"Apteklərin bağlanması məsələnin həlli yolu deyil”

Adil Qeybulla: “Şərtləri pozmuş apteklərə qarşı tətbiq edilən cəzanın nə dərəcədə təsirli olması istintaqın gedişində müəyyən edilir”





2015-ci ilin ilk günlərindən apteklərdə ciddi yoxlamalara başlanılıb. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyəti şöbəsinin müdiri Pərviz Əzizbəyovun sözlərinə görə, ötən il 107 aptekdə yoxlama aparılıb. Yoxlama zamanı bəlli olub ki, 20 aptek nazirlik tərəfindən lisenziya almadan, yəni qanunsuz fəaliyyət göstərir.

Qanunsuz işləyən apteklərin əksəriyyətinin bölgələrdə yerləşdiyini vurğulayan şöbə müdiri deyib ki, həmin apteklərin sahiblərinə xəbərdarlıq etməklə fəaliyyətləri dayandırılıb. Bundan əlavə, yoxlamalar zamanı 3 aptekdə resert təqdim etmədən dərman satışına rast gəlinib. Bu apteklərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun protokol təqdim edilib. Onun sözlərinə görə, ötən il ərzində ölkəyə idxal olunan dərmanlar da yoxlamadan keçirilib və mərkəzin qərarı ilə 430-dan çox dərman seriyasının satışı qadağan edilib.

Apteklərdə ciddi yoxlamaların aparılmasına rəy bildirən tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, indiki qaydalara əsasən, hər bir aptek mütləq lisenziya almalıdır: "Amma əslində, lisenziya formal bir sənəddir. Apteklərin fəaliyyəti ilə bağlı konkret əsasnamə olmalıdır. Məsələn, heç bir aptek həkim resepti olmadan dərman verməməlidir. Ancaq Azərbaycanda dərman vasitələri kütləvi informasiya vasitələrində reklam olunur. Bu isə tam yolverilməzdir. Yəni, reklam olunmaq o deməkdir ki, hər bir kəs həmin dərmanı məsləhətsiz ala bilər. Xüsusi ilə diqqətçəkən arıqladıcı dərman vasitələrdir ki, onların da mənşəyi bilinmir. Düzdür, dərman maddələrinin dövriyyəsi ilə bağlı qanun layihəsi var. Apteklər də həmin qanun layihəsinə görə, öz fəaliyyətlərini tənzimləyirlər. Ancaq həmin təlimatı pozub aptek fəaliyyətində qüsurlu faktlara yol verə bilərlər. Yəni, formal lisenziya almaqdansa, dərman bazarını səhmana salmaq daha məsləhətlidir. Düzdür, hüquqi məsuliyyət baxımından lisenziya lazımdır. Amma eyni zamanda lisenziya sadələşdirilməlidir. Aptek şəbəkəsində dərmanların satışı işində azad rəqabət daha yaxşı təmin olunmalıdır. Yəni, apteklərin bağlanması heç də məsələnin həlli deyil. Lisenziyasız fəaliyyət göstərən apteklərin buraxdığı səhvi lisenziyalı fəaliyyət göstərən apteklər də buraxa bilər”.

Professorun sözlərinə görə, şərtləri pozmuş apteklərə qarşı tətbiq edilən cəzanın nə dərəcədə təsirli olması istintaqın gedişində müəyyən edilir: "Yəni, həmin apteklər fəaliyyət göstərərkən pozduqları prinsiplər, lisenziyasız fəaliyyət göstərməsi hansı müəddətdə baş verməsi, vergidən gizlənmə halının olub-olmaması kimi nüansları nəzərə alınaraq qərar qəbul olunmalıdır”.

Şəymən