"Təhsildə fasiləsizlik prinsipinin həyata keçirilməsi baxımından çox müsbət addımdır"
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şəxslər üçün eksternat qaydada imtahanlar keçiriləcək.
Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə buraxılış imtahanı verərək həmin səviyyə üzrə müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
BŞTİ-nin əmrinə əsasən, eksternat imtahanları 7-8 yanvar 2019-cu il tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.
Eksternat imtahanlarla bağlı fikirlərini "Şərq”lə bölüşən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qayda hələ sovetlər dönəmində bir qədər fərqli formada mövcud olub:
"Məsələn, əvvəllər də 5-ci sinifdə təhsil alan şagirdin əgər fitri istedadı var idisə, eksternat imtahanı keçirməklə onu bir pillə yuxarı sinfə, yəni 5-dən 6-ya yox, birbaşa 7-ci sinfə keçirirdilər. Amma indi eksternat sistem bir az xarakterini dəyişib. Belə ki, müəyyən səbəblərdən orta məktəbi bitirmək imkanı olmayan şagirdlərə bu imtahandan keçməklə gələcəkləri üçün şərait yaradılır. Nəzərə alsaq ki, biz beynəlxalq təhsil sisteminə inteqrasiya edirik, boloniya sisteminə qoşulmuşuq, dünyanın müxtəlif təhsil təcrübələrini öyrənirik. Ona görə də belə bir imtahanın keçirilməsi vacibdir.
Təhsilin əsas prinsiplərindən biri də fasiləsizlik prinsipidir. Məsələn, ali məktəblərdə də tələbələrə müəyyən güzəştlər edilir. Kimsə ali məktəbin hansısa pilləsində müəyyən obyektiv-subyektiv səbəblərdən təhsilini yarımçıq qoyubsa, onlara da şans yaradılır ki, təhsillərini davam etdirsinlər. Bizim təhsil strategiyasında bu, ömürlük təhsil kimi öz ifadəsini tapıb. Deyək ki, əvvəllər ali təhsil almaq üçün müəyyən yaş məhdudiyyəti var idisə, indi o problem də aradan qaldırılıb. İnsanlara 40-50 yaşında ali məktəbə, ikinci dəfə digər bir ali məktəbə və yaxud ikinci ixtisas seçmək üçün xüsusi imkanlar verilir”.
Ekspert bildirib ki, əgər bir şəxs hansısa səbəbdən 9-cu sinifdə məktəbdən ayrılıbsa, bu o demək deyil ki, həmin insan məhdudiyyətdə qalmalıdır:
"Ona görə də həmin şagirdlər mövcud proqrama müvafiq olaraq imtahan verirlər. Əgər müəyyən olunursa ki, həmin kurs həcmində materialı mənimsəyibsə, yenidən ikinci dəfə imtahan verməklə öz biliklərini doğrultmağa şans yaradılır. Düşünürəm ki, təhsilin hamı üçün əlçatan olması, təhsildə fasiləsizlik prinsipinin həyata keçirilməsi baxımından çox müsbət addımdır. Burada həm də insan hüquqlarının təminatı var. Nə qədər imkan var, o imkanlardan bəhrələnmək üçün hər kəsə şərait yaradılmasını ancaq yüksək qiymətləndirmək olar”.
Yeganə Bayramova