Aşığın üzü güldü: Əmisi oğlu Azərə qaraciyərini verəcək

“Donor həkimlərin istədiyi kiloya gələndən sonra artıq əməliyyat baş tutacaq”



Mərhum aşıq Xanların oğlu, uzun müddətdir ağır xəstəliklə mübarizə aparan aşıq Azər Xanlaroğluna qaraciyər əməliyyatı üçün donor tapılıb. "Hepatit B” diaqnozu ilə 3 ildir ki, yataq xəstəsi olan aşıq Azərə qaraciyərinin mütləq dəyişdirilməsi bildirilib.

Nəhayət, aşığın Odessada yaşayan əmisioğlu donorluq etməyə razılıq verib. Bu sevindirici xəbər münasibətilə aşıqla əlaqə saxladıq. Hazırda mütəmadi olaraq müalicələrinin davam etdiyini deyən aşıq Azər suallarımızı cavablandırdı.

- Azər bəy, indi səhhətiniz necədir?

- Əvvəlki vəziyyətimlə indiki arasında yaxşılığa doğru dəyişiklik var. Mərkəzi Neftçilər Xəstəxanasında olan Mir Cəlal həkimin şəxsi nəzarətindəyəm. Artıq donor tapılıb. Sadəcə olaraq 10-15 kq civarında kilo artıqlığı var. Arıqlamağı ilə bağlı hazırda proseslər gedir. Qismət olsa, lazım olan çəkiyə gəldikdə əməliyyat baş tutacaq.

- Bildiyimiz qədər donor əminiz oğludur. Ümumiyyətlə, özünüz donor axtarışı edirdiz yoxsa o özü bunu təklif elədi?

- Həkim müayinə etdikdən sonra qan qrupunun və qohumluğun vacib olduğunu dedi. Həmçinin 22 yaşdan 50 yaşa qədər yaş kriteriyası olduğunu söyləmişdi. Əmim oğlunun qanı və yaşı uyğun gəldiyi üçün buna razılıq verdi.

- Əməliyyat nə zaman gözlənilir?

- Əsas məsələ donorun bütün kriteriyalara cavab verməsidir. Hər şey həkimlər tərəfindən nəzarətdədir. Donor həkimlərin istədiyi kiloya gələndən sonra artıq əməliyyat baş tutacaq. Bu o qədər də uzun çəkməyəcək.

- Maddi cəhətiniz o qədər də yaxşı deyil. Lazım olan xərcləri necə qarşılayırsız, hər hansı bir köməklik varmı?

- Müalicələrim və əməliyyatım dövlət hesabınadır. Bütün xərclər Səhiyyə Nazirliyinin balansından ödənilir.

Yeganə Bayramova