ATƏT müzakirəyə çıxarır, nəticə də gözləmək olar

Türkiyə ilə Almaniyanın Minsk Qrupuna qoşulması məsələsi obyektiv bir təklifdir



Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradovanın sözlərinə görə, Azərbaycanın ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilər qrupuna Almaniya və Türkiyənin də qoşulması, beşliyin (ABŞ, Rusiya, Fransa, Türkiyə və Almaniya), Sədrlər Şurası deyilən bir qurumun yaradılması təklifinə qurumun fəaliyyətdə olan sədri İvitsa Daçiç əvvəlki sədrlərdən fərqli olaraq etiraz etməyib. Əksinə, bunun müzakirə olunacağını deyib.

Həmçinin Azərbaycanın təklifinə cavab olaraq İ.Daçiç bu məsələnin üzərində iş aparılacağını söyləyib: "Ermənistan tərəfinin dərhal etiraz etməsinə baxmayaraq Türkiyə ilə Almaniyanın Minsk Qrupunun həmsədrləri sırasına qatılması məsələsi əvvəlki vaxtlardan fərqli olaraq, bu dəfə ATƏT rəhbərliyi tərəfindən etirazla qarşılanmadı”.

Azərbaycanın bu təklifinin kifayət qədər əsaslı olduğunu vurğulayan xanım millət vəkilinin sözlərinə görə, Almaniya Avropanın lider ölkəsidir. Türkiyənin isə Cənubi Qafqazdakı rolunu, Ermənistanla sərhəd problemini Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqələndirməsini nəzərə aldıqda, bu ölkənin də prosesdə iştirakının çox əhəmiyyətli olduğunu söyləmək olar. "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, Türkiyə ilə Almaniyanın Dağlıq Qarabağ probleminin həllində aktiv iştirakını təmin etmək üçün Minsk Qrupuna qoşulması məsələsi obyektiv bir təklifdir: "Hesab edirəm ki, bu baş tutuduğu təqdirdə münaqişənin həllinə də xeyir gətirə bilər. Hər iki dövlət Qarabağ problemi ilə bağlı ədalətli mövqedən çıxış edir. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Almaniya da bu məsələ ilə bağlı faktiki mövqeyini ortaya qoyub. Ölkə başçısı İlham Əliyevin Almaniyaya səfəri zamanı xanım kansler Anjela Merkel də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair birmənalı münasibət sərgiləyib. Əslində Ermənistanın özünə də bəllidir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində öz həllini tapmalıdır”.

İndiyə qədər ancaq Türkiyənin həmsədr olaraq ATƏT-in Minsk Qrupuna qoşulması məsələsinin müzakirə olunduğunu vurğulayan politoloqun sözlərinə görə, indi rəsmi şəkildə Almaniya və Türkiyənin vasitəçilər qrupuna qoşulması təklif olunub: "Düşünürəm ki, bu məsələnin ATƏT rəhbərliyi tərəfindən müzakirəyə çıxarılması çox müsbət haldır və nəticə gözləmək də olar. Çünki bu qrupa qoşulmaqla bağlı hər iki dövlətin istəyi var. Sadəcə olaraq, sual altında olan hazırda Minsk Qrupu həmsədrlərinin bu məsələyə münasibətidir”.

Şəymən