhalisi miqrant şəklində Türkiyədə daim yaşasın. Rəsmi Ankara bu səbəblərdən Suriya hakimiyyətinə qarşı sərt mövqelər nümayiş etdirməyə başlayıb. Məncə, Türkiyənin sərt mövqedən çıxış etməsi o demək deyil ki, onun Suriyaya qarşı mövqeyi dəyişib. Sadəcə olaraq Türkiyə yaxın qonşusu olan və eyni zamanda müsəlman ölkəsi Suriyaya qarşı iradlarını bildirir. Türkiyə istəyir ki, Suriyada əmin-amanlıq və stabillik yaransın. Eyni zamanda Suriyadakı daxili stabillik Türkiyənin daxili vəziyyətinə birbaşa təsir edir”.

Ayyət Əhməd