"Avtobus qəzalarının səbəbini aidiyyatı qurumlar yaxşı bilir" - AÇIQLAMA




Avtobus sürücülərinin intizamsızlığı problemi dəfələrlə qaldırılıb. Lakin tədbir görülmür.


Bunu Sherg.az-a ötən gün sabunçu rayonunda baş verən avtobus qəzasının səbəblərindən danışarkən nəqliyyat eksperti Ərşad Hüseynov deyib. 

Onun sözlərinə görə, hadisənin nəticəsində ölüm faktı varsa, ümumi ictimai nəqliyyatda olan belə problemlər üzə çıxarılmalıdır: 

"Avtobus sürücüləri dolanmaq üzündən bəzən ciddi məsələlərə ötəri yanaşırlar. Avtobusların düzgün idarə edilməməsi qəzaların artmasına gətirib çıxarır. Piyadalara gəldikdə isə ümumiyyətlə, sanki yol hərəkəti qaydaları onlara aid deyil. Avtobus qəzalarının, ümumiyyətlə, ictimai nəqliyyatdakı çatışmazlıqların səbəblərini aidiyyatı qurumlar yaxşı bilir. Məsələn, ötən dəfə Bakı Nəqliyyat Agentliyinin rəhbəri də qurumun yaranmasının bir illik konfransında bu barədə geniş şəkildə məlumat səsləndirib, səbəblərini də açıqladı. 

Qurum rəhbəri dedi ki, qanunvericiliyə uyğun olaraq avtobus sürücüləri sosial təlimlər keçməlidir. Bundan əlavə onlar günlük qazancları çox olsun deyə belə mənfi hallara yol verirlər. Avtobus sürücüsü bu səbəbdən Bakıda intizamsızlıq etalonuna çevrilib. Səbəb isə onların pul qazanmaq istəyi sərnişin və piyadaların təhlükəsizliyini sual altına alır. Bunun qarşısını almaq üçün məlumat bazası yaradılmalı, o cümlədən, sürücülərlə mütəmadi treninqlər təşkil edilməlidir. Sovet dövründə bu işə dövlət nəzarət edirdi. Buna baxmayaraq yenə də indiki vəziyyət hökm sürürdü və qəza halları, məsuliyyətsizlik baş alıb gedirdi. Bu prosesin aradan qaldırılması uzun zaman tələb edir”.

Qeyd edək ki, dekabrın 25-də saat 07 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Balaxanı qəsəbə sakini Qabil Ələkbərov idarə etdiyi "Otoyol" markalı 105 saylı xətt avtobusu ilə yolu keçən Lerik rayon sakini Zəminə Əliyevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Aysel Aslan