"Bizdə verilişlər ona görə bayağı alınır ki, səmimiyyət yoxdu"

Murad Arif: "Xarici televiziyalarda gedən şounun arxasında onlarla burnufırtıqlı deyil, peşəkar, dünyagörüşlü redaktorlar, ssenaristlər işləyir"



"Bizdə isə necədir? Təcrübəsi olmayan biri layihə ilə televiziyaya gəlir, pulunu verir, çıxır efirə. Peşəkarlıq yox, televiziya təcrübəsi yox, ancaq aparıcılıq edir"
Televiziya böyük təsir gücünə malik geniş tribunadır. Əslində teleməkanı güclü təbliğat maşınına da bənzətmək olar. Ona görə də bu təbliğat mexanizmindən düzgün istifadə etmək vacibdir. Təəssüf ki, bu gün yerli telekanallar televiziyanın təsir gücünü, onun məsuliyyətini dərk etmirlər, ya da dərk etmək onların maraqları çərçivəsində deyil. Televiziya sosial mesajların kütləvi şəkildə ünvanlanmasında böyük rol oynaya bilər, eyni zamanda oynayır. Bəs teleməkanımızda televiziyalar, ayrı-ayrı verilişlər hansı sosial mesajları ünvanlamağa meyilli olublar. Nə yazıq ki, bəzən bilərəkdən, bəzən də naşılıqdan, qeyri-peşəkarlıqdan teleməkanlarda əxlaqsızlıq, bayağılıq, bəsitlik təbliğ edilir. 

Hər bir layihə tamaşaçıya təqdim olunmazdan öncə verilişin yaradıcı heyəti, layihə rəhbərindən, aparıcısından tutmuş redaktoruna qədər ilk növbədə bu sualı cavablandırmalıdırlar. Biz tamaşaçıya bu veriliş vasitəsilə nəyi, hansı sosial mesajı çatdırmalıyıq? Tamaşaçı bu verilişi izləyərkən hansı məlumatları, informasiya və bilgini əldə edə bilər. Verilişin məqsədi nədir? Çox təəssüflə qeyd edək ki, yerli teleməkanımızda təqdim olunan verilişlərin böyük əksəriyyəti məqsədsiz, sosial mesajsız, sadəcə efirdə şit hərəkətlər, şou adı altında çirkin mövzular və hərəkətlərlə veriliş saatını doldurmağa çalışırlar. Bəs tamaşaçı necə, bu kimi bayağılığı izləməyə məcburdumu? Və ya bir az cahil tamaşaçı bu bayağılığı izləməklə nə qazanmış olur? Axı televiziya elə ciddi bir industriyadır ki, sən burdan kütləyə, onların intellektual səviyyəsinə təsir edə bilərsən. Bizdə televiziyanın məqsədi və vəzifələri kimsəni maraqlandırmır sanki… Reytinq xatirinə ən cılız, estetikadan kənar, əxlaqdan uzaq hərəkətlərə belə imkan yaradırıq ki, təki reytinq qazanaq. Bu isə həmin verilişlərin redaktorundan, aparıcısından tutmuş digər məsul şəxslərə qədər olan hər bir qeyri-peşəkar mühitin nəticəsidir. Təsadüfi, televiziyadan xəbərsiz aparıcı kütlə qarşısına çıxarılır, kimisi bayağı danışığı, kimisi şit zarafatları, kimisi də təhsilsiz olmasına baxmayaraq millətə ədəb-ərkan, əxlaq dərsi keçməklə özünü ağıllı hesab edirsə, bu cəmiyyətin sonu hara gedib çıxar?

Bəli, dünyanın hər yerində televiziyalarda, verilişlərdə şou tipli hərəkətlərdən, şou tipli əlavə detallardan istifadə təcrübəsi mövcuddur. Amma şou adı altında tərbiyəsizlik, əxlaqsızlıq, qeyri-estetik hərəkət və danışıqla tamaşaçı qarşısına çıxmaq professionallıq deyil. Amerika dünyanın ən inkişaf etmiş dövlətləri sırasındadır. Onların da teleməkanlarında şou xarakterli verilişləri izləmək mümkündür. Hətta Amerikanın keçmiş prezidenti Barak Obamanı verilişə dəvət edən aparıcı prezidentin qonaq olduğu verilişdə də şou elementlərindən istifadə edir. Bu, dünya televiziya məkanınıda normal qəbul olunur. Amma bizdə yerli teleməkanın bugünkü görünüşü, rəngi, təqdimatı o qədər cılız maraqlara, ucuz əyləncələrə köklənib ki, teleməkan bazarı, bazardaxili ucuz qalmaqallı dava-dalaşı, həyətlərdə oturub qeybət qılan küçə danışığını xatırladır.

Əslində kifayət qədər ciddi problemlə üz-üzə dayanmışıq. Cəmiyyətin ən ciddi təbliğat mexanizmi olan teleməkanın bu qədər ucuz və bayağı görünüşlü ziyalıların, peşəkar televiziyaçıların da narahatlığına səbəb olub.

Yerli telekanallarda olan bugünkü qeyri-estetik, bayağı mənzərə barədə tanınmış teleaparıcı, şoumen Murad Arif danışdı: «Əslində kontekstdən çıxsaq, dünyanın bütün ölkələrinin teleməkanlarında bu kimi məqamlara rast gəlinir. Sadəcə, xarici ölkələrlə müqayisə etmək doğru deyil. Amerikada aparıcı Elian şpaqat açdı. Mən də Vann Damı cağırım efirimə, hoppanım, düşüm. O belə olmamalıdır. Sən əgər xarici kanallardan nəsə oğurlayıb kopyalayırsansa, bunu niyə belə çirkin təqdim edirsən? Şit zarafatlardansa, daha estetik şəkildə də kimdənsə nəsə götürmək mümkündür. Amerikada şpaqat açdılar, biz də etdik. Mən kiməsə söz atmıram. Mətanəti çox istedadlı, potensiallı televiziyaçı kimi qəbul edirəm. Bir aparıcı kimi onu çox sevirəm. Bu insan təsadüfi televiziyaya gələn biri deyil. Sadəcə, biz istənilən xoreoqrafik hərəkəti təqdim edə bilərik. Problem bu deyil. Problem etdiyin hərəkətin nəyə görə edilməsidir. «Bu hərəkəti niyə etməliyəm» sualına cavab varsa, bunu edə bilərsən. Təbii ki, istisnalar da olur. Barak Obama Eminin qonağı olur. Pərdə açılır, həzin bir musiqi səslənir. Aparıcı yellənir. Obama da musiqinin sədası altında yellənir. Aparıcı Obamaya yaxınlaşır, onlar bir yerdə yellənirlər. Əyləşən 100-200 insan da o musiqinin və görünütünün təsirinə düşür. Əslində bunda heç bir sosial mesaj yoxdu. Amma maraqlı alındı. Bunu biz də edə bilərik. Problem oynamaqda deyil. Bizdə ona görə bayağı alınır ki, səmimiyyət və digər elementlər yoxdu. Mən izah edim. Həmin adı gedən şounun arxasında onlarla burnufırtıqlı deyil, peşəkar, dünyagörüşlü redaktorlar, ssenaristlər işləyir. Halbuki təqdim edilən hər bir zarafat, məzəli atmaca, ifadə əvvəlcədən ssenariyə daxil edilir, yazılır. Burda professional televizyonçuluq dayanır. Eləcə də Rusiyada təqdim olunan istər ciddi, istərsə də şou xarakterli verilişləri götürək. Verilişə siyasət adamını çağırırlar, burda da maraqlı şou elementlərindən bu və ya digər şəkildə istifadə edilir. Amma maraqlı və estetik şəkildə. Bu verilişləri hazırlayanda böyük komanda çalışır. Efirə naşı birinə belə gətirirlərsə, onunla çalışırlar. Deyək ki, aparıcının maraqlı xarizması var, şou yarada biləcək potensiala malikdir. Amma onun arxasında peşəkar bir heyət dayanır, ifadələri, deyəcəyi sözlər, suallar əvvəlcədən redaktorlar tərəfindən hazırlanır. Ssenarist maraqlı ssenari ilə aparıcını tamaşaçı qarşısına çıxarır. Bu, stilistikadır. Bizdə isə necədir? Təcrübəsi olmayan biri layihə ilə televiziyaya gəlir, pulunu verir, çıxır efirə. Peşəkarlıq yox, televiziya təcrübəsi yox, ancaq aparıcılıq edir. Çağırır iki meyxanaçını, ya da aşığı bayağı danışıqlarla, mənasız söhbətlərlə efiri doldurur. Ya da savadsız vayneri efirə dəvət edir, mənasız söhbətləri məzhəkəyə çevrilir. Bu, peşəkarlıq deyil. Tabloya baxanda tamaşaçı olaraq istər-istəməz adamda qıcıq yaranır. Murad Dadaşovun vaxtilə aparıcılığı ilə «Nərd şou» təqdim edilirdi. 

Zülfiyyə Xanbabayevanın başına lazım gələndə su tökürdü, Aygün Kazımovanı ilan-qurbağa ilə dolu olan şüşə dolaba salırdı, ya Faiq Ağayevi trinajorun üzərinə çıxararaq oxudurdu. Mətanət İsgəndərlinin üstünə rəngli boya tökürdü. Amma bunlar elə-belə alınmayıb. Hər biri qonağın xarakterinə uyğun hesablanıb. Hansı şou elementini hansı məşhurla etmək daha maraqlı və estetik görünə bilər. Yəni bunlar şou elementləri deyil ki? Xarici şou proqramlarda da bunlar var. Sadəcə, bu verilişin 4-5 ssenaristi, bir neçə peşəkar redaktoru var idi. Murad Dadaşov bunu peşəkar şəkildə təqdim edə bilirdi. Onlar o zarafatın arxasında peşəkar iş ortaya qoyaraq maraqlı şou təqdim edirdilər. İndi isə efirlərdə bayağılıq o qədər çoxalıb ki, mən özüm aparıcı olaraq efirdən iyrənirəm. Maraqlı layihədə hər element vacib sayılır. Verilişin maraqlı dekorasiyası, səhnə estetikası hesablanmalı, veriliş əvvəldən sona qədər peşəkar rejissor mizanı ilə ölçülməlidir. Bizdə indi nə təqdim edirik? Hansısa ruhi xəstəxanadan çıxan biri "Vann Dam" olub efirə çıxarılır. Bunun üstündə düşük şou təqdim edirlər. Bu, həqiqətən biabırçılıqdı. Mən bunları gördüm deyə son aylar aparıcılıqdan imtina etdim, verilişdən getdim. Utandım aparıcı olmağa. Çünki çox çirkin mühitdə olmaq, görünmək istəmirəm. Artıq bir neçə aydır Murad Arif heç bir verilişə qonaq getmir. Çünki səviyyəli veriliş tapa bilmirəm. Peşəkar televiziyaçı olduğum üçün bu mənzərə mənə pis təsir edir. Verilişdə müğənninin birinin həyatını götürüb onu müzakirə etmək nə qədər davam edər. Bizim teleməkanlar müğənninin ərinin axtarışında olmağı, «uşağının atası kimdir» sualı ilə həftələrlə reytinq toplamağı peşəkarlıq hesab edir. Bu, televiziyanın məqsədi, yolu ola bilməz. Televiziya kütləni maarifləndirməyə, məlumatlandırmağa, tərbiyələndirməyə, eyni zamanda əyləndirməyə borcludur. Bu, televiziyanın vəzifəsidir. Bizdə televiziyalar yalnız ucuz, şit qalmaqallar hesabına reytinq qurbanı olmağa və çürük qozu xatırlatmağa başlayıblar».
Yeri gəlmişkən, teleməkanlarda uşaqların da psixologiyasına xələl gətirə biləcək verilişlər var ki, onlara də nəzarət gücləndirilməlidir. Uşaqların efirə baxdıqları saatlar nəzərə alınmır, uşaq verilişləri uşaq psixologiyasına uyğun hazırlanmır. Bizdə isə bunlara nəzarət aşağı səviyyədədir. Nəticədə də cəmiyyətə xəstə təfəkkürlü uşaqlar yetişdirmiş oluruq. Bununla bağlı Milli Məclisdə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva maraqlı təkliflərlə çıxış etmişdi. Uşaqların zərərli informasiyalara, əsasən, internet resurslarında məruz qaldığını bildirən millət vəkili onların bu resurslarda zərərli informasiyadan qorunması üçün ciddi addımların atılmasının və bunun qanunda öz əksini tapmasının vacibliyini vurğulamışdı. Bir çox valideyn və müəllimin çağırış və təkliflərini səsləndirdiyini dilə gətirən millət vəkili bildirmişdi ki, bu gün məktəblərimizin ətrafı demək olar ki, internet-kafelərlə sarılıdır və həmin məkanlarda uşaqların zərərli məlumatlardan qorunması üçün heç bir şərait yoxdur.

Qənirə Paşayeva qanunda televiziya, radio kanallarının üzərinə düşən məsuliyyətlə bağlı maddələri tam dəstəklədiyini deyərək bildirib ki, uşaqlar bəzi hallarda televiziyalardan da zərərli informasiyalar alırlar və onların qorunması üçün qanunda nəzərdə tutulan maddələrin həyata keçməsinə ciddi nəzarət mexanizmləri olmalıdır.

 Millət vəkili uşaqlarla bağlı, onların dünyagörüşünün zənginləşməsinə, tərbiyəsinə, maariflənməsinə, səviyyəli şəkildə əylənməsinə xidmət edən verilişlərin artmasının da qanunda əksini tapmasını istəyib. O bildirib ki, uşaqların zərərli informasiyalardan qorunması yolları ilə bağlı təhsil müəssisələrində uşaqların geniş maarifləndirməsinə böyük ehtiyac olduğu qədər, televiziya, radio kanallarında, bir sözlə, bütün media qurumlarında buna yer ayrılmalıdır və bu, qanunda əksini tapmalıdır.

Tahirə Məmmədqızı