Tural Adıgözəlov: “Anam bütün sevgisini, diqqətini balaca Telmana verib”
(əvvəli ötən sayımızda)
Bu dəfə onun ömür yolunu bir də vərəqləyib, xatirələri ilə mərhum sənətkar, çox sevilən aktyor Telman Adıgözəlovu xatırlamaq istədik. İstədik ölümündən sonra onun ailəsi ilə söhbət edək. Söhbət edib bir də Telman Adıgözəlovu yada salaq. Telman Adıgözəlovu bir də xatırlamaq, barəsində bəlkə bilmədiklərimizi öyrənmək üçün mərhum sənətkarın oğlu Tural Adıgözəlovla görüşdük. Çay süfrəsi ətrafında biz suallarımızı ünvanladıq, Tural da bəzən qəhərlənərək, bəzən mənalı ifadələrlə atası barədə danışmağa başladı.
- Maddi durumunuz necə idi?
- Elə imkanlı ailəmiz olmayıb. Amma kasıb da olmamışıq. Sadə bir həyatımız olub. Atam pul yığmaq üçün yaşayan kişi deyildi.
- Özünə baxan idi amma. Çünki həmişə səliqəli görünürdü...
- Atam həqiqətən geyimə pul xərcləməyi sevirdi. Bir kostyumdan xoşu gəlirdisə, xəsislik etməzdi. Həmişə brend geyimlər alardı. Ayaqqabıya, geyimə pul xərcləməkdən zövq alırdı. Hətta atam rəhmətə gedəndən sonra bir mağazanın böyüyü gətirib bizə pul verdi ki, atanız beh qoymuşdu kostyum üçün. Yəni geyinməyi sevirdi. Hətta əsəbi olanda ancaq mağazalara getməyi sevirdi. Ona heç nə lazım olmasa da, mağazalara gedib nə isə alardı. Bununla əsəbini sakitləşdirərdi. Evdə paltar əlindən tərpənmək olmurdu. Bəzilərini ölümündən sonra payladıq. Amma bəzilərini saxlamışıq yadigar kimi.
- Başqa nəyə marağı vardı? Hansısa idmana, domino, nərdə marağı vardımı?
- Atamın stolüstü oyunlara qətiyyən marağı yox idi. Sevmirdi. Boş vaxtlarda ancaq alış-veriş etməyi sevirdi.
- Hansı bürcdən idi?
- Xərçəng bürcündən idi. Mağazalarda alış-veriş etməkdən sakitləşirdi.
- Nə zaman atanın yoxluğu sənə daha çox təsir etdi? O gün gözlərin onu axtardı, görə bilmədin?
- (Susur. Çox kövrək bir səslə). Toy günümdə atamın yoxluğu mənə daha çox təsir etdi. Gözüm onu çox axtardı, amma o gəlmədi. Gəlməyəcəyini bilirdim. Amma yenə gözüm qapıda qaldı. Elə bacım da toy günü onu arzuladı (Nitqi qurudu. Susdu).
Hər bir ata istəyər ki, övladının toyunu görsün. Bu ona qismət olmadı. Bizim üçün də o gün bir sınaq oldu sanki. Bir də elçi gedilən gün. Mənim üçün elçi gedən gün atamın yoxluğunu bir daha hiss etdim. Ağır gəldi. Allah heç kimi atasız etməsin. Amma belə gündə böyük olaraq ata qabağa düşür, o danışır, o ilk addımı atır. Mənim atam yanımda olmadı. Düzdü, yaxın ailə dostumuz, qohumumuz o gün böyüklük etdi. Amma heç kim atanı əvəzləmir. Hətta toy günü dostlarım da bunu mənə dedilər ki, atanın yeri çox görünür.
- Sağ olsaydı, başqa cür olardı?
- Təbii ki, başqa cür olardı. Atam olsaydı, mən özümü daha rahat, xoşbəxt hiss edərdim. O gün nə qədər özəl olsa da, mənim sızıldayan yerim oldu. Atamın yoxluğu məni sızıldatdı.
- Elçi düşdüyün qapıda bilirdilər ki, Telman Adıgözəlovun oğlusan?
- Bilirdilər.
- Ağırdı adı daşımaq? Məsuliyyət hiss edirsən?
- Təbii ağırdı. Çünki hər addımı atanda nəzərə almalıyam ki, Telmanın oğluyam. Səhv addım atanda, onun adına yazılır.
- O ad sənə kömək olubmu?
- Çox. Bu gün də, dünən də məni Telmanın oğlu kimi tanıyırlar. O qədər o da mənə kömək edib ki. Hətta bu gün işlədiyim iş yerimə də o adın köməyi dəyib. Atamın dəfnindən qısa müddət sonra cənab nazir məni işlə təmin etdi. Atamın adı mənə kömək oldu. Hərdən düşünürəm ki, özü bu gün sağ olmasa da, adı mənə kömək edir. Bu, həqiqətən böyük məsuliyyətdi... Özü yoxdu, amma baxırsan ki, adını çəkmişəm, işimi həll ediblər. Atamın adına görə məni də, bacımı da Fövqəladə Hallar Nazirliyində işlə təmin etdilər. Cənab nazir şəxsən bununla maraqlanmışdı ki, Telmanın uşaqları işlə təmin edilsin.
O evdə balaca Telman böyüyür!
- Adını daşıyan nəvəsi var?
- Var. Oğlum onun adını daşıyır.
- Yəni ailənizdə balaca Telman böyüyür...
- Bəli, 11 aylıq oğlum atamın adını daşıyır.
- Ananızla bir evdə yaşayırsız. Necə qarşıladı bunu eşidəndə ki, balaca Telman gəlir ailəyə?
- Həm çox sevindi, həm də təsirlənmişdi. Oğluma atamın adını verməklə həm onun adını yenidən yaşatmış olduq, həm də anama yaşamaq üçün bir səbəb oldu sanki. Anam bütün sevgisini, diqqətini balaca Telmana verib. Elə atama oxşayır. Balaca Telman atamın eynisidi sanki. Biz onunla yenidən Telman Adıgözəlovu yaşatmış oluruq.
Tahirə Məmmədqızı